Pul xatirinə "qohumluq" və ya özünü parça-parça satanlar - "Qanunda boşluq yoxdur"

4-07-2020, 14:52 95 dəfə baxılıb

Bir çox saytlarda insan orqanlarının satışı ilə bağlı elanlarla qarşılaşırıq. Koronavirusun dünyanı cənginə aldığı bir dövrdə, karantin şəraitində də orqan satışı haqda düşünənlər var. Əsasən iki saytda yer alan məlumatları incələdikdə məlum olur ki, eyni şəxslər bir neçə aydır eyni tip elanı bu saytlara yerləşdirirlər.

Sputnik Azərbaycan bu şəxslərlə əlaqə saxlayaraq, orqan satışının hansı məcburiyyətdən doğduğunu və bunun qanuni, yaxud qanunsuz olduğunu araşdırmağa çalışıb.

Uşaq evində böyüdüyünü deyən həmsöhbətimiz ehtiyacdan bu yola əl atdığını söyləyir:

"Uşaq evində böyümüşəm, atam mən körpə ikən anamdan ayrılıb, heç onu tanımıram da. Çətin günlərim çox olub. Amma hər zaman çörəkpulu qazanmışam. Hazırda da işləyirəm, bir-iki aya övladım olacaq. Amma indiki qazancımla övladımı saxlamaq, onun üçün doğum xərclərini qarşılamaq mənim üçün mümkünsüzdür, çünki çox imkansızam".
"Böyrəyiniz sağlamdırmı?" sualını isə həmsöhbətimiz bu şəkildə cavablandırıb: "Sağlam nədir, böyrəyim superdir. Belə bir böyrək yoxdur. 50-60 minə satmıram, imkansızam, təcili pula ehtiyacım var deyə 20 minə satıram".

Mətləbə gəlib çatanda, qanunvericiliklə qeyri-qanuni hesab edilən bu əməliyyatı necə icra etməyə gəldikdə isə həmsöhbətimiz bunun da bir yolunun olduğunu deyir: "Bunun üçün xəstəxanalarla maraqlanmaq lazımdır. Bildiyimə görə, şəxsin razılığı varsa, qohum olmayan biri də donor ola bilər".

İmkansızlıqdan hələ ki rəsmi nikahının olmadığını deyən kişinin sözlərinə görə, yalnız birgə yaşadığı qadın, yəni yaxın aylarda övladını dünyaya gətirəcək şəxs bu məsələdən xəbərdardır və böyrəyini satmaqla bağlı razılığı var.

Satıcı adlandıra biləcəyim digər şəxs böyrəyini imkansızlıqdan satdığını deyir. O, həmçinin qaraciyərini də satır. Deyir ki, istəyən olsa, qiymətdə endirim də edə bilər: "Böyrəyimin qiyməti 20 mindir, 17 minə verərəm: "Səhhətim yaxşıdır, siqaret çəksəm də, heç zaman araq və digər zərərli içkiləri içməmişəm".

"Qohumluq bağı olmadan belə bir qeyri-qanuni əməliyyatı icra etmək mümkündürmü?" sualına cavab olaraq isə danışdığımız şəxs bunu etməyin bəlli yolunu bildiyini deyib. Təbii ki, təbliğat olmasın deyə, biz bu nüansların üstündən keçirik: "Tanıdığım bir həkim var, sizə dediyim işi icra etdikdən sonra həmin həkim bu əməliyyatı edəcək".

Onun sözlərinə görə, həkim azərbaycanlı olsa da, burada işləmir. Yəni əməliyyat başqa bir ölkədə icra olunacaq: "Bu proseduru necə etməyin yolunu bilirəm. Artıq bir adamla tam olaraq razılaşmışdıq. Sadəcə olaraq məndə 3, onda 2 damar söhbəti deyə bir şey vardı. Bir uyğunsuzluq oldu, bu səbəbdən də alınmadı".

"Lap sizinlə açıq danışım. Maşın alveri ilə məşğulam. Bir dostum məndən 10 min oğurladı, işim də çətinə düşdü, 13 min borca girdim. Bir sözlə, bankrot oldum. İndiki qazancımla bütün tələbatları qarşılaya bilmirəm. Maddi problemlər məni çox sıxır, heç nə əmələ gəlmir", - deyə səmimi olduğunu bildirən həmsöhbətimiz əlavə edir.

Orqanını satışa çıxaran digər şəxs də qazancı ilə problemlərini həll edə bilmədiyini söyləyir: "Uşaqlıqdan bəri spirtin belə dadını bilmirəm, heç zaman pis yolun yolçusu olmamışam. Özüm də namaz qılan adamam. Hər zaman ailəm üçün çalışmışam. Sadəcə olaraq indi atam, körpə övladım xəstədirlər. Buna görə belə bir addım atmağa məcburam. Övladımın başında problem var, nəfəs ala bilmir, boğulur".

"Hazırkı qazancımla bu problemləri həll edə bilmirəm", - deyə o əlavə edir.

Telefon xəttinin o başında danışdığımız şəxslərin nə qədər səmimi olub-olmadığını bilmirik. Amma ilkin ehtimallardan biri kimi insanların çarəsizlikdən daha çox, həm də savadsızlıqdan bu yola əl atdığını deyə bilərik. Təbii ki, əgər burada orqan satışı mafiyasından söhbət getmirsə.

Qeyd edək ki, həm qaraciyər, həm də böyrək satışı ilə bağlı internetdəki qiymətlər 15-40 min manat arasında dəyişilir. Orqan satmaq istəyənlərin əksəriyyəti isə kişilərdir. Zəng etdiyimiz şəxslər arasında mobil nömrəsi daha bahalı təsir bağışlayanlar da vardı.

İnternet üzərindən kiçik axtarışla orqan satışı ilə bağlı hətta 2015-ci ildə yerləşdirilən elanların saytlarda hələ də qalması təəssüf doğurur. Təbii ki, saytlarda belə bir məlumatın qalması, el dili ilə desək, dəlinin yadına daş salmaq kimi bir şeydir. Yəni bu kimi məlumatlar sabah imkansız, çarəsiz, eyni zamanda da savadsız olan şəxslərin əksəriyyətinin bu yola əl atmasına səbəb ola bilər.

Bir neçə il öncə elan yerləşdirən şəxslərin qeyd etdiyi nömrə ilə əlaqə saxlamağa çalışdıq. Lakin zəng etdiyimiz bütün nömrələrin mövcud olmadığını öyrəndik. Ehtimal ki, istifadəçilər artıq nömrələrini dəyişiblər. Bir sözlə, bəlli saytlarda sanki açıq orqan satışı bazarı təşkil olunub. Kimisi qiymətdə razılaşmanın olacağını deyir. Həmin saytlarda qarşımıza çıxan bu elanlar açıq bazarı xatırlatsa da, Allah bazar versin, deyə bilmirik.

Orqan satmaq bir çıxış yolu deyil. Bu həm də Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. AR qanunvericiliyinə görə, şəxsin ailə üzvləri və qohum şəxslər donor ola bilərlər. Qanundakı məhdudiyyət orqan mafiyasının qarşısının alınmasına yönəlsə də, buna məhəl qoymayanlar da var.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, transplantoloq, cərrah Mircəlal Kazımi Sputnik Azərbaycan-a açıqlamasında bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayının artdığını, belə şəxslər üçün yeganə çıxış yolunun orqanın köçürülməsi olduğunu vurğulayır:

"Lakin hazırda biz yalnız canlı şəxsdən, daha dəqiq desək, yalnız qohumdan orqan köçürülməsini həyata keçirə bilirik. Təbii ki, bu halda qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən şəxslər digərləri ilə müqayisədə daha şanslı olurlar".
Ekspert internet üzərindən orqan satışının həyata keçirilməsini qanunvericilikdəki boşluqla əlaqələndirməyib: "Bu məsələnin qanunvericilikdə boşluqla heç bir əlaqəsi yoxdur. Çünki qanunvericilikdə bununla bağlı hansısa boşluq yoxdur. Yəni, 1999-cu ildə qəbul olunan bu qanunda hansısa boşluq yoxdur. Sadəcə olaraq dövrün tələblərinə uyğun olaraq qanuna yeni müddəalar əlavə olunub".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR