
İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.
Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır."
loading...