“İstər jurnalist olsun, istərsə də digər tanınmış şəxs...” – Kiminsə sosial statusu ona avtoxuliqanlıq etməyə haqq vermir

7-06-2021, 21:51 118 dəfə baxılıb

Son vaxtlar yol hərəkəti qaydalarını pozaraq, avtoxuliqanlıq edən şəxslər arasında cəmiyyətin tanınmış simaları, jurnalistlər, blogerlərin sayı artıb.

Qanunsuzluğa yol verdikləri, qarşı tərəf üçün təhlükə yaratdığı halda bu cür şəxslər özlərini haqlı çıxarmağa, güzəşt tələb etməyə çalışırlar. Adlarını və vəzifələrini əllərində bayraq edib, həm özlərinin, həm də digər insanların həyatını təhlükəyə atırlar.

Bəs, görəsən, belə əməllərin qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Cəmiyyətdəki "nüfuzundan" istifadə edib, avtoxuliqanlıq edən sürücüləri belə əməllər törətməyə təhrik edən nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı tanınmış şəxslərin insanlara nümunə olmaq yerinə, qanunsuzluqlar törətdiyini bildirib. Ekspert belə şəxsləri diqqətli olmağa çağırıb:

"Cəmiyyətdə tanınan, az-çox nüfuzu olan şəxslər həmişə insanlara nümunə olmalıdırılar. Bu yazılmamış qanundur və şəxsin daxili mədəniyyətinin göstəricisidir. İnsan nə qədər tanınıb, məşhurlaşsa da görürüsən ki, içində yenə də xuliqanlıq qalır. Bu kobud vətəndaş obrazı özünü hardasa hansısa formada ifadə edir. Belə hal isə yol hərəkətə qaydalarında olanda daha təhlükəlidir. İnsan içki içib hardasa şənlənə, lap küçədə yıxılıb qala bilər. Bu onun ölümünə səbəb olmur. Amma yol hərəkəti qaydaları ilə bağlı kiçik bir səhv həm onun həm də ətrafdakı insanların ölümünə səbəb ola bilər. İstər jurnalistlər istərsə də digər tanınmış şəxslər sadə həyat tərzi ilə bu istiqamətdə başqalarına nümunə olasalar daha yaxşıdır. Elə tanınmış şəxslər də var ki, əvvəllər belə xuliqanlıq əməlləri törətməklə məşhur olsalar da indi başqalarına bu yolda nümunədir".

E.Muradlı özünü jurnalist kimi təqdim edib, avtoxuliqanlıq edən şəxslərin bir cümləni düzgün yaza bilmədiyini də bildirib:

"Bəzi şəxslər var ki, özünü yalandan şair, jurnalist, "pəhləvan" kimi təqdim edir. Lakin sosial şəbəkə hesabında baxırsan ki, adam bir kəlmə sözü düzgün yaza bilmir, durub özünə fəxrlə jurnalist deyib, hələ bir güzəşt də istəyir. Bu insanlar cəmiyyətdə nə qədər tanınsalar da həmişə qara ləkə kimi qalacaqlar və insanlar onları silib atacaq.

Ölkə prezidentinin 2018-ci ilin dekabr ayında imzaladığı "Yol hərəkətinin təhlüksizliyinə dair" dövlət proqramı var və burada birbaşa qeyd olunur ki, tanınmış şəxslər yol hərəkəti təhlükəsizliyi mövzusunda kütləvi informasiya vasitələri ilə birgə təbliğat işlərinə cəlb olunsunlar. Biz hazırda bu layihə üzərində işləyirik. Lakin elə tanınmış şəxslər də var ki, deyir ki, təhlükəsizlik kəmərini ilk dəfədir çəkiliş üçün taxır. Belə "tanınmış" insanlar da var. Biz bu istiqamətdə məşhur şəxslərlə çəkilişlər edirik, maarifləndirmə aparırıq. Təbliğat elə bir şeydir ki, bu istiqamətdə fasiləyə yer yoxdur. Hamının təbliğata bir qatqısı olmalıdır".
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər deyir ki, yüksək rütbəli məmurların övladları belə avtoxuliqanlıq edərkən məsuliyyətə cəlb olunur və bu istiqamətdə aktiv iş gedir:

"Əgər biz avtoxuliqanlıq məsələsindən danışırıqsa, bu qayda İnzibati Xətalar Məcəlləsində müvafiq maddə ilə əksini tapır. Qanun elə bir anlayışdır ki, o baxmır ki, sən jurnalistsən, blogersən ya hansısa tanınmış şəxssən. Biz bilirik ki, hətta yüksək rütbəli məmurların övladları belə qanunu pozarkən müvafiq qaydada cəzalandırılıb. Mən yol polisinin avtoxuliqanlığa qarşı apardığı mübarizəni yüksək qiymətləndirirəm. İnsanın tanınmışılığından, maddi vəziyyətindən asılı olmayaraq, yola çıxan şəxs qanuna riayət etməlidir. Çünki sürücü yol hərəkəti iştirakçısıdır və o tək özü üçün deyil, ətrafdakılar üçün də məsuliyyət daşıyır".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR