Türkiyə turizmində "hər şey daxil" sisteminin gələcəyi müzakirə olunur

29-07-2019, 10:03 257 dəfə baxılıb

Türkiyə turizmində "hər şey daxil" sisteminin gələcəyi müzakirə olunur




Türkiyənin otellərində qidalanma və xidmətin səviyyəsi ilə əlaqədar mümkün islahatlar aparılması ətrafında müzakirələr gedir. Müzakirələrin fonunda gündəmdə olan əsas məsələlərdən biri yenə də "hər şey daxil" sisteminə yenidən baxılmasıdır.

Yüksəkgəlirli turistlərin cəlb olunması məqsədilə yaradılan Türkiyə Turizmin İnkişafı və Tanıdılması Agentliyi yenidən varlı turistlərə necə xidmət göstərilməsini gündəmə gətirib. Yerli müşahidəçilərin sözlərinə görə, Antalya sahillərində istirahət edən turistlər hansısa alternativ üçün hotelin hüdudlarından kənara çıxmaqda maraqlı deyillər. Onlar kənardakı yerli mətbəxin nümunələri ilə maraqlanmır və brend restoranlarda pul xərcləmirlər. Bu səbəbdən hətta varlı turistlər belə otellərdə qalır, çünki onlara təqdim edilən yeməklərin keyfiyyəti kənarda olan bahalı restoranlarla demək olar ki, eynidir.

Türkiyə tacirləri və sənətkarları da "hər şey daxil" sisteminin əleyhinə çıxış edirlər. Türkiyə Sənətkarlar və Ticarətçilər Konfederasiyasının sədri Bəndəvi Palantökən hər il bununla bağlı hökumətə müraciət edir və otellərin hüdudlarından kənarda biznesi məhv edən "hər şey daxil" sisteminin məhdudlaşdırılması, yaxud ləğv edilməsini xahiş edir. Onun sözlərinə görə, vicdanlı ticarətçilər turistləri kontrakt bağladıqları ticarət obyektlərinə aparan bələdçilərlə rəqabət etməkdə çətinlik çəkirlər.

Konfederasiyanın və digər sahələrin nümayəndələrinin tənqidlərinə cavab verən otel sahibləri isə bildirirlər ki, turistlər üçün kənarda maraqlı heç nə yoxdur. Peşəkar Otel Menecerləri Assosiasiyasının prezidenti Ulkay Atmak bildirib ki, qonaqların küçələrdə gəzməsi üçün onlar işıqlı və təmiz olmalı, mağazaların vitrinlərinin tərtibatı cəzbediciliyi və orada satılan mallar keyfiyyəti ilə fərqlənməlidir. Bu şəraiti yaratmaq üçün isə turizm sektorunda çalışanların hamısı öz səylərini birləşdirməlidir.

Rusiya Turizm Operatorları Assosiasiyasının əlaqə saxladığı Türkiyə turizm biznesinin nümayəndələri də hesab edirlər ki, mehmanxana sektorunda dəyişikliklərin vaxtı çatıb. Turistləri qəbul edən şirkətlərdən birinin nümayəndəsi qeyd edib ki, bu gün Türkiyədə "hər şey daxil" sistemini hətta aşağıbüdcəli üç ulduzlu otellər də təklif edir, lakin turistlər onların xidmətlərindən heç də razı deyillər.


OneTwoTrip səyahət məhsulları paketləri istiqamətlərinin rəhbəri Anton Kim qeyd edib ki, orta statistik turistlər turizm istiqamətini öz maliyyə imkanlarına görə seçirlər. Onun sözlərinə görə, Türkiyə həmişə bu istiqamətdə lider ölkə olub və bu səbəbdən səyahətçilər "hər şey daxil" sisteminin ləğv olunacağı barədə xəbərləri həyəcanla qarşılayırlar. Kim əlavə edib ki, Türkiyə otellərinin bu addımı atacağını söyləmək çox tezdir. Onların daha çox pul qazanmaq istəyini başa düşmək olar, lakin "hər şey daxil" sistemindən imtina turist axınının kəskin azalmasına səbəb ola bilər.

Rusiyanın "Inturist" turoperatorunun icraçı direktoru Sergey Tolçin də bildirib ki, bu sistem Türkiyə otellərinin rəqabət qabiliyyətini gücləndirən amillərdən biridir. O əlavə edib ki, otellərdə rezervasiya zamanı onların hər birinin fərdi "hər şey daxil" qaydaları nəzərə alınır. "Bütün bu müzakirələrin nə ilə bitəcəyini indidən söyləmək çətindir. Lakin qeyd etməliyəm ki, turistlər onlar üçün ən əlverişli otelləri seçirlər", -deyə o vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR