“Şagirdlərinin hər birinə birdəfəlik 200 manat verilsin”

8-08-2021, 11:46 236 dəfə baxılıb

"Pandemiya dövründə məktəb ehtiyaclarını ödəmək üçün orta məktəb şagirdlərinin hər birinə birdəfəlik 200 manat verilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Rusiyada məktəbli valideynlərin yeni tədris ilindən başlayaraq dövlətdən bir şagird üçün 10 min rubl, (təxminən 233 manat) məbləğində birdəfəlik ödəniş almaları fonunda, anoloji addımın Azərbaycanda da atılması məsələsinə toxunarkən deyib. Ekspert bildirdi ki, Azərbaycanda orta tədris prosesində müəyyən dərəcədə belə təcrübələrdən istifadə olunur:

"Ölkəmizdə tədris pulsuzdur. Habelə, orta məktəb şagirdlərinə dərsliklər pulsuz verilir. Bazar qiymətilə dəyərləndirsək, şagirdlərə 110 manatlıq 9-11 adda pulsuz dərslik verilir. Amma onu da nəzərə alaq ki, pandemiya dövründə bütün insanlar, o cümlədən övladları orta məktəbdə oxuyan ailələr də əziyyət çəkiblər”.

K. Əsədov qeyd etdi ki, ölkə Konstitusiyası və Təhsil Haqqında Qanuna görə, savadlı və istedadlı şəxslərin təhsilinə diqqət və qayğının göstərilməsi dövlətin öhdəliklərindən biridir:

"Elə istedadlı uşaqlar var ki, valideynlərinin maddi vəziyyəti çox aşağı olduğundan onların təhsillə bağlı ehtiyaclarını tam olaraq ödəyə bilmirlər. Bu mənada digər ölkələrdə olduğu kimi, Azərbaycanda da belə ailələrə dövlət tərəfindən birdəfəlik müavinətlərin verilməsi daha yaxşı olardı. Bu il birinci sinfə 162 min şagird gələcək. Ümumiyyətlə, orta məktəblərdə 1,6 milyon şagird oxuyur”.

Təhsil eksperti pandemiya dövründə 600 min insana birdəfəlik 190 manat verildiyi kimi, həmin səbəbdən bir şagirdə görə 200 manat civarında birdəfəlik vəsaitin ödənilməsini də lazım bilir:

"Onlara 100-200 manat civarında birdəfəlik yardım göstərilməsi kifayət qədər iqtisadi resursa malik ölkənin dövlət büdcəsinə ciddi yük olmayacaq. Hesab edirəm ki, pandemiyanın yaratdığı çətinlikləri nəzərə almaqla məktəb ehtiyaclarını ödəmək üçün Azərbaycanda orta məktəb şagirdlərinin hər birinə mütləq olaraq birdəfəlik 200 manat vəsait ödənilməlidir. Çünki pandemiya nəticəsində insanların gəlirləri kifayət qədər aşağı düşüb”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR