Azərbaycanda ikinci dalğa: Daha güclü olacaq?

14-09-2020, 17:11 27 dəfə baxılıb

Artıq bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb.

Belə ki, Gürcüstan, Almaniya, Estoniya kimi ölkələr COVID-19-un ikinci dalğasına keçdiklərini elan edib. Lakin ikinci dalğa hər bir ölkədə eyni dərəcədə olmur. Məsələn, Almaniya hökuməti ikinci dalğanın daha kəskin hal aldığını, Estoniya isə ikinci mərhələnin birinciyə niabətdə daha zəif olduğunu bəyan edib.

Maraqlıdır ki, Azərbaycanda ikinci dalğa başlasa, birinci ilə müqayisədə daha zəif, yoxsa daha güclü olacaq?

Bu barədə Cebhe.info-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, payızda soyuqdəymənin artması ilə bağlı olaraq, koronavirusa yoluxmalar da çoxala bilər:

"İkinci dalğanın necə olacağını heç kim dəqiq proqnozlaşdıra bilməz. Bu, bizim özümüzdən aslı olan məsələdir. Lakin deyə bilərəm ki, ola bilsin, ikinci mərhələdə birinci ilə müqayisədə daha çox xəstələnmə hadisəsi olsun. Buna ikinci dalğa deməyək. Sadəcə olaraq, payızda soyuqların düşməsi ilə bağlı respirator xəstəliklər artacaq. Bu da koronavirusun yayılmasını müəyyən qədər sürətləndirə bilər".

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə artıq ilin sonunda COVID-19-da sönmə mərhələsi başlayacaq və ikinci dalğa birinci ilə müqayisədə zəif təsir göstərəcək:

"Koronavirus müxtəlif ölkələrdə müxtılif cür cərəyan edir. Mən düşünürəm ki, Azərbaycanda proses sönməyə doğru gedir. Sadəcə, payızda mövsümü soyuqdəymənin koronavirusla qarışması məsələsi aktuallıq kəsb edir. Bununla bağlı Operativ Qərargah və TƏBİB-in konkret təlimləri olmalı, əhaliyə məsləhət verilməlidir. Bizi narahat edən yalnız budur. Qışın sonunda infeksiya sönməyə doğru getməlidir. Çünki bu cür infeksiyaların konkret bir dövrü var. SARS-la oxşarlığını nəzərə alaq. SARS əgər 6-7 ay davam edibsə, bu da maksimum 1 ilə qədər davam edə bilər. Həmin müddət də bu ilin sonunda başa çatır. Ona görə düşünürəm ki, payızda bir qədər diqqətli olmalıyıq. Ondan sonra proses COVID-19-un sıradan çıxma istiqamətində getməlidir. Mən düşünürəm ki, ikinci dalğanın birinci qədər təsiri ola bilməz".
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR