“Daha sərt qərarlara, güclü ictimai nəzarətə və siyasi plüralizmə ehtiyac var” - NƏ BAŞ VERİR?

1-05-2021, 10:05 134 dəfə baxılıb

Zaman-zaman ölkədə tanınmış ictimai xadimlərin, məmurların, deputatların və bu qəbildən olan şəxslərin davranışlarının gülüş hədəfinə çevrildiyinin şahidi oluruq. Hansısa məmur bilərəkdən və ya bilməyərəkdən dövlətin ziyanına işləyəcək açıqlama verir. Sonra ictimaiyyət tərəfindən haqlı tənqidə məruz qalır. Sosial şəbəkələrin Azərbaycan seqmentində hər kəs normal polemika aparmaq, tənqid etmək bacarığına malik olmadığı üçün bir çox hallarda həmin açıqlamaya görə məmur təhqir belə, edilir.

Yaxud da hansısa bir deputat canlı efirə sərxoş vəziyyətdə çıxır, ağlına və ağzına gələni danışır, gülüş hədəfinə çevrilir. Yaxud da özünə ziyalı deyən bir şəxsin iş yerində qeyri-etik hərəkətlərini əks etdirən video yayılır, bundan sonra həmin hərəkət sosial şəbəkələrdə gündəmə çevrilir, lağlağı obyekti olur.

Ümumilikdə isə bu hərəkətlər dövlətin imicinə, həmin deputatın təmsil olunduğu Milli Məclisin imicinə mənfi təsir göstərir, qeyri-ciddi imic formalaşır.

Azərbaycanda sosial sorğular keçirən, cəmiyyətdə araşdırmalar aparan qurum olaraq Sosial Tədqiqatlar Mərkəzi (STM) bu məsələlərlə bağlı araşdırma aparıldığını bəyan edir. STM-in Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli AYNA-ya müsahibəsində deyib ki, sosioloji araşdırmalar aparan bir qurum olaraq məmurların, ictimai şəxslərin, deputatların davranışı və danışdıqları ilə bağlı sosioloji sorğular mütəmadi keçirirlər:

- STM ictimai fikri öyrənən beyin mərkəzi olduğuna görə, sübhəsiz ki, məmurlarla bağlı ictimai narazılıqlara mütləq sorğu sənədlərində hesabatlarında yer verir. Bu, təkcə idarəetmə problemi kimi deyil, cəmiyyətin parçalanması, mövcud siyasətin əsaslarının sarısıdılması, rüşvət və korrupsiya ilə müşayiət edilmə və ən yaxşı halda nepatizmlə müşayiət edilir. Bu səbəbdən də, bütün müstəvilərdə ona qarşı ciddi mübarizə tərəfi kimi konseptual əsaslarını dövlət rəhbərliyinə təqdim edirik. Mövcud qanunvericilikdə vəzifəli şəxslərin, dövlət qulluqçularının və məmurların vəzifə məsuliyyətləri və davranışlarının etik kodeksi haqda normalar müəyyən edilib. Lakin seçkili və ya təyinatlı təsisat olması ümumi qanun pozuntularına dair məqsəd və əməlləri dəyişdirmir. Ona görə STM mütəmadi olaraq həyata keçirdiyi sorğu sənədlərində, məsələn, "İnam indeksi” jurnalının rüblük buraxılışlarında dövlət başçsının reytinqi ilə yanaşı, hakimiyyətin digər qollarına da münasibəti öyrənir. Yəni ki, STM idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparır.

Ötən ilin avqust ayında açıqladığımız "İnam meyarı”nda göstərilir ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7 faiz) ölkə Prezidentinə etibar edir. Prezidentə "tam etibar edirəm” deyənlər isə 90,8 faiz təşkil edir. Rəyi soruşulanlar arasında parlamentə etibar edənlər isə 57,4 faiz olub.

Sorğuda ən maraqlı nəticələr əhalinin yerli icra hakimiyyətləri və məhkəmələrə münasibətini öyrənəndə ortaya çıxıb. Məlum olub ki, respondentlər arasında yerli icra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faiz, məhkəməyə etibar edənlər isə cəmi 49 faizdir. Başqa sözlə, rəyi soruşulanların yarıdan çoxu bu qurumlara etibar etmir.

Bu nəticələr nəyi göstərir? STM sorğuları ictimai fikri test edir və 50 faizdən aşağı nəticələr:

1. Bu sahədə islahatların zəruriliyini ortaya çıxarır;

2. Prezidentin haqlı tənqidini bir daha isbat edir;

3. Əhalinin narazılığının dərəcəsini göstərir;

- Bu davranışlarla bağlı cəmiyyətin reaksiyaları hansı səviyyədədir?

- Davranışlara reaksiya iki müstəvidə ortaya çıxır: Sosial media istifadəçilərinin qiyməti və aid olduğu qurumların reaksiyası. Təəssüf ki, bu barədə müsbət fikir söyləmək çətindir. Çünki sosial media birmənalı şəkildə doğru təsbit qoya bilmir. O baxımdan ictimai linçin qurbanlarını ümumi tendensiyadan ayırmaq mümkün olmur. Amma STM sorğuları göstərir ki, "Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına cavab verənlərin yarıdan çoxu icra hakimiyyətinin (53.7 faiz), 45,7 faizi isə məhkəmələrin adını çəkir. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir.

Nəticələr ümumi fikirlə üst-üstə düşürmü? Şübhəsiz ki, son günlər həbs edilən 8-ci icra başçısı təkcə kadr siyasətinə yenidən baxılmasını zəruri etmir, bütövlükdə idarəetmədə yeni islahatların da siqnalıdır ki, bu fikirlərlə bağlı ilkin mesajları Prezidentin çıxışlarında da görürük.

- Məsələn, bir də görürsən ki, hansısa deputat efirə sərxoş vəziyyətdə çıxır, bəzən deputat ağzına və ağlına gələni danışır. Bununla bağlı hansısa hesabatlar hazırlanırmı?

- Bu haqda STM-in hesabatlarında geniş problemlər yer alır. STM-in əsas missiyası ümumi problemləri ortaya qoymaqdır. Yəni ki, baxın, icra hakimiyyətlərinin nüfuzlarına. Yaxud da yeni də olsa, nüfuzu o qədər də yüksək olmayan Milli Məclisin qiymətləndirilməsinə. Dövlət başçısının gələcək qərarlarında bu meyarlar önəmli rol oynayır. Ona görə də vəzifəli şəxslərin davranışları barədə birincisi, müvafiq idarə addım atır, ikincisi isə bizim hesabatlarda qurumun özü qiymətləndirilir.

- Bu cür əndrabadi davranışlar onların ictimai nüfuzuna, reytinqinə hansı təsirləri göstərir?

- Şübhəsiz ki, hazırkı informasiya manipulyasiyası imkan verir ki, fərdi səhv, kobud addım, nöqsan və davranış bütöv bir qurumun fəaliyyətini gözdən salsın. Və çox təəssüf ki, bizim Qarabağ problemi boyda (ötən ilə qədərki) kadr problemimiz var. Bu, çox dəhşətli xəstəlikdir, sui-istifadədir və uçurumdur. Təkcə vəzifəsini deyil, təmsil etdiyi qurumların sirlərini, məxfi məlumatlarını xarici kəşfiyyata satanlar az olmayıb. Həmin qurumların nüfuzu əlbəttə ki, ictimai rəydə çox aşağıya yuvarlanır.

- Sizcə, bu cür xoşagəlməz hərəkətləri o ictimai xadimlər niyə edirlər? Yəni bilərəkdən, ya bilməyərəkdən bu davranışı ortaya qoyurlar?

- Vəzifə məsuliyyətinin dərk edilməməsi, hesabatlılığın zəifliyi, sui-istifadə halları və iyerarxik rüşvət pilləkanı. Bu, təəssüf ki, ideoloji böhran keçirən cəmiyyətlərin psixoz təzahürüdür. Aşağılıq kompleksi, acgözlük, tamahkarlıq, mənfi əməllərə meyillilik və yaxşı nümunələrin təbliğ edilməməsi kimi sosial-fəlsəfi, ideoloji, tərbiyəvi nüanslara söykənir.

- Məmurlara, deputatlara tövsiyələr nədən ibarətdir? Cəmiyyətdə nüfuzlarının düşməməsi üçün, ağızlarına gələni danışmamaları üçün nə etməlidirlər?

- İlk növbədə savadlılıq əmsalı artmalıdır. İkincisi, hakimiyyətin idarəedilməsində 2019-cu ilin əvvəlindən etibarən, ictimai rəyin qərarları nəzərə alınmaqdadır. Üçüncüsü, doğru şəxslər doğru vəzifələr üçün təklif edilməlidir. Bu, təkcə şəxsi ləyaqət məsələsi deyil, ictimai simanın da mahiyyətini göstərir. Dördüncüsü, daha sərt qərarlara, güclü ictimai nəzarətə və siyasi plüralizmə ehtiyac var. Son illər siyasi partiyalarla bağlı yaxşı addımlar atılmağa başlayıb. Amma ideal olmasa da, normal vətəndaş cəmiyyətinin inşası üçün tarixi fürsətlərimiz var və biz mürəkkəb geosiyasi mühitimizdə monolitliyimizi qorumaqla vətəndaş dəyərini qəbul edib, yaradıb, tanıyıb, nail olmalıyıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR