Məktəbləri açaq, ya açmayaq: - Nazirlik, baş pediatr və həkim nə deyir?

5-08-2021, 17:27 124 dəfə baxılıb

Ölkəmizdə pandemiya şəraiti hökm sürdüyünə görə təhsil distant şəkildə təşkil edilib.

Növbəti tədris ilinə az müddət qaldığından, məktəblərin ənənəvi, yaxud da distant formada keçiriləcəyi hər kəsi, xüsusən də valideynləri düşündürür. Bura uşaqlar arasında sürətli yayılan "Delta” ştammının təhlükəsini, yoluxduruculuq qabiliyyətinin yüksək olmasını da əlavə etsək, vəziyyətin necə olacağı yenə müzakirə mövzusudur. Xüsusilə yoluxmanın yenidən artması, hətta sutkada minə yaxınlaşması fonunda məsələ daha da aktuallaşır.

Pandemiya ilə mübarizədə yeni tədris ilində bizi nələr gözləyir?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya bildirib ki, bununla bağlı qərar Operativ Qərargahın növbəti brifiqnlərdə açıqlanacaq:

"Bu məsələ haqqında indidən nəsə deyə bilməyəcəyəm. Yəqin ki, bununla bağlı Operativ Qərargah və müvaqif dövlət qurumları birgə rəy əsasında qərar verəcək”.

Cəsarət Valehov bildirib ki, hazırda hər kəsin ən böyük istəyi ənənəvi təhsilə qayıtmağımızdır:

"Ən böyük arzu və istəyimiz məktəb və universitetlərimizdə şagird, tələbələrimizi görməkdir. Bunun uğrunda çalışmaq isə hər birimizin borcudur”.

Azərbaycanın yeni təyin olunan baş pediatrı Erkin Rəhimov Cebhe.info-ya açıqlamasında "Delta” ştammı ilə əlaqədar həqiqətən də insanlar arasında daha çox narahatlıq olduğunu diqqətə çatdırıb:

"Çünki "Delta” ştammı digər ştammlara nisbətən daha çox yoluxduruculuq qabiliyyətinə malikdir. Elmi məqalələrdən çıxan nəticələrə baxdığımız zaman sözügedən ştammın daha çox yoluxdurucu olduğunu görə bilirik. Bu, həm uşaqlar, həm də böyüklər üçün belədir. Amma bildirim ki, xəstəliyin daha ağır keçirilməsi mövzusunda dəqiq məlumat yoxdur. Yəni bəzi elmi tədqiqatlar xəstəliyin daha ağır, bəziləri isə digər ştammlarla eyni dərəcədə olduğunu, sadəcə yoluxduruculuq qabiliyyətinin çox olduğunu deyir. Uşaqlar üçün bu mövzu niyə daha əhəmiyyətlidir? Çünki dünyadakı bir çox ölkələrdə insanların böyük qismi peyvəndləndi və bu səbəbdən virus kiçikyaşlı uşaqlar arasında daha çox yayılmağa başladı. Bunun bir çox obyektiv səbəbləri var”.

Erkin Rəhimov deyib ki, uşaqlar arasında "Delta” ştammının çox yayılmasına səbəb məktəblərin açıq qalması olub:

"Xəstəlikdən qorunmaq üçün nə məsləhət edilə bilər? Həmişə dediyimiz kimi, sosial məsafənin saxlanılması, şəxsi gigiyenaya əməl olunması vacibdir. Təbii olaraq, bununla yanaşı peyvəndlənmənin aparılması da zəruridir. Biz həkimlər hər birimiz virusun gedişatını izləyirik. Virusun təkcə "Delta” deyil, bir neçə ştammı da var. Hər yeni ştamm fərqli davrana bilir. Ola bilər ki, yoluxmuş insan virusun digər ştammını daha ağır formada keçirtsin”.

Məsələyə münasibəti həmçinin pediatr Aytən İsmayılzadə də bildirib. O, uşaqların koronavirusa yoluxma statistikasının öyrənilməsi üçün onlardan yaxma üsulu ilə nümunələrin götürülməli olduğunu vacib hesab edib:

"Bəzən uşağın yüksək hərarəti olur, təcili yardım gəlir. COVİD testinin də götürülməsinin vacibliyi deyiləndə valideyn etiraz edir. Bununla da valideynlər övladlarının müalicələrini gecikdirirlər. Koronavirus epidemiyası birinci dəfə olduğuna görə biz bu məsələdə uşaqlara həssas yanaşmalıyıq. Hazırda virus mutasiyaya uğradığına görə bəlkə də biz virusun olub-olmamasını standart COVİD testi ilə də müəyyən edə bilməyəcəyik. Yaxşı olar ki, uşaqlar yoxlanılsınlar. Son zamanlar uşaqlar arasında virus infeksiyaları həddindən artıq çox yayılıb. Onları ümumi olaraq kəskin respirator virus infeksiyası adı ilə müalicə edirik. Amma sabah ağırlaşmalarla üzləşəndə, uşaqların hansı infeksiyanı keçirtdiyini bilməliyik”.

Aytən İsmayılzadə hesab edir ki, uşaqlar arasında testlərin edilməsi və virusun aşkara çıxarılmasında dövlət maraqlı olmalıdır:

"Bu anlamda hər şey əlçatan olmalıdır, problemli deyil. Prosesi sadələşdirmək lazımdır. Atası COVİD olan uşaqdan test götürülmür. Testi götürəndə ailə üzvlərinin hamısından götürmək lazımdır. Özəl klinikalarda testlərin qiyməti 65 manatdı, dövlət xəstəxanalarında pulsuzdur. Ona görə də poliklinika şəraitində uşaqların testlərdən keçirilməsinə şərait yaradılmalıdır. Məktəblər açılmamışdan əvvəl də testlərin aparılması mümkündür. Amma məktəblər açılan vaxtı da bu nəzarəti etmək olar. Məsələn, hər həftə məktəblilər, müəllimlər test oluna bilərlər. Yəni gözləmək lazım deyil ki, bir nəfər xəstələnsin, buna görə məktəb iki həftəlik bağlansın”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR