Putin reytinqində şok yaşayır

31-05-2019, 12:49 276 dəfə baxılıb

Putin reytinqində şok yaşayır

Rusiya prezidenti Vladimir Putinin reytinqinin zaman keçdikcə aşağı düşdüyü müşahidə olunur. Aparılan rəy sorğularının hər birində Kreml sahibi nüfuzunda eniş yaşayır.

Bunun da səbəbləri barədə ekspertlər ən müxtəlif mövqelər səsləndirirlər. Səbəb kimi ilk olaraq, 2014-cü ilin martında Ukrayna ərazilərinə etdiyi təcavüzdən sonra Rusiyaya qarşı Amerika başda olmaqlab bir sıra dövlətlərin tətbiq etdikləri sanksiyalar önə çəkilir. Şimal qonşumuzda həyata keçirilən pensiya islahatları ilə kişilərdə yaş həddinin 65-ə, qadınlarda isə 63-ə qaldırılması daha çox qabardılır. Bu qərarların rus əhalisinin narazılığına səbəb olduğu və nəticədə bunun Putinin reytinqinə təsirsiz ötüşmədiyi qeyd olunur.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Rusiya prezidentinin nüfuzunun azalmasını bir neçə səbəblə sadaladı: “Putinin reytinqinin aşağı düşməsi qanunauyğundur. Onun hansı yollarla reytinqini qaldıracağı ilə bağlı birmənalı fikir söyləmək çətindir. Fakt odur ki, Amerika və digər Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar özünü göstərir. İlk dəfə olaraq, ötən il Rusiyada istehsalda heç bir artım olmayıb, əksinə, geriləmə olub. Üstəlik də statistika göstərir ki, eyni mənzərə bu il də yaşana bilər. Rusiyada iqtisadi vəziyyətdə böhrana yaxın durum yaranıb. Bu da ilk növbədə əhalinin maddi durumuna ciddi şəkildə təsir edir. Açığı, demək lazımdır ki, bir il əvvəl maddi durumu yaxşı olan bir adam hazırda yoxsulluq vəziyyəti yaşayır. Yoxsulluq səviyyəsi də durmadan artır. Bunu ölkənin rəsmi statistikası da göstərir. Əvvəllər Putinin reytinqi aşağı düşəndə hər hansı bir ölkə ilə qalmaqal yaradılır, yaxud da kiçik bir lokal xarakterli müharibə vəziyyəti yaradırdılar. Bu səbəbdən militarist olan rus xalqı arasında Putinin reytinqi qalxırdı. Hər hansı müharibə, toqquşma rus xalqında Putinin nüfuzuna hər zaman ciddi təsir göstərib. İndi belə bir hal yoxdur. Suriyadakı vəziyyət heç də Rusiyaya ciddi xallar gətirmədi. Bu gün oraya gedən, orada xərclənən pullar ölkənin büdcəsindən xeyli vəsait qoparır.


Ukrayna ilə vəziyyət də qarşıdurma həddindədir. Rus oliqarxları da ölkədə yaranan vəziyyətdən ciddi narahatdırlar. Çünki ölkədə iqtisadi artımın yerində sayması, infilyasiya, iqtisadi rəqəmlərin artmaması ilk növbədə, oliqarxların cibinə təsir göstərir. Üzə vurmasalar da, onlar qəlblərində vəziyyətin getdikcə ağırlaşmasından ciddi şəkildə narahat olmağa başlayıblar. Rusiyadan xarici kapital artıq çoxdan çıxmağa başlayıb. Xüsusilə yüksək texnologiyalı xarici şirkətlərin böyük əksəriyyəti ölkəni tərk edib, qalanları da artıq tərk etməkdədir. Bütün bunlar da ölkədəki ümumi ovqata təsir göstərir. İnsanlar görürlər ki, ölkələrinə texnologiyalar gətirən xarici şirkətlər ölkədən gedirlər. Bütün bunlar da texnologiyanın inkişafına təsirsiz ötüşmür. Rus əhalisi kifayət qədər təhsillidir, ətraflarında baş verənlərə çox kəskin şəkildə reaksiya verməyi bacarırlar, öz hüquqlarını müdafiə etməyə dərhal qalxırlar. Yaşayış durumlarında bir dəyişiklik olan kimi bunu büruzə verirlər. Rus cəmiyyətində hazırda mübariz əhval-ruhiyyəyə köklənmə prosesi gedir. Bunlar özünü bəzi yerlərdə baş qaldıran etiraz dalğaları ilə göstərir”.

Q.Hüseynli rus mətbuatının da Putini “vurduğunu” söylədi: “Ölkə siyasəti əvvəl bəzi informasiya vasitələrində ehtiyatlı tənqid edilsə də, indi belə deyil, açıq şəkildə, kəskin formada tənqidi yazılar dərc olunur. Hətta Putinin səhhətində ciddi problemlərin olması barədə gündəmə xəbərlər də buraxılır, göstərilir ki, o problemləri ilə əlləşir. Bir növ göstərmək istəyirlər ki, ölkənin ümumi durumuna Putin diqqət etməyi bacarmır. Belə hallarda Putin bir qayda olaraq atla gəzintiyə çıxır, yaxud da xokkey oynayır. Sonuncu dəfə sorğu keçiriləndən sonra xokkey oynadı və bu zaman meydançada ayağı ilişərək yıxıldı. Bundan sonra onun başının xalçadan kənarda buza dəydiyi yönündə məlumatlar mətbuatda getməyə başladı. Səhhəti bir daha ön plana çəkildi. Bu fikirlərin doğru olduğunu söyləyə bilmərik. Amma reallıq budur ki, Putinə olan etimad günü-gündən azalmaqdadır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR