Şuşa Zəfərinə gedən yol

Şuşa Zəfərimizin rəmzi, Qələbəmizin zirvəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dəyərləndirilir. 44 günün hər günü tarixə zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezidient İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü kimi təsis edildi. 2021-ci ilin 14 yanvar tarixində isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.