Rafil Hüseynov şəhidə ləkə yaxır- Şəhidi cəbhəçiyə, yap-çıya bölən icra başçısı

21-09-2020, 22:08 186 dəfə baxılıb

Rafil Hüseynov şəhidə ləkə yaxır- Şəhidi  cəbhəçiyə, yap-çıya bölən icra başçısı


“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, müavinləri Rövşən Əhmədov, Xaliq Mirzəyev, vəzifəli şəxsləri Qurban Babayev, Mərdəli Quliyevin qanunusuz əməllərinin qarşısının alınmasını, barələrində qanuni tədbir görülməsini, törətdikləri qanunsuzluqlara görə cavab vermələrini tələb edirəm”.

Bu fikirlər Ağcabədi rayonu, Əli Talıbov küçəsi, ev 77 ünvanında yaşayan şəhid ailəsinin üzvü Talıbova Xanım Muxtar qızının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı məktubda əks olunub.

Məktubun surəti Baş prokuror Kamran Əliyev və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə yanaşı redaksiyamıza da göndərilib.

Mediadan da səsini Prezidentə və Birinci vitse-prezidentə çatdırmağı xahiş edən X. Talıbova bildirir ki, İcra Hakimiyyətindən haqqı çatan 10 sot torpaq istədiklərinə görə təzyiqlərlə üzləşiblər.

Şikayətçi yazır ki, yerli məmurlar onları susdurmaq üçün həyat yoldaşı, mərhum Əli Talıbovun şəhidlik statusunun ləğv edilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Hərbi Prokurorluğa yalan, həqiqəti əks etdirməyən məlumatlar daxil edilmiş müraciət ünvanlayaraq, onun haqqında müvafiq sənədlər tələb ediblər.

İcra başçısı Rafil Hüseynovun imzaladığı məktublarda Əli Talıbovun şəhid olması faktı açıq şəkildə şübhə altına alınır və daha sonra yazılır: “… Məlumat üçün bildiririk ki, Əli Talıbov keçən əsrin 90-cı illərində Azərbaycan Xalq Cəbhəsinin Ağcabədi rayon şöbəsinin fəal üzvlərindən olmuş, əhali arasında təxribatçı çıxışları ilə fərqlənmiş və dövlətçilik prinsiplərinə zidd olaraq rayon sakinlərini daimi olaraq dövlətə qarşı itaətsizliyə səsləmişdir…”



Xanım Talıbova 90-cı illərin əvvəlində olan hadisələri xatırladaraq yazır ki, Azərbaycanda başlayan xalq hərəkatının üzvləri Sovet imperiyasının törətdiyi 20 Yanvar qırğını və digər cinayətlərinə qarşı mübarizə aparırdı: “Damarlarında azərbaycanlı qanı axan mərd və qeyrətli oğullar, başda Ümummili liderimiz Heydər Əliyev olmaqla, hər bir şəxs sovet rejiminə qarşı idi və nəticədə Azərbaycan öz müstəqilliyini qazandı. Bildiyiniz kimi, qanlı 20 Yanvar hadisələri olan zaman Ümummili Liderimiz Heydər Əliyev cənabları, cənab Prezidentimiz İlham Əliyevlə hadisə yerinə gəlib Sovet İmperiyasının cinayətkar əməllərini pisləməsi barədə bəyanat vermişdir.

Göründüyü kimi, Rafil Hüseynov və ətrafındakı məmurların çirkin maraqları gözlərini o qədər tutub ki, şəhidə ləkə yaxmağa çalışırlar. Anlamırlar ki, Əli Talıbov tək bizim ailənin deyil, Azərbaycan xalqının şəhididir! Şəhidi təhqir edib, ləkə yaxmaq isə Azərbaycan xalqını təhqir etmək deməkdir. Bu əməl sahibləri ən qısa zamanda məsuliyyətə cəlb edilməlidir.

Unutmaq olmaz ki, Azərbaycan bu gün də müharibə şəraitindədir. Azərbaycan xalqının şəhidini təhqir edən, ləkə yaxmağa çalışan şəxslər ən qısa zamanda məsuliyyətə cəlb edilməlidir…”

Xanım Talıbova icra başçısının, onun müavinlərinin və şöbə müdirlərinin rayon ərazisində qanunsuz olaraq hektarlarla torpaq sahələrini ələ keçirdiklərini də qeyd edib.

Şəhidin xanımı müraciətinin sonunda Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan onlara qarşı təzyiq göstərən, mərhum həyat yoldaşının şəhidlik statusunu mübahisələndirməyə cəhd edən icra başçısı və onun yaxın çevrəsində olan məmurlar barədə araşdırma aparılmasını, törətdikləri qanunsuzluqlara görə cavab vermələrinin təmin olunmasını xahiş edir.

Müraciətdə səslənən ittihamlarla bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının mövqeyini işqlandırmağa hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR