Ərdoğan: Azərbaycanın artan nüfuzu qürurvericidir

8-02-2024, 09:17 25 dəfə baxılıb

Ərdoğan: Azərbaycanın artan nüfuzu qürurvericidir


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Azərbaycanda keçirilən seçkilərdən inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubunda dövlətimizin başçısına türk milləti və şəxsən öz adından səmimi təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”.

Türkiyə Prezidenti seçkilərdə zəfərin həm qardaş Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını diləyib, dövlətimizin başçısına ali vəzifəsində müvəffəqiyyətlər arzulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR