Azərbaycanda kuryerlərin sayı azalacaq: "qıtlıq" ola bilər - AÇIQLAMA

1-08-2023, 10:50 59 dəfə baxılıb

Azərbaycanda kuryerlərin sayı azalacaq: "qıtlıq" ola bilər - AÇIQLAMA


“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradacaq.
Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Məlumdur ki, Azərbaycanda moped sürücülərinin əksəriyyəti kuryer kimi fəaliyyət göstərir. Bəs yeni dəyişiklik kuryer bazarına necə təsir edəcək?

İqtisadçı ekspert Xalid Kərimli yeni dəyişikliklərin kuryer bazaraına təsirlərini şərh edib. O bildirib ki, yenilik moped sürücülərinin sayında azalma yaradacaq: “Kuryerlər çatdırılma zamanı əsasən mopedlərdən istifadə edirlər. Velosipedlərdən və digər iriqabaritli nəqliyyat vasitələrindən isə demək olar ki, çox az istifadə olunur. Bu baxımdan çatdırılma xidmətlərində əsas yük moped və motosikletlərin üzərinə düşür.

Yenilik moped sürücülərinin sayında azalma yaradacaq, lakin bu, qısamüddətli dönəmi əhatə edəcək. Moped istifadəsi rahat olduğundan bura kuryer kimi sürücü cəlb etmək asan olurdu. Artıq məhdudiyyətlərin tətbiq olunması bazara təsir edə və müəyyən qədər kuryer çatışmazlığı yarada bilər. Lakin zənnimcə, bu, qısamüddətli xarakter daşıyacaq və moped sürücüləri lazımi tələblərə cavab verərək bazara geri qayıdacaq”.

Ekspert qanuna edilən dəyişikliyin çatdırılma qiymətlərinə təsirindən də danışıb: “Qiymətlərə təsir rəqabətin səviyyəsindən asılıdır. İaşə sektorunda intensiv rəqabət olduğundan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik ciddi problem yaratmayacaq. Ərzaq qiymətlərində artımlar qeydə alındığından sahibkarlar çatdırılma qiymətlərini artırmaqda maraqlı deyil. Çünki rəqabət intensiv olduğundan sahibkarlar bu problemi özləri həll etməyə çalışır. Ümumilikdə, qanuna dəyişikliklərin bazara təsiri olsa da, qısamüddətli xarakter daşıyacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR