Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir

22-05-2025, 20:27 20 dəfə baxılıb

 Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir



Azərbaycan–Macarıstan münasibətləri 1990-cı illərin əvvəllərində qurulsa da, onların strateji mahiyyət qazanması son on ildə müşahidə edilir. 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildə bunun genişləndirilmiş forması artıq təkcə diplomatik akt deyil, iki dövlətin qarşılıqlı maraqları və uzunmüddətli niyyətlərini ifadə edən konseptual çərçivəyə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş, təhsil və humanitar sahələrə qədər əməkdaşlıq spektri bu tərəfdaşlığın dərinliyini nümayiş etdirir.
Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Macarıstanın Avropa İttifaqı daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.
Macarıstanla enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa enerji bazarında artan rolunu təsdiqləyir. “Cənub Qaz Dəhlizi” layihəsində Macarıstanın iştirak niyyəti, “yaşıl” enerji layihələrinə qoşulması və dörd ölkənin birgə imzaladığı strateji saziş bu əməkdaşlığın təkcə ticarət deyil, strateji aspektlərini də gücləndirir. Xəzər küləklərindən Qara dənizin dibi ilə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil – bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir. Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də “yaşıl” enerjiyə keçidi sürətləndirir.
İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir.
SOCAR ilə “MVM”, “MOL” və digər iri macar şirkətləri arasında imzalanmış müqavilələr isə enerji və sənaye sahəsində real iqtisadi modelin qurulduğuna dəlalət edir. Həmçinin dərman istehsalı, kosmik texnologiyalar, azad iqtisadi zonalarda əməkdaşlıq dost ölkənin texnoloji potensialından Azərbaycanda istifadə olunmasının başlanğıcıdır.
Macarıstanın “Stipendium Hungaricum” proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbəyə təhsil imkanı yaratması, Macaristanda Nizami Gəncəviyə büst ucaldılması, Azərbaycan Dillər Universiteti və ELTE-də mədəniyyət mərkəzlərinin açılması əməkdaşlığın mədəni və humanitar səviyyədə də strateji xarakter daşıdığını göstərir. Bunlar sadəcə jestlər deyil. Bunlar xalqların bir-birinə inteqrasiya etməsinin, yaxınlaşmasının dərinləşməsi üçün atılmış səmimi addımlardır. Bu mühit isə həm mədəni diplomatiyanın, həm də uzunmüddətli qarşılıqlı hörmətin təməlidir.
Macarıstanın 2023-cü ildə qəbul etdiyi “Suverenliyin Qorunması Aktı” ölkənin siyasi sistemində xarici müdaxilələrə qarşı dirəniş ruhunu əks etdirir. Maraqlıdır ki, bu qanunun fəlsəfəsi Azərbaycanda da müstəqil qərarvermə və daxili sabitliyin qorunması yönündə aparılan siyasətlə üst-üstə düşür. Bu yaxınlaşma iki ölkə arasında siyasi dəyərlərin uyğunluğu baxımından əhəmiyyətlidir. Xarici təsirlərə qarşı institusional dayanıqlığın artırılması hər iki ölkənin strateji müstəqilliyini qorumaq üçün əhəmiyyətli amildir.
Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu və Budapeştdəki Nümayəndəlik Ofisinin fəaliyyəti, bu ölkənin özünü həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövləti kimi təqdim etməsi artıq diplomatik poetika deyil – bu, geo¬siyasi amildir.
Viktor Orbanın Şuşaya səfəri və Macarıstanın TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirakı onu göstərir ki, bu ölkə Avropa ilə Türk dünyası arasında körpü rolunu oynamaq niyyətindədir. Azərbaycan isə bu körpünün təməlində dayanan mühüm aktordur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR