Dövlət Komitəsinə qarşı İTTİHAM: - "Uşaqlara qarşı zorakılığın..."

3-12-2019, 14:24 335 dəfə baxılıb

Dövlət Komitəsinə qarşı İTTİHAM: - "Uşaqlara qarşı zorakılığın..."


Bu ilin 9 ayı ərzində Azərbaycanda uşaqlara qarşı zorakılıqlar nəticəsində 159 cinayət törədilib. Bu rəqəmi daxili işlər nazirinin müavini Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransdakı çıxışında deyib. Nazir müavini 266 şəxsin də uşaqlara qarşı cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunduğunu diqqətə çatdırıb. Oruc Zalov bundan əlavə, görülən işlər sayəsində uşaqalra qarşı törədilən cinayətlərin 24, cinsi azadlıqların əlindən alınmasının 38 fakt azaldığını da qeyd edib.

Uşaqlara qarşı 159 zorakılıq cinayəti Azərbaycan üçün böyük rəqəmdirmi? Ümumiyyətlə, ən çox hansı ailələrdə yetkinlik yaşına çatmayan uşaqlara qarşı zorakılıq baş verir?

“Vətəndaş” ictimai birliyinin sədri, hüquqşünas Günel Səfərova Lent.az -a BMT-nin uşaq hüquqları haqqında Konvensiyasının ölkəmizdə tam icra olunmasında bir sıra problemlər qaldığını bildirib:

“Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun BMT-nin uşaq hüquqları haqqında Konvensiyası və işdən asılı olaraq digər məcəllələrlə tənzimlənir. Ancaq BMT-nin Konvensiyasına əsasən üzərimizə götürdüyümüz öhdəlikləri icra etməkdə problemlər var. Azərbaycanın "Uşaq hüquqları haqqında" qanunu köhnəlib, lakin qanunları yeniləmək də problemlərin həlli deyil. Konvensiyadan irəli gələn bir sıra məsələlərə riayət edilməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu baxımdan çox zəif bir qurumdur. Demək olar ki, formal tədbirlərdən başqa heç bir iş görmürlər. Uşaqlara qarşı zorakılıqlar əsasən risk təşkil edən ailələrdə olur. Hansısa ailədə məişət zorakılığı baş verirsə, polisə məlumat verilir və icra orqanı da həmin ailəni risk qruplu ailələr sırasına daxil edir. Ancaq "onun monitorinqi necə aparılır və ya aparılırmı?" Bu da sual altındadır. Təcrübəmdən bilirəm ki, bu proses çox zəif aparılır.

Uşaqlara qarşı zorakılıq yalnız ailədə deyil, cəmiyyətdə də baş verir. Uşaqların cinsi zorakılığa məruz qalması ilə bağlı Avropa Şurasının Konvensiyası var. Orada qanunvericiliyin sərtləşmə, uşaq zorakılığına qarşı tədbirlər aparılması əks olunub. Yetkinlik yaşına çatmayan uşağın özünü müdafiə etmək qabiliyyəti formalaşmadığı üçün ona qarşı cinsi zorakılıq törədən şəxslər ciddi cəzalandırılmalıdır”.

Günel Səfərova ölkədə hələ də zorakılığa məruz qalan uşaqlar üçün dövlətin sığınacaq yaratmamasından da söz açıb:

“Qoşulduğumuz bütün konvensiyalarda, beynəlxalq qanunlarda da uşaq hüquqlarının yeganə təminatçısı dövlət və dövlət strukturlarıdır. Düzdür, Konstitusiyada göstərilir ki, uşaqların təlim-tərbiyəsinə məsul olan ilk qurum ailədir. Ancaq ailədə problem varsa, məsul olan qurum dövlətdir. Dövlətin də icra mexanizmi zəif olduğundan, uşaqlara qarşı zorakılıq həddi yüksəkdir. 2011-ci ildə "Məişət zorakılığı haqqında" qanun qəbul edilib. Ancaq dövlət bir dənə də olsun zorakılığa məruz qalanlar üçün sığınacaq təsis etməyib. Çalışırıq ki, İstanbul Konvensiyası qəbul edilsin və qadınların hüquqları formalaşdırılsın. Çünki, əgər ailədə ana zorakılığa məruz qalırsa, mütləq şəkildə uşağa da zorakılıq edilir. 300 minlik bir bölgədə 3 nəfərlik icra komissiyası uşaq hüquqlarını necə müdafiə edə bilər? İndiyə qədər kimin evinə icra nümayəndəsi gəlib ki, ailədə uşaqlara qarşı necə davranıldığını öyrənsin? Cavab aydındır, heç kimin. Ola bilər ki, gələcəkdə uşaq hüquqlarının müdafiəsi ilə “Asan Xidmət”in, “DOST”un, yaxud Əmək və Əhalinin Sosial Mmüdafiəsi Nazirliyinin tərkibində hansısa qurum fəaliyyət göstərsin və bəlkə o zaman zorakılıq rəqəmləri azalar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR