Bakı qarşı duran qlobal güclərin görüş məkanı rolunda - TƏHLİL

13-12-2018, 10:20 191 dəfə baxılıb

Bakı qarşı duran qlobal güclərin görüş məkanı rolunda - TƏHLİL


Dünən NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib. K.Skaparrotti dekabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda bildirib ki, Bakı NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkandır, Azərbaycan artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi edir və bu böyük əhəmiyyətli hadisədir.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşə münasibət bildirib. Musavat.com-un məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Bakıda belə bir görüşün keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir: “Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib”.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: “Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb”.

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Bakıda NATO generalı ilə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi arasında keçirilən görüş sayca üçüncüdür: “İlk dəfə 2017-ci ilin sentyabrında belə bir görüş keçirilmişdi. 2018-ci il aprelin 20-də isə ikinci görüş keçirildi. 2017-ci ilin fevralında ABŞ-ın birləşmiş silahlı qüvvələrinin qərargah rəisi ilə də Rusiyanın silahlı qüvvələrinin baş qərargah rəisi arasında Bakıda görüş baş tutmuşdu. İndi Bakıda keçirilən görüş də bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu o qədər güclənib, Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə elə böyük töhfələr verib ki, hətta bir-biri ilə qarşıdurma vəziyyətində olan tərəflər də öz aralarındakı münasibətləri aydınlaşdırmaq üçün, eyni zamanda qlobal təhlükəsizlik problemlərini müzakirə edib çıxış yolları axtarmaq üçün daha Vyananı, Cenevrəni və digər bu kimi şəhərləri deyil, məhz Bakını seçirlər. Burada heç təsadüf yoxdur. Birincisi ona görə bu addımları atırlar ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin yeritdiyi siyasət kursu ulu öndər Heydər Əliyevin müəyyən etmiş olduğu xarici siyasət kursunun davamıdır. Bu kurs müxtəlif güc mərkəzlərini Azərbaycana bərabər məsafədə saxlamasını şərtləndirən bir kursdur. İlk növbədə Azərbaycanı beynəlxalq əməkdaşlıq məkanına çevirən bir kursdur. Bu kurs Azərbaycanı, onun paytaxtını əməkdaşlıq məkanına çevirib, Azərbaycanın beynəlxalq miqyasda imicini yüksəldib”.

E.Nəsirov vurğuladı ki, Bakıda görüş keçirən NATO tərəfi ilə Rusiya arasında münasibətlər heç zaman olmayan səviyyədə pisləşib: “NATO ölkələri Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edir. Bu reallıqlar fonunda ikitərəfli münasibətlər sahəsində, eyni zamanda beynəlxalq aləmi narahat eləyən məsələlərlə bağlı belə bir görüşün keçirilməsi nəticə etibarilə Azərbaycan paytaxtını bir sülh mərkəzinə, təhlükəsizlik mərkəzinə çevirir. Hər belə görüşdən sonra bir-biri ilə ziddiyyətli olan bu iki tərəf arasında münasibətlərdə bir yumşalma əldə edilir və bir müddət münasibətlərdə mülayimləşmə tendensiyası müşahidə olunur. Bu da Azərbaycanın oynadığı rolun ifadəsidir”.

Politoloq Elçin Mirzəbəyli bildirib ki, bu görüş kifayət qədər önəmli bir dövrə təsadüf edir və müzakirə olunacaq məsələlərin sayı da kifayət qədər çoxdur. Onun sözlərinə görə, ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin əsas səbəbləri Azərbaycan prezidentinin beynəlxalq nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir: “Artıq “Nə üçün Bakı" sualına heç kim cavab axtarmır. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün çox çətin mərhələlərdən, kataklizmlərdən keçib. Regional miqyaslı təsirlərdən dünya miqyaslı, kütləvi tədbirlərin təşkilinədək çox önəmli mərhələləri uğurla adlayıb. Bakı bütün kriteriyalarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib".

Politoloq əlavə edib ki, bu görüş ölkəmiz üçün siyasi əhəmiyyətə malikdir: “Görüşün Azərbaycan üçün siyasi əhəmiyyəti növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır. Görüş NATO üzvü olan ölkələr və Rusiya, bütövlükdə dünya üçün də mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə müzakirə olunan məsələlər bəşəriyyəti narahat edən məsələlərdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR