Böyük güclərin Qazaxıstan savaşı

10-07-2019, 15:00 262 dəfə baxılıb

Böyük güclərin Qazaxıstan savaşı


Qazaxıstanda kütləvi aksiyaların sayının artması bu ölkə ətrafında geosiyasi rəqabətin güclənməsi ilə müşahidə olunur. Yəni bu etirazların arxasında xarici qüvvələrin dayanması barədə ehtimallar daha çox səslənir.

Bir sıra siyasi ekspertlər isə baş verənlərin ilk növbədə, daxili amillərlə bağlı olduğunu iddia edir. Belə ki, otuz il Qazaxıstana rəhbərlik etmiş Nursultan Nazarbayevin istefa verməsi ölkədə siyasi boşluq yaradıb. 1989-cu ildən bəri hakimiyyət və siyasi azadlıqlar uğrunda mübarizə aparmaq imkanı olmayan qüvvələr isə yaranmış situasiyadan istifadə edərək fəallaşıb. Nazarbayevlə müqayisədə daha zəif lider təsir bağışlayan və hələ hakimiyyətini tamamilə möhkəmlətməmiş prezident Qasım Jomart Tokayev kütləvi həbslər aparsa da ictimai müqavimətin qarşısını almaqda çətinlik çəkir. Ona görə də mitinqlərin geniş xarakter alması prezident Tokayevi xalqın iradəsi ilə hesablaşıb siyasi islahatlar həyat keçirməyə məcbur edə bilər. Əgər bu etirazlar birbaşa xarici amillə bağlıdırsa, o zaman Tokayevin zəiflik nümayiş etdirməsi Qazaxıstanın ərazi bütövlüyü və dövlətçiliyi üçün ciddi problem yarada bilər. Aksiyaların təşkilində daha çox Rusiyanın maraqlı olduğuna dair məlumatlar üstünlük təşkil edir. Ancaq post-Nazarbayev dövrü Qazaxıstan uğrunda Rusiya, ABŞ, Çin, Avropa Birliyi arasında geosiyasi və geoiqtisadi mübarizənin dərinləşməsi ilə diqqəti cəlb edir.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali komissarı Frederika Mogerini regiondakı digər dövlətlər kimi Qazaxıstanı da insan haqları standartlarını təkmilləşdirməyə, ifadə azadlığı və mətbuat azadlığını təmin etməyə, KİV-ə azad və ardıcıl şəkildə işləməyə imkan verilməyə çağırıb.

Lakin xanım Mogerini bildirib ki, Mərkəzi Asiyadakı demokratik dəyişikliklərə dəstək verilməsi ağrılı proses ola bilər. Onun sözlərinə görə, bunun bəzi əlamətləri özünü Özbəkistanda büruzə verir. Mogerini bəyan edib ki, Mərkəzi Asiyanın enerji ehtiyatları ilə zəngin ölkələri Avropa Birliyi, ABŞ, Rusiya və Çinlə əməkdaşlıqda sərbəst olmalıdır.

Politoloq Elşən Manafovun sözlərinə görə, Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstanda hakimiyyətin mövqeləri zəifləməyib. Ona görə də MDB məkanında və dünyada yüksək siyasi nüfuza malik olan Nursultan Nazarbayevin prezident postunu tərk etməsi Qazaxıstandakı proseslərə təsirsiz ötüşə bilməzdi:



“Nazarbayev istefası ilə bağlı xalqa müraciətində də bildirmişdi ki, onun bu qərarı Qazaxıstanda demokratikləşmə proseslərinin dərinləşməsi, demokratik institutların möhkəmlənməsi və ölkənin idarə olunmasında özünüidarə qurumlarının rolunun artması ilə bağlıdır. Amma etiraf etmək lazımdır ki, Rusiyadan və Ukraynadan fərqli olaraq, siyasi sistem yetərincə oturuşmayıb. Burada Qərb dəyərləri özünü büruzə vermir. Siyasi sistemdə əsasən Nazarbayevin rəhbərlik etdiyi Nur-Otan Partiyası, bir-iki millətçi partiya və Kommunist Partiyası daha fəal idi. Ümumilikdə, ölkənin siyasi həyatında partiyaların çəkisi 10 faizi keçmir. Qazaxıstan MDB məkanında enerji resurslarına malik və MDB məkanında xüsusi sanbalı olan bir ölkədir. Avrasiya İqtisadi Birliyi ideyası məhz Nazarbayevə aiddir. Nazarbayev Rusiya amilini nəzərə alıb addım atan siyasətçilərdən idi. SSRİ-nin süqutundan sonra rusdilli əhalinin müəyyən bir qismi məhz Qazaxıstanda idi. Nazarbayev Qazaxıstanda qazax dilinə dövlət dili statusunu verməklə yanaşı, bəyan etmişdi ki, rus dili də ikinci dövlət dili kimi istifadə oluna bilər. Bu Nazarbayevin uzaqgörənliyindən irəli gəlirdi. Eyni zamanda, Qazaxıstan Mərkəzi Asiyaya gedən yolların üzərində yerləşir. Yəni Qazaxıstan Çinlə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə xüsusi münasibətləri var. Həmçinin, Qazaxıstan Xəzər dənizinə çıxış olan bir dövlətdir. Bunu ABŞ və Avropa da yaxşı başa düşür. Ona görə də Qazaxıstan uğrunda geosiyasi mübarizə hələ qabaqdadır. Qərbin bu bölgədə öz mövqelərini möhkəmlətmək istəyinin Kremldə müəyyən qıcıq yaratdığı istisna olunmur. Qazaxıstanda baş verən hadisələr də Rusiyanın bu reaksiyası ilə izah edilə bilər. Avropa Birliyinin bəyanatlarında da bu amillər özünü göstərir. Hesab edirəm ki, Qazaxıstanda baş verən hadisələrə ABŞ-ın ayrı, Avropa Birliyinin bir başqa, Rusiyanın isə özünə kəskin dərəcədə fərqli münasibəti olacaq. Yaxın perspektivdə Rusiyanın Qazaxıstan kimi geostrateji mövqeyə malik bir ölkənin güzəştə gedilməsi istiqamətində addım atacağını düşünmürəm. Ukrayna Rusiyaya bir dərs olub. Rusiya Ukraynada üzləşdiyi vəziyyəti Qazaxıstanda yaşamaq istəmir. Ona görə də Qazaxıstanda xüsusi xidmət orqanları işləyəcək. Rusiyanın maraqlarına cavab verməyən hadisələrin qarşısını almaq üçün öz cəhdlərini əsirgəməyəcək”.

Ekspert onu da vurğuladı ki, N.Nazarbayev istefa versə də Təhlükəsizlik Şurasının sədri kimi hakimiyyətə nəzarət edir. Bu səbəbdən ölkədəki siyasi proseslərin fərqli istiqamətə yönəlməsinə imkan verməyəcək.

Müşfiq Abdulla
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR