Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir

Bu gün, 08:26 6 dəfə baxılıb

Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir


“Elektron ticarət haqqında” qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip “Elektron ticarət haqqında” qanuna daxil edilir. Texnoloji neytrallıq elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunmasıdır.

“POS-terminal” anlayışı dəqiqləşdirilir və mövcud təcrübəyə uyğunlaşdırılır. Layihəyə əsasən, POS-terminal nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq) sayılacaq.

Eyni zamanda ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR