Britaniyada 136 min qul var - müasir kölələrin sayı ilbəil artır
![]()
"Reuters" Agentliyinin xəbərində deyilir ki, Böyük Britaniyada ən azı 2200 adam bir ilidir hökumətin qərarını gözləyir. Onlar rəsmən köləlik (quldarlıq) qurbanları kimi tanınacaqlarmı?
Ötən il müasir köləliyin qurbanı qismində ən azı 7000 şübhəli şəxs qeydə alınıb. Bu isə 2017-dəki rəsmi göstəricidən 33 faiz çoxdur. Britaniyada bu kimi halların üstünün açılması üçün aparılan kampaniyanın fəal iştirakçılarının qənaətinə görə, qul kimi saxlanılan hər 10 nəfərdən 6-sı kişidir. Müasir kölələrin arasında uşaqların xüsusi çəkisi 44 faizdir. Yerli "Thomson Foundation" (Tomson fondu) "The National Crime Agency"yə (NCA) istinadən belə məlumat yayıb.
Ötən illə müqayisədə köləlikdən əziyyət çəkdiyinə görə hökumətin yardım etdiyi uşaqların sayı az qala iki dəfə artaraq, 1419 nəfərə çatıb.
Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, biz əmin olmalıyıq ki, hökumət müasir köləliyin qurbanlarına gərək olan yardımı göstərir.
Bəllidir ki, bu kateqoriyaya aid olan insanlar 45 gün davam edən reabilitasiya dövründə hökumətdən ciddi maddi və mənəvi dəstək alır.
Məlumat üçün deyim ki, Britaniya müasir köləliyə qarşı mübarizdə dünya çapında ən öndə gedən ölkə sayılır. Burada müasir köləlik hesab oluna biləcək parametrlər çox geniş məqamları özündə ehtiva edir. Bundan dolayı belə çarpıcı göstəricilər ortaya çıxır. Britaniya insan alverinə qarşı mübarizədə də öndə gedən ölkələrdən biridir.
O da bəllidir ki, köləliyə cəlb olunanların demək olar ki, hamısı əcnəbilərdi. Əsasən Albaniya və Vyetnamdan gələnlər arasında qul hesab oluna biləcək adamlar çoxdur. Belələri adətin ingilis dilini bilmir, ölkədə qaçaq olaraq yaşayır, qeyri-rəsmi şəkildə gördükləri işin müqabilində mövcud standartlardan 3-4 dəfə aşağı maaş alır. Xüsusən kölə-uşaqlar satış məqsədi ilə narkotik malların ölkə daxilində müxtəlif ünvanlara daşınmasında istifadə olunur. Gənc qızların qeyri-rəsmi şəkildə fahişəliyə cəlb olunması isə köləliyin geniş yayılmış formalarından sayılır.
Bəziləri hesab edir ki, ortada olan rəsmi rəqəmlər reallıqdan çox uzaqdır. Böyük Britaniyada qul kimi istifadə olunan insanların sayı 136 mindən çoxdur.
Önəmli olan isə odur ki, Böyük Britaniyada hökumət və ictimaiyyətin fəal kəsimi müasir köləliyə qarşı mübarizədə birgə hərəkət edir.(musavat.com)