“Gov.az” domeni Naxçıvana aiddirmi?

13-09-2019, 11:25 346 dəfə baxılıb

“Gov.az” domeni Naxçıvana aiddirmi?

“Bu gün Azərbaycanda dövlət qurumlarına məxsus vahid interrnet şəbəkəsi, dövlət resurslarına verilən vahid tələblər, dövlət qurumlarının vahid domen adı, xüsusi dövlət rabitəsi, xüsusi dövlət şəbəkələri ilə bağlı bəlli bir qanunvericilik var”.

Cebhe.info xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Son dövrlər bu qanunvericilik xeyli təkmilləşdirilib, təhlükəsizliklə bağlı işlər güclənib. Bütün dövlət orqanları qarşında bu istiqamətdə konkret tələblər qoyulub.

İcrası da Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə tapşırılıb.

“Elektron hökumət” portalı (www.e-gov.az ) ilə bağlı səlahiyyətlər isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyinə verilib.

Amma Naxçıvan Muxtar Respublikasının “Gov.az” sektorunda, "AzStateNet” (Azerbaijan State Network) şəbəkəsində və eGov şəbəkəsində apardığım qısa bir araşdırma göstərdi ki, real vəziyyət çox narahatedicidir:

1. Naxçıvanın dövlət qurumlarında “Gov.az” domeni tətbiq edilmir. Qanunvericilik tələb edir ki, dövlət qurumu mütləq olaraq məhz bu domeni əldə etməlidir. İndiyədək bu qurumlar yalnız adi, qarmaqarışıq, “dqmk.nmr.az”, “aqupdk.nakhchivan.az”, “e-hokumet.nmr.az”, “nazirlerkabineti.nakhchivan.az”, “alimeclis.az” və s. bu tip domenlərdən istifadə edirlər.

Bir müddət öncə Naxçıvan məhkəmələri üçün vahid formada “Gov.az” domeni ayrılıb, “nakhchivancourt.gov.az” və s. “Gov.az”-ın inzibatçısı da XDMX-nin Xüsusi Rabitə qurumudur. Bu qurumun “Gov.az” saytında axtarış verdikdə Naxçıvanın dövlət qurumları ilə bağlı heç nə əldə etmək olmur.

2. Naxçıvan MR-in dövlət qurumlarının saytları ya bəsit vəziyyətdədir, ya da işləmir.
3. Naxçıvan MR “Elektron hökumət” portalı “e-hokumet.nmr.az” işləmir.
4. “Gov” sektorunda rəqəmsallaşma inkişaf etməyib və dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası reallaşmayıb və s.

Belə anladım ki, nə XDMX, nə VXSİ Dövlət Agentliyi (ASAN), nə də “eGov” Mərkəzi Naxçıvan MR-də, demək olar ki, yoxdur.

Düşünürəm ki, bu vəziyyət hakimiyyəti ciddi narahat etməlidir.

Adıçəkilən qurumlar Naxçıvan MR-də, o cümlədən digər regionlarımızda rəqəmsallaşmaya, “eGov” quruculuğuna, ölkənin vahid informasiya məkanının formalaşmasına, xüsusilədə dövlətə məxsus vahid informasiya şəbəkəsinin formalaşmasına ciddi diqqət yetriməli və köməklik göstərməlidirlər.

Vahid yanaşma, mərkəzləşmə tətbiq edilməlidir.

Fikrimcə, Naxçıvan MR-də və regionlarda, bu istiqamətdə işlərin canlandırılması üçün xüsusi dövlət proqramları qəbul edilməlidir.

Son zamanlar qonşu regionlarda baş verənlər göstərir ki, biz öz informasiya və virtual məkanımızın qorunmasına, dövlət informasiya şəbəkəsinin və resurslarının dayanıqlığına daha çox diqqət yetirməliyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR