Mədəniyyətin yaşlı rəhbərləri: Ən gənci 71-i haqlayıb - SİYAHI

29-10-2019, 08:50 221 dəfə baxılıb

Mədəniyyətin yaşlı rəhbərləri: Ən gənci 71-i haqlayıb - SİYAHI

Yaşlı nəslin yerini gənc kadrlara verməsinə dair ölkə Prezidenti İlham Əliyevin çağırışı cəmiyyətdə geniş müzakirə olunur.

Yaşlı kadrlar təkcə dövlət vəzifələri tutmur, bir sıra ictimai birliklərin rəhbərliyində də xeyli yaşlı kadrlar təmsil olunur. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin 81 yaşlı Anar Rzayev növbəti qurultayda da sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Cebhe.info Azərbaycanda mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai birliklərin rəhbərliyində təmsil olunan şəxslərin yaşını araşdırıb.

Azərbaycan Bəstəkarlar İttifaqı 30 iyun 1934-cü ildə yaradılıb. İttifaqa 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936-1948) rəhbərlik edib. 2007-ci ildən bu günə kimi ittifaqın sədri Firəngiz Əlizadədir. Firəngiz Əlizadə 1947-ci il mayın 28-də anadan olub (72 yaş). Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun "Sülh artisti", 2000-ci ildən Azərbaycan Respublikasının Xalq artistidir.

Azərbaycan Memarlar İttifaqı 1936-cı ildə yaradılıb. 2012-ci il noyabrın 6-dan Elbay Qasımzadə ittifaqın sədridir. Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olub (71 yaş). 1990-cı ildən Azərbaycan SSR Əməkdar memarı fəxri adını alıb, 1989-2001-ci illərdə isə Bakı şəhərinin baş memarı olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə iyunun 21-də "Nizami" Kino Mərkəzində "Kino və konseptual problemlər" mövzusunda keçirilmiş tədbirdə yaradılıb.

İttifaqa Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir. Şəfiqə Məmmədova 1945-ci il martın 30-da doğulub (74 yaş). 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.1974-cü il 1 iyunda Azərbaycanın Əməkdar artisti, 1982-ci ildə SSRİ Xalq artisti adını alıb. 2013-cü il 25 iyun “Şöhrət” ordeni, 2018-ci il 22 may “Cəfər Cabbarlı” mükafatlarına layiq görülüb. 1995-2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub.

Azərbaycan Rəssamlar İttifaqı 1932-ci ildə yaradılıb. İttifaqın sədri Xalq rəssamı Fərhad Xəlilovdur. Fərhad Xəlilov 1946-cı il (73 yaş) oktyabrın 26-da anadan olub. İlk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində alıb. 1969-1975-ci illərdə Moskva poliqrafiya institutunda öz təhsilini davam etdirib. 1987-ci ildə ittifaqın sədri seçilib.

Azərbaycan Teatr Xadimləri İttifaqı 1897-ci ildə yaradılıb. Sədri 2014-cü il iyunun 23-dən Xalq artisti, professor Azər Paşa Nemətdir. Azərbaycan Teatr Xadimləri İttifaqının hələlik son, XIV konfransı 2019-cu il oktyabrın 22-də keçirilib və Azər Paşa Nemət təkrar sədr seçilib. Bu isə Xalq artisti Afaq Bəşirqızının etirazı ilə qarşılanıb və o, iclas zalını tərk edib.

Azər Paşa Nemət 1947-ci ildə 13 avqustda (72 yaş) Bakı şəhərində anadan olub. 18 iyul 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissorudur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR