ABŞ sərhədimizdəki “barıt çəlləyi”ni partladır

24-04-2019, 10:39 285 dəfə baxılıb

ABŞ sərhədimizdəki “barıt çəlləyi”ni partladır

Fikrət Yusifov: “İki ölkə arasında hərbi münaqişə qaçılmaz olacaq”; Elxan Şahinoğlu: “Biz hər cür ssenarilərə hazır olmalıyıq”
ABŞ ötən ilin noyabrından etibarən 8 ölkəyə - Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana İrandan neft almaqla bağlı etdiyi güzəştləri mayın 2-dən etibarən dayandıracaq. ABŞ İrandan neft alan ölkələrə açıq mətnlə xəbərdarlıq edir ki, Səudiyyə Ərəbistanından və digər OPEC ölkələrindən neft alsınlar.

“Türkiyə ABŞ-ın İrandan neft idxalına görə bir sıra ölkələrə verdiyi möhləti uzatmamasına mənfi baxır”. “Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, möhlətin başa çatması qərarı regionda sülh və sabitliyə xidmət etmir, İran xalqına da ziyan vuracaq. M.Çavuşoğlu bundan əvvəl twitter-dəki səhifəsində də eyni mövqeni bildirmişdi: “Birtərəfli sanksiyaları və qonşularımızla necə əlaqələr quracağımız barədə hökmləri qəbul etmirik”.

8 ölkə içərisində Türkiyədən başqa Vaşinqtona digər etiraz edən ölkələrin də olacağını qeyd etmək olar. Bu sıraya Çin, Hindistan kimi dövlətlərin adlarını əlavə etmək mümkündür. Amma istənilən halda cənub qonşumuzun fəlakətin bir addımlığında olduğu göz önündədir.

Onu da qeyd edək ki, İrana qarşı bu cür təzyiqlərə rəğmən, rəsmi Tehrana hərbi müdaxilələrin olunmayacağı daha real görünür. ABŞ dövlət katibi Mayk Pompeo belə son açıqlamalarının birində İrana yönəlik hərbi müdaxiləni istisna edib. Görünən odur ki, Amerika cənub qonşumuzu iqtisadi sanksiyalarla çökdürmək istəyir.

Bu təzyiqlərin qarşısında İranın geri çəkildiyini də demək olmaz. İran isə neft satışına qoyulan embarqoya cavab olaraq, dünya enerji bazarının böyük bir hissəsi, Yaxın Şərqdə istehsal olunan neftin təxminən 40 faizinin ixrac olunduğu Hörmüz boğazını bağlayacağı ilə təhdid edib.

Ekspertlər İran üzərində dolaşan “qara buludlar”ın bölgə dövlətlərinə, o cümlədən Azərbaycana ciddi təsir edə biləcəyini vurğulayırlar.



Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyir ki, hələ keçən ilin noyabr ayının əvvəlindən İrana qarşı tətbiq edilən sanksiyaların növbəti zərfində əsas hədəflərdən biri İran neftinin ixracına qadağaların qoyulması olub: “Lakin ABŞ Administrasiyası son olaraq bu məsələdə 8 ölkəyə - Yaponiya, Çin, Cənubu Koreya, Hindistan, Türkiyə, Yunanıstan, İtaliya və Tayvana İrandan növbəti 6 ay ərzində neft ixrac etməyə razılıq verdi. Bu vaxtın sona çatmasına bir neçə ay qalmış Birləşmiş Ştatlar həmin ölkələri özlərinə yeni satıcılar axtarmağa səslədi. Bu isə o demək idi ki, ABŞ həqiqətən də bu ilin mayından adları çəkilən 8 ölkəyə də İran neftinin satışına qadağa tətbiq edəcək. Birləşmiş Ştatlar İrana qarşı belə sərt mövqe sərgiləməklə nəyə nail olmaq istəyir? Onun bu qadağaları Çin, Hindistan, Türkiyə kimi ölkələr tərəfindən necə qarşılanacaq? Rusiyadan ”S-400" hava hücumundan müdafiə komplekslərini almaqla bağlı ABŞ-la münasibətləri kifayət qədər gərginləşmiş Türkiyə artıq bu məsələyə öz münasibətini ortaya qoyub. Türkiyənin xarici işlər nazirinin bununla bağlı söylədiyi tənqidi fikirlərdə deyilir ki, Birləşmiş Ştatların bu qərarı Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək etməyəcək, ancaq İrana ziyan vuracaq. İrandan ən böyük neft ixracatçıları olan Hindistan və Çinin də bu məsələdə sərt mövqe sərgiləyəcəkləri gözlənilir. Lakin real olan budur ki, qərar faktiki olaraq İrandan neft ixracının azalmasına səbəb olacaq. Bir çox sahələrdə ciddi sanksiyalarla üzləşmiş İranın əsas valyuta gəliri mənbəyindən məhrum edilməsi bu ölkənin onsuz da ağır durumda olan maliyyə vəziyyətini bir qədər də ağırlaşdıracaq. Bu gün İranın maliyyə sektorunun beynəlxalq bank-hesablaşma əməliyyatlarını aparmağın əsas vasitəsi olan SWFT sistemindən məhrum edilməsi onsuz da bu ölkənin maliyyə durumunu acınacaqlı hala salıb. İran neftinin ixracına tam qadağa İranı danışıqlar masası arxasına oturmağa məcbur etməyi hədəfləyir. İran buna razılaşacaqmı? Bu, inandırıcı deyil. Deməli, İrana qarşı ABŞ-ın sanksiya maşını bundan sonra da davamlı şəkildə işləyəcək. Bu isə o deməkdir ki, sonda iki ölkə arasında hərbi münaqişə qaçılmaz olacaq. Düzdür, ABŞ rəsmiləri İrana hərbi müdaxiləni hələlik istisna edirlər. Lakin bu, o demək deyil ki, sonda hərbi müdaxilə olmayacaq. Real olaraq görünən budur ki, iki ölkə arasında baş verən hadisələrin inkişaf trayektoriyası vəziyyəti hərbi münaqişə müstəvisinə sürükləyir. Hərbi münaqişə baş verərsə, onun hansı formada baş verməsindən asılı olmayaraq bu bölgədə humanitar fəlakət yaradacaq. 80 milyon əhalisi olan İranın əhalisinin 10%-nin hərbi münaqişə nəticəsində ölkəsini tərk etməsi isə qonşu ölkələri ciddi problemlərlə üz-üzə qoyacaq".



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, indiki vəziyyət bölgədəki durumu ağırlaşdıracaq: “Amerikanın məqsədi aydındır - İranı tam çökdürmək. Çünki İran gəlir əldə etməsə, Amerikada düşünürlər ki, daxildə guya bir hakimiyyət dəyişikliyi baş verə bilər. Nəticədə İran başqa dövlətlərin daxili işlərinə qarışmaya bilər. Amma Amerikanın belə asanlıqla hədəfə çatacağını düşünmürəm. İranı bu qədər küncə sıxışdırmaq bölgə ölkələrinə, o cümlədən, Türkiyə və Azərbaycana çox ciddi problemlər yarada bilər. Heç kəs İranın parçalanmasını, dağılmasını istəmir. Çünki bunun qonşu ölkələrə, o cümlədən, bizə çox ciddi təsirləri olacaq. Buna baxmayaraq, bizim istəyimizdən asılı olmayaraq Amerika bu siyasətini yürüdür. Bunun üçün də biz hər cür ssenarilərə hazır olmalıyıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR