Rabitə və Nəqliyyat Kollecində tələbələr təhdid edilir

18-04-2016, 12:56 835 dəfə baxılıb

Rabitə və Nəqliyyat Kollecində tələbələr təhdid edilir












Direktor Bəxtiyar Bəxtiyarov kollecdə baş verən neqativ hallar barədə mətbuata açıqlama verən tələbələrə hədə-qorxu gəlib

Etiraf etmək lazımdır ki, son vaxtlar fəaliyyətləri barədə kütləvi informasiya vasitələrində tənqidi materiallar dərc olunan müəssisə və təşkilat rəhbərləri tərəfindən məsələyə qeyri-adekvat reaksiya verilməsi hallarına tez-tez rast olunur. Səbəb isə budur ki, həmin şəxslər yol verdikləri neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görə bilmirlər və yaxud da, görmək istəmirlər. Dünən daxil olmuş növbəti məlumatda da, belə bir vəziyyətin hazırda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yaşandığı bildirilir. Qeyd edək ki, bu yaxınlarda redaksiyamıza həmin kollecin bir neçə tələbəsi müraciət edərək, bu təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallar barədə açıqlama təqdim etmişdilər. Aldığımız məlumatlar əsasında hazırladığımız yazıda da biz göstərmişdik ki, bir müddət əvvəl Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuş, onun əvəzinə isə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən Bəxtiyar Bəxtiyarov direktor vəzifəsinə təyin edilmişdi. Bizə təqdim olunan açıqlamalarda isə, bu dəyişikliyin kollecinin fəaliyyətində heç bir müsbət nəticəyə səbəb olmadığı vurğulanırdı. Belə ki, aldığımız məlumatlarda kollecdə yenə də çeşidli qanun pozuntularının, müxtəlif korrupsiya hallarının baş alıb getməsindən bəhs edilir, bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğu önə çəkilirdi. Burada diqqət ediləsi əsas məqam da bundan ibarət idi ki, açıqlamalar bizə kollecin tələbələri tərəfindən təqdim olunmuşdu. İlk növbə elektron ünvanımıza kollecdə “Gömrük işi” ixtisası üzrə təhsil alan tələbə Camalov Cəlal tərəfindən təqdim olunmuş ərizədə deyilirdi ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanlarda haqsızlıqlara yol verilir. Şikayətçi tələbənin sözlərinə görə, imtahanda iştirak edən nəzarətçilər, Ceyhun və Şahin adlı müəlimlər tələbələrin imtahanı sərbəst və obyektiv şəkildə verməsinə mane olur və səbəbsiz yerə tələbələri imtahandan kənarlaşdırırlar. Həmçinin Cəlal Camalov vurğulamışdı ki, o, baş verənlər barədə kollecin direktoru Bəxtiyar Bəxtiyarova məlumat vermək istəsə də, direktor insan şəxsiyyətinə toxunan ifadələr işlədərək tələbə ilə çox kobud danışmış və onu otağından qovmuşdur. Eyni zamanda da oxşar ittihamlar Həsənov Hatəm, Məhərrəmov İxtiyar və daha bir neçə başqa tələbələr tərəfindən təqdim olunan ərizələrdə də öz əksini tapıb. Açıqlamalarda bildirilirdi ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb və imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilib. Məhz bu səbəbdən də tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin iddialara görə, kollecdə imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur.
Beləliklə, bütün bu ittihamlar ötən saylarımızdan birində dərc etdiyimiz yazıda öz əksini tapmışdı. Dünən isə, redaksiyamıza kollecin direktoru Bəxtiyar Bəxtiyarovun bu xüsusda atdığı addımlar barədə yeni informasiya daxil olub. Mənbə bildirir ki, direktor qəzetimizdə adları çəkilmiş tələbələrdən məqalədə qeyd olunmuş məqamları təcili təkzib etmələrini tələb edib. Əks halda isə, Bəxtiyar Bəxtiyarov həmin tələbələri kollecdən qovacağı ilə hədələyib.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR