Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir

4-07-2026, 09:03 14 dəfə baxılıb

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir


2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və bu səfər çərçivəsində Cənab Prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin xarici siyasətində mühüm hadisələrdən biri kimi dəyərləndirilə bilər. Bu görüş Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi.
Müstəqil Azərbaycanın xarici siyasətinin əsasını Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli maraqlara söykənən strateji inkişaf xətti təşkil edir. Bu siyasət bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərini daha da genişləndirir.
Bəyanatda qeyd olunan məqamlar göstərir ki, son dövrlərdə Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfərlərinin intensivləşməsi tərəflər arasında siyasi dialoqun gücləndiyini təsdiq edir. Bu əlaqələr yalnız siyasi sahəni deyil, iqtisadiyyat, enerji, nəqliyyat və yaşıl enerji istiqamətlərini də əhatə edir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizi təkcə ölkəmiz üçün deyil, Avropa dövlətləri üçün də strateji əhəmiyyət daşıyan layihədir. Azərbaycan qazının Avropa ölkələrinə ixracının artması ölkəmizin etibarlı enerji tərəfdaşı olduğunu bir daha sübut edir. Bununla yanaşı, günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr Azərbaycanın yaşıl enerji istehsalında da böyük potensiala malik olduğunu göstərir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm üstünlüklər yaradır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, müasir infrastrukturun qurulması və tranzit imkanlarının genişləndirilməsi Azərbaycanın regionun əsas logistika mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Görüş zamanı regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri də diqqət mərkəzində olmuşdur. Cənab Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu, bölgədə etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını və Cənubi Qafqazın sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevrilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd etmişdir.
Nəticə etibarilə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını göstərir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirərək regionda sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verir.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR