Ermənistandakı iqtidar-müxalifət qarşıdurması Qarabağ cinayətlərini də üzə çıxarır - TƏHLİL

26-02-2021, 14:34 63 dəfə baxılıb

2016-cı ildə Rusiyadan aldığı "İsgəndər” raketləri ilə Azərbaycana təsir və təzyiq edəcəyini, həmçinin ölkəmizin milli təhlükəsizliyi üçün təhdid yaradacağını zənn edən Ermənistan bu gün özü qazdığı quyuya düşmüş təsiri bağışlayır. Doğrudur, o zaman hərbi-strateji müttəfiqindən bu silahı eks-prezident Serj Sərkisyan almışdı, ancaq indi dilindən bəlaya düşən onun xələfi, baş nazir Nikol Paşinyandır, ancaq bizim üçün nə fərqi- düşmən düşməndir.

Hər şey ondan başladı ki, Sərkisyan 44 günlük müharibə ilə bağlı Ermənistanı ifşa edən faktları açıqladı, həmçinin döyüşlərdə erməni ordusunun Azərbaycana qarşı "İsgəndər” operativ-taktiki raketlərinin tətbiq etdiyini açıqlamaqla ölkəsinin beynəlxalq cinayətə əl atdığını etiraf etdi. Lakin eks-prezident bununla Azərbaycan dövlətinə qarşı xain addıma qarşı çıxdığını nümayiş etdirmədi, əksinə, "İsgəndər” raketinin niyə məhz döyüşün ilk günlərində atılmadığı ilə bağlı ittihamlarını dilə gətirdi.
Sərkisyan Paşinyanı "İsgəndər”ləri müharibənin birinci günlərində, məsələn, Horadizdə Azərbaycan qoşunlarının cəmləşmə rayonlarına və ya strateji neft-qaz obyektlərinə qarşı tətbiq etməməkdə qınayıb. Eyni zamanda deyib ki, onun dəqiq məlumatına görə, "İsgəndər”ləri, hər halda, tətbiq ediblər, amma müharibənin sonuna yaxın. Və Şuşa istiqamətində. Sərkisyanın bildirdiyinə görə, "kapitulyant” (Paşinyanı belə adlandırıb-red.) bununla Şuşanı geri qaytarmağa çalışırdı.

N.Paşinyan isə sələfinin ittihamlara cavab verərək məğlubiyyətə görə məsuliyyətin həm də keçmiş hakimiyyətlərin üzərində olduğunu deyib. O, ittihamlara cavab olaraq deyib ki, "İsgəndər” raketləri tətbiq edilib, amma raketlər partlamayıb. "Yaxud belə demək olarsa, 10 faiz partlayıb. Bəlkə Serj Sərkisyan bunun səbəbini izah etsin?”, - o deyib. Paşinyanın "İsgəndər” raketlərinin yararsız olduğu haqda dedikləri Rusiya mediasında geniş rezonans doğurub və aydındır ki, Ermənistan baş naziri bununla Rusiyanın ən qorxunc silahlarından biri kimi təbliğ edilən raketləri açıq-aşkar gözdən salıb. Rusiyadan isə artıq Paşinyana sərt etirazlar gəlir.
Paşinyan daha əvvəl onu kəskin tənqid edən digər keçmiş prezident Robert Köçəryana da cavab verib. Köçəryan demişdi ki, əgər o, prezident olsaydı müharibə başlamazdı, başlasaydı belə, Ermənistan uduzmazdı. Paşinyan isə deyib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında kim Ermənistan rəhbəri olmayıbsa, eyni şeyi deyə bilər. "Amma heç kim bunun əksini sübut edə bilməz”, - o, məğlubiyyətin istənilən halda qaçılmaz olduğuna eyhamla bildirib.

Jurnalist habelə Sərkisyanın bu bəyanatını xatırladıb ki, onun dövründə hərbi büdcədə silahlanmaya dair yeni proqram təsdiqlənmişdi və bu proqrama əsasən, Ermənistan çoxsaylı pilotsuz aparatlar, o, cümlədən zərbə pilotsuz aparatları almalıydı. Paşinyan bildirib ki, o hakimiyyətə gələndən sonra silahların və texnikanın alınması planlarında heç bir dəyişiklik edilməyib. "Lakin bunu qeyd etmək çox mühümdür, bəs baş qərargahın keçmiş rəisi nə dedi? Yaxşı, biz yazırıq ki, silahlar alınmalıydı. Bəs bizə lazım olan o keyfiyyətli texnikanı kim bizə satacaqdı? Bu da mühüm sualdır. Və həmin texnikanın alınması üçün siyasi və diplomatik addımlar atılmalıdır, hansı ki, bu addımlar müttəfiqlər və dostlar, digərləri tərəfindən birmənalı qarşılanmayacaqdı”, -deyə, Paşinyan cavab verib.
Baş nazirin "İsgəndər” ittihamı Ermənistan daxilindəki Paşinyan əleyhdarlarının işinə yarayıb. Ötən ilin dekabrından "Nikol-satqın” şüarı ilə İrəvan küçələrində olan etirazçılar onun istefasına nail olmaqdan ötrü 25 fevraldan başlayaraq bölgələrdə də aksiyalara start veriblər. Ancaq N.Paşinyanın 10 noyabr və 11 yanvar sənədlərinə imza atması səbəbindən Rusiyanın onu öz postunda hələ bir müddət saxlayacağı qənaəti erməni müxalifətini ümidsizləşdirmişdi. Belə bir şəraitdə Nikolun anti-Rusiya mövqeyinin yenidən qabarıq şəkildə üzə çıxması Ermənistandakı revanşistlər üçün göydəndüşmə olub. İndi daxildəki qüvvələr əmindir ki, prezident Putin ölkəsinin hərb sənayesini aşağılayan Paşinyanı bu dəfə mütləq cəzalandıracaq. Müxalifət var qüvvəsilə Putin-Paşinyan münasibətlərini gərginləşdirməyə, "odun üzərinə yağ tökməyə” çalışır. Müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan "Nikol Paşinyan bəzən hiyləgər, bəzən səfehliklə Rusiyadan ayrılma kursu götürüb”, - deyə, bildirib. Onun iddiasına görə, əgər yeni kurs götürülməsəydi, nə müharibə baş verərdi, nə də bu qədər qurbanlar verilərdi. Manukyana görə, hələ Paşinyan qədər Rusiya rəhbərliyini məsxərəyə qoyan bir rəhbər olmayıb. Rusiyadan dəstək alaraq hakimiyyəti ələ keçirəcəyini güman edən "Vətəni xilas hərəkatı”nın liderləri fürsətdən yararlanacaqlarına ümid edirlər.

"İsgəndər” müzakirələri Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryanın da "başını yeyib”. Virtualaz.org bildirir ki, bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Ermənistan prezidentinin rəsmi saytında dərc olunan sənədə əsasən, qərar baş nazir Nikol Paşinyanın təklifi ilə qəbul olunub. Qeyd olunur ki, buna səbəb general-leytenantın Nikol Paşinyanın fikirlərini "qeyri-ciddi” adlandırması və dediklərini ələ salması olub. Xatırladaq ki, daha əvvəl "Yerevan.today” portalı Tiqran Xaçatryanın Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər” raketləri ilə bağlı bəyanatı haqqında şərhini yayıb. Nikol Paşinyan iddia edib ki, Qarabağ müharibəsi zamanı "İsgəndər” raketlərinin cəmi 10 faizi partlayıb. Silahlı qüvvələrin baş qərargah rəisinin birinci müavini T.Xaçatryan jurnalistin "Paşinyanın iddia etdiyi kimi, ”İsgəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü" sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? ”İsgəndər"? Bir atəş?.. 10%?.. Bağışlayın, amma bu, qeyri-ciddidir". Ermənistanın Müdafiə Nazirliyi geniş bəyanatla çıxış edərək Xaçatryanın sözlərinin guya "təhrif olunduğunu” iddia etsə də, mənası olmayıb.

İstənilən halda Azərbaycan üçün maraqlı proseslər gedir düşmən ölkədə. İllər boyu torpaqlarımıza sahiblənmək istəyənlərin bu gün öz sahiblərilə də problemlər yaşamasını izləməkdəyik. Bəs növbəti mərhələdə nələr olacaq? Demək olarmı ki, Rusiya onun hərb sənayesini aşağılayan Paşinyanı cəzalandıracaq? Yəni Kreml Qarabağ bəyannaməsindən sonra onu əfv etmişdisə də, son açıqlamasına görə Nikolun kürsüdən getməsində maraqlı olacaqmı? Yox, əgər Rusiya N.Paşinyana yenə də fürsət tanıyacaqsa, Ermənistan rəhbərliyinin şantajının qarşılığında bu ölkəni silahlandırmaqda davam edəcəkmi, yoxsa onsuz da silah almaq imkanı olmayan kasıb Ermənistana kreditlə belə silah verməyəcək?

Bütün bu suallarla bağlı "Yeni Müsavat”a açıqlama verən politoloq Zaur Məmmədov bildirdi ki, Paşinyanın İsgəndər kompleksləri haqqında dedikləri Rusiyada ciddi narazılıqla qarşılanıb: "İş orasındadır kı, müharibənin bitməsinin ilk vaxtlarında da o, Rusiyanın hərbi texnikasının yararsız olduğunu qeyd etmişdi. Onun ”İsgəndər"lə bağlı çıxışı isə dünyada Rusiya hərbi texnilasına, o cümlədən Moskvanın fəxrlə təriflədiyi "İsgəndər”lərə ciddi zərbədir. Bir neçə il əvvəl Rusiya ABŞ -ın Şərqi Avropada, Polşada Rusiyaya tuşlanan raketləri qarşılığında "İsgəndər” komplekslərini yaratdı və bir müddətlik xəbərdarlıqdan sonra silahları Kalininqrada da yerləşdirdi. İndi təsəvvür edin, Ermənistanın baş naziri çıxıb deyir ki, rusun ən güclü silahı sayılan "İsgəndər”lər əslində bir qəpiyə belə dəyməz, onlar istifadəyə yararsız idilər. Nəticədə, dünən ancaq "tənbəllər” Nikola cavab vermədilər. Hətta "İsgəndər”i istehsal edənlər Paşinyanı kəskin tənqid edərək onu üzr istəməyə çağırdılar". Z.Məmmədovun sözlərinə görə, yaranmış bu vəziyyət erməni müxalifəti üçün əla fürsət oldu: "İndi onlar bütün media resurslarında bu mövzunu qabardırlar. Paşinyanı Qərbin, Türkiyənin ”dəyirmanına su tökməkdə" günahlandırırlar. Dünən gecə saatlarında hakim partiya, Müdafiə Nazirliyi yuxusuz gecə keçiriblər. Kremli tanıyan hər kəs bilir ki, Putin belə halları heç vaxt bağışlamır. Əgər indiyə qədər üçtərəfli bəyanata imza atan Nikolla bağlı Kreml səbir nümayiş etdirir və müxalifətə dəstək vermirdisə, indi Rusiya təcili şəkildə özünə varis axtararaq Nikolun getməsini tezləşdirəcək".

Ermənistan ordusunun 44 günlük müharibədən sağ çıxan hissəsində baş verənlər də diqqət çəkir. Məlum olub ki, Ermənistandakı hərbi hissələrin birində, əsgərlərin məzuniyyətdən xidmət yerinə qayıtmaq istəməməsi ilə bağlı insident baş verib. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bir qrup hərbçi və onların valideynləri əsgərlərin daimi yerləşmə ərazisinə qayıtmalarına mane olublar. Nəticədə hərbi hissənin ərazisində qarşıdurma baş verib. Bir neçə əsgər isə qarışıqlıqdan istifadə edərək hərbi hissəni qanunsuz olaraq tərk etməyə cəhd göstərib. Məlumatda deyilir ki, hissə komandanlığı xidməti araşdırma aparılması barədə əmr verib. Hərbi polis fərarilik etmiş əsgərlərin tapılması istiqamətində hərəkətə keçib, onlarla bağlı cinayət işi qaldırılıb.

Bütün bunlar Ermənistan hakimiyyətinin cəsalandırılması planının tərkib hissəsi də ola bilər. Ölkədəki bütün sahələrdə xaos yaratmaqla N.Paşinyanın gedişini sürətləndirmək cəhdinin olması istisna deyil.

İstənilən halda, Ermənistandakı iqtidar-müxalifət qarşıdurması Qarabağ cinayətlərini də üzə çıxarır ki, bu da bizim üçün əlavə üstünlük vəd edir. Belə ki, işğalçı ölkənin müharibə cinayətləri törətməsilə bağlı etirafları Avropa Məhkəməsinə müraciət prosesində Azərbaycana yeni fürsətlər yaradır...

Bu yerdə maraqlı bir xatırlatma edək: 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə istiqamətində məğlubiyyətə uğradıqdan sonra Serj Sərkisyan da Rusiya silahlarından şikayətlənmişdi. O zaman Almaniyaya səfər edən Sərkisyan Merkellə birgə keçirdiyi brifinqdə Rusiyanın Ermənistana 80-ci illərin silahlarını verdiyini deməklə öz ağasına "asi” olmuşdu, Moskvanı Avropa dövlətinə satmışdı. Bundan sonra Kreml Sərkisyanın üstündən əlini çəkdi və proseslər onun hakimiyyətdən getməsini sürətləndirdi. Növbəti dəfə N.Paşinyan eyni "səhv”ə yol verdi. İndi hakimiyyətin də, müxalifətin də nəzərləri Moskvaya dikilib. Moskva isə "göz yaşlarına inanmır”. Gözləyək...
"Yeni Müsavat"


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR