Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb... - RUSİYA ABŞ-IN MÖVCUDLUĞUNA TƏHDİD HESAB EDİLİR

4-05-2021, 18:16 160 dəfə baxılıb

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi 2021-ci ildə gözlənilən qlobal təhdidlər barədə Senatda dinləmələr üçün nəzərdə tutulan hesabat hazırlayıb. Hesabat Senatın silahlı qüvvələrin işi üzrə komitəsinin saytında dərc edilib.

Virtualaz.org xəbər verir ki, sənədə əsasən dünya hazırda qlobal strateji yarış erasını yaşayır. Bu yarışda ABŞ-ın başlıca rəqibləri Rusiya və Çindir. Onlar ABŞ-ın hərbi üstünlüyünə çağırış üçün vasitələr işləyib hazırlayırlar. Hərbi tədbirlərdən əlavə hesabatda ABŞ və Çinin "boz zonadakı” fəaliyyətlərindən də bəhs olunur. Bura proksi-qoşunlardan və muzdlulardan istifadə, kiberhücumlar, informasiya ilə manipulyasiya, rəqiblərinin iqtisadi gücünü zəiflətmək və digər tədbirlər də daxildir.

Hesabatda Rusiya silahlı qüvvələri ABŞ-ın özünün mövcudluğuna potensial təhlükə adlandırılır, bildirilir ki, Rusiya silahlı qüvvələri ölkə sərhədləri boyu yerləşən ölkələrdə Moskvanın təsirini saxlamaq alətidir. Bu təsir hesabına Moskva Vaşinqtonun qlobal liderliyini təhdid edir.

"Moskva ABŞ və NATO-nu Rusiyanın təhlükəsizliyi, onun geosiyasi ambisiyaları və indiki hakim rejim üçün mühüm təhdid kimi nəzərdən keçirir. Moskva Qərblə ayaqlaşmaq üçün bir sıra siyasi, diplomatik, kəşfiyyat, ictimai və hərbi vasitələrdən istifadə edir, amma bu zaman birbaşa münaqişədən qaçmağa çalışır”,-hesabatda deyilir.

ABŞ hərbi kəşfiyyatı Rusiyanın nüvə və qeyri-nüvə qüvvələrinin modernizasiyası barədə ətraflı bəhs edir. Gözlənilir ki, Rusiya yaxın illərdə qeyri-strateji vasitələr hesabına öz nüvə arsenalını ciddi şəkildə artıracaq. Hesabatda o cümlədən Rusiyanın kimyəvi və bioloji silah ehtiyatlarına da malik olduğu bildirilir.

Hesabatda ötən ilin payızında Qarabağda gedən 44 günlük müharibə barədə də bəhs olunur, qeyd edilir ki, Rusiya Qarabağa və Belarusa birbaşa hərbi intervensiyaya qərar vermədi. Amma regionda təsirini başqa metodlarla saxlamağa çalışır-məsələn, hesabatda Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi Moskvanın Qafqazdakı təsirinin güclənməsi kimi nəzərdən keçirilir. Bildirilir ki, hərbi gücdən istifadə təhdidi Rusiyanın Ukraynaya başlıca təsir rıçağıdır.

Hesabat müəllifləri belə qənaətə gəlirlər ki, Rusiya hazırda ABŞ-la birbaşa toqquşmada maraqlı deyil, amma Qərblə qarşıdurmadan da imtina etmir. "Kreml çox güman ki, Vaşinqtonu təxribata çəkməyəcək, amma görsə ki, ABŞ Rusiyanın daxili siyasətinə qarışır və ya onun strateji maraqlarını təhdid edir, buna qərar verə bilər”,-kəşfiyyatçılar bildirir.

Hesabatda Rusiyanın qonşu ölkələrin və NATO üzvü olan ölkələrin daxili siyasətinə təsir göstərmək cəhdləri barədə də ətraflı danışılır. Bildirilir ki, Rusiya koronavirus pandemiyasından istifadə edərək Qərb ölkələrinin hökumətlərinə etimadı sarsıtmaq üçün informasiya kampaniyası aparır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR