8 ölkə üçün kritik 5 gün: Müharibə, yoxsa sülh?

1-05-2019, 15:16 338 dəfə baxılıb

8 ölkə üçün kritik 5 gün: Müharibə, yoxsa sülh?


ABŞ-ın daha öncə İrana tətbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə neft idxalı sahəsində əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddəti mayın 2-də bitəcək.

Bu ölkələrin əksəriyyətinin neft idxalını saxlamaq israrına baxmayaraq, ABŞ prezidenti Donald Tramp bu müddəti uzatmayacağını və heç bir imtiyazın olmayacağını açıqlayıb. Güzəşt müddətinin bitməsi yaxınlaşdıqca, ABŞ Türkiyə də daxil olmaqla 8 ölkənin İranla əlaqələrini kəsməsini istəyən bəyanatlar səsləndirir. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bəzi dövlətlərin prosesdən narazı qalmaması ilə bağlı açıqlama verib:

"Çin şirkətlərinin verdiyi açıqlamalar var. İrandan təbii qaz almağı dayandıracaqlar. Bir həftə əvvəl də Türkiyə Xarici İşlər naziri ilə görüşdüm. O zaman da İran qazı ilə bağlı atacaqları addımlar haqda danışmışdıq. Məsələnin necə həll olunacağını görəcəyik. Biz mövqeyimizi dəqiq şəkildə açıqlamışıq".

Qeyd edək ki, 5 noyabr 2018-ci ildə İrana qarşı sanksiyaların ikinci paketi qüvvəyə minib və bu ölkə ilə əməkdaşlıq edən ölkələrə də eyni addımın atılacağı barədə xəbərdarlıq edilib. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana isə 180 günlük güzəşt müddəti verilib. Güzəşt müddəti verilmiş ölkələr İranla enerji əməkdaşlığının qorunmasının vacibliyini vurğulayıblar. Məlumat üçün bildirək ki, Hindistan İranın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 13,8 milyard dollara çatıb.

Maraqlıdır, 8 ölkə İranla neft idxalını dayandırmasa, ABŞ hansı addımı atacaq?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları üzrə 8 dövlətə güzəşt qoyulmuşdu:



“Bu 8 dövlət İrandan müəyyən kvota çərçivəsində neft idxal edə bilərdi. Bu müddət ərzində 3 ölkə demək olar ki, İrandan neft idxalını minimuma endirib. Ən çox təsir altında qalan ölkə Türkiyə və Çindir. Qeyd edim ki, İrandan idxal olunan neft qlobal bazar qiymətlərindən daha aşağı tədarük olunur. Bundan əlavə, ölkələr yaxında yerləşdiyi üçün və müəyyən lojistik məsələlər həll olduğundan daşınma xərclərində də xeyli qənaət olunurdu. Ona görə də bu məsələdə Türkiyə və Çin xeyli narahatdır. Digər ölkələrdən alınan neftin daşınması üstəgəl, həmin məhsulun beynəlxalq birjalardan daha yüksək qiymətə alınması, ölkələr üçün “qara qızıl”ın maliyyətini və itkilərini artırır.

Amerika artıq 8 ölkəni, o cümlədən digər idxalçı ölkələri sakitləşdirməyə çalışır ki, İran neftinə tam qadağa qoyulandan sonra dünya bazarında yaranacaq neft qıtlığını neft ixrac edən ölkələrin istehsalının artırılması hesabına kompensasiya edəcək. İlkin olaraq Səudiyyə Ərəbistanı bəyanat verib ki, neft bazarında ciddi qiymət artımına yol verilməməsi üçün istehsalı artıracaqlar. Təbii ki, bu, ABŞ-ın tələbidir. Digər tərəfdən, şist neft sahəsində də istehsal artımı davam edə bilər.

Neftin qiymətinin 75-76 dollar civarında olduğu bir vaxtda ABŞ prezidentinin OPEC-ə zəng vuraraq qiymətlərin aşağı salmasının vacibliyini söyləməsi, bazara təsirsiz ötüşmədi. Belə ki, məlum zəngdən sonra dünya bazarlarında neftin qiymətində 5 faizə yaxın azalma müşahidə olundu. 74.48 dollara tədarük olunan Brent markalı neftin bir barelinin qiyməti hazırda 71 dollaradək azaldı. Hazırda Brent markalı neftin qiyməti 72 dollar ətrafındadır”.

Analitik hazırda Çinin ABŞ-la ticarət məsələləri ilə bağlı danışıqlar apardığına da diqqət çəkib:

“Məlumdur ki, hansısa razılığa gəlməyə çalışırlar. Hesab edirəm ki, İrandan neft idxalının dayandırılması məsələsində ABŞ-a qarşı kəskin mövqe nümayiş etdirməyəcəklər. Bəli, öz narazılıqlarını bildirirlər, amma konkret kəskin addımların atılacağını və embarqonun açıq şəkildə pozulacağını düşünmürəm. O cümlədən, Türkiyə də bu addımı atmaz. Hər bir halda İrandan neft idxal edən ölkələr tələbatlarını digər neft istehsalçısı olan ölkələrdən idxal etməklə ödəyəcəklər. İran açıq şəkildə bəyan etdi ki, neft ixrac etməmək ölkənin fəlakətli həddə çatması deməkdir. ABŞ-ın məhdudlaşdırıcı tədbirləri səbəbindən İran Hörmüz boğazını bağlamaqla təhdid edib. Dünya neftinin dövriyyəsinin (daşınmaların), təxminən, 20 faizdən çoxu Hörmüz boğazından keçir. Bu da dünya neft bazarları üçün çox təhlükəli məqamdır. Boğaz bağlanarsa, neft çatdırmalarında ciddi kəsintilər yarana bilər. Əgər bu boğazın bağlanması haqqında bəyanatlar ciddiləşərsə, ABŞ tankerləri Hörmüz boğazında peyda olacaqlar”.

Elman Sadıqovun qənaətincə, 8 ölkənin reaksiyası narazılıqdan o tərəfə keçməyəcək: “Çünki ABŞ-a qarşı hər hansı addım atmaq iqtidarında olmazlar, nə də buna risk etməzlər. İrandan idxal olunan neft həcmləri digər istehsalçı dövlətlərin hesabına kompensasiya olunacaq. ABŞ neftin qiymətinin kəskin qalxmasına imkan verməyəcəyini bəyan etmişdi. Buna çoxlu imkanlar da var. Nəzərə alsaq ki, OPEC+ ölkələri neftin qiymətlərinin aşağı düşməməsi üçün kifayət qədər istehsal kəsintilərinə gediblər. Ən azı OPEC+ ölkələri həmin kəsintilərin bir hissəsini bərpa etsələr, İran neftinin 8 ölkəyə ixrac olunan hissəsini tam olaraq kompensasiya edə biləcəklər”.

Yeganə Oqtayqızı
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR