“Vaksindən daha çox profilaktik tədbirlərə diqqət etməliyik” - Diqqət!

1-07-2020, 09:35 102 dəfə baxılıb

Dünyada yeni növ koronavirusa (COVID19) yoluxanların sayı 10 milyon 258 mini ötüb. 506 minə yaxın ölüm halı qeydə alınıb, 5 milyon 563 min nəfərdən çox insan sağalıb. Qlobal vəziyyətin təhlükəli həddə gəlməsi, bir çox ölkələrdə pandemiyanın ikinci dalğasının başlaması dünya elm mərkəzlərini koronavirusun vaksini və müalicə dərmanlarının hazırlanması ilə bağlı hərəkətə keçməyə məcbur edir.

Bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi yeni tip koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə koalisiyası, qarşıdakı 12 ay ərzində COVİD-19 testi, müalicəsi və peyvəndi üçün 31,3 milyard dollara ehtiyac duyulduğunu açıqlayıb.

Bu açıqlama ÜST-in rəhbəri Tedros Gebreyesusun iştirakı ilə keçirilən videokonfrans zamanı verilib. ÜST-in “ACT-Accelerator” proqramının xüsusi təmsilçisi Nqozi Okonci-İveala deyib ki, aşağı və orta gəlirli ölkələrdə müayinə və müalicə üçün 12 aydan artıq, peyvəndlər üçünsə 18 ayadək vaxt tələb olunur.

Dünya Bankının sabiq rəhbərinin müavini Okonci-İveala, koalisiyanın virusla mübarizə çərçivəsində qarşıdakı 12 ay ərzində test, müalicə və peyvənd üçün 31,3 milyard dollara ehtiyacı olduğunu, lakin indiyə qədər yalnız 3,4 milyard dollar toplandığını bildirib.

Gebreyesus isə deyib ki, COVİD-19-u nəzarət altına almaq və insanların həyatını xilas etmək üçün tayı-bərabəri görülməmiş miqdarda və sürətlə təsirli peyvəndlərə, testlərə və müalicə vasitələrinə ehtiyac var.

ÜST-in aprel ayının sonunda COVİD-19-la mübarizə çərçivəsində tibbi vasitələrlə bağlı araşdırmaların aparılması və onların inkişaf etdirilməsi üçün başlatdığı “ACT-Accelerator” təşəbbüsü 2021-ci ilin ortalarına qədər aşağı və orta gəlirli ölkələrə 500 milyon test və 245 milyon insanı əhatə edəcək müalicəni hədəf götürmüşdü.

Qeyd edək ki, peyvəndlə bağlı araşdırmaların nəticə verəcəyinə bir çox mütəxəssislər inanmır. Azərbaycanlı həkimlər də qrip infeksiyalarında vaksin məsələsinin problemli olduğunu qeyd edirlər.

Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, xəstəliyin ikinci dalğası gözlənilir: “Bəzi yerlərdə onun başlanma əlamətləri var. Ancaq ikinci dalğanın ağır keçib-keçməməsi virusun mutasiya dərəcəsindən asılı olacaq. İlin sonuna yaxın çox güman ki, biz virusla vidalaşmalı olacağıq. Çünki onun əvvəlki analoqları SARS və MERS 6-7 ay davam edir. Koronavirusun isə 9 ay müddətində mövcud olacağı proqnozlaşdırılır. Hələlik məntiqi proqnozlar bunu deyir. Mən vaksinlə bağlı perspektivə inanmıram. Vaksin peyda olana qədər virus da yoxa çıxacaq. Nəfəs yolu ilə yayılan infeksiyalarda vaksinasiya perspektivi hələ ki yoxdur. Çünki qripin, yəni H1N1 virusunun 2000 ştamı var, ancaq indiyə qədər vaksinasiya yoxdur. O mənada biz burada vaksindən daha çox profilaktik tədbirlərə diqqət etməliyik”.

A.Qeybullanın sözlərinə görə, dünyadakı real rəqəmlər rəsmi statistikadan ən azı 2 dəfə çoxdur: “Dünyada xəstələnmə sayı 10 milyondan çoxdursa, bu rəqəmi 2-yə vurmaq lazımdır. Çünki qeydiyyatdan keçməyən, xəstəliyi subklinik formada keçirən xeyli adamlar var. Onları da nəzərə alsaq, bu rəqəm ən azı iki dəfə artırılmalıdır. Hesab edirəm ki, bəzi ölənlər də qeydiyyata düşmür. O baxımdan ölüm statistikası da tam reallığı əks etdirmir. Ancaq bu pandemiyanın ciddi dərsləri var. Hesab edirəm ki, postpandemik dövrdə virusla mübarizə işinə ciddi kapital qoyulmalıdır. Bu istiqamətdə tədqiqatlar genişləndirilməli və dərinləşməlidir”.

Həkim onu da vurğuladı ki, xüsusən Bakıda yoluxma riski çox yüksək olduğundan bir müddət sonra kollektiv immunitet əmələ gələ bilər: “Azərbaycandakı vəziyyətlə bağlı da proqnoz vermək çətindir. Ancaq hər halda, burada da böyük yoluxma potensialı var. Artıq proses kollektiv immunitetin formalaşmasına doğru gedir. Təxminən əhalinin 70 faizə qədəri yoluxmalıdır ki, kollektiv immunitet formalaşsın”.

Baş infeksionist Cəlal İsayev də “Yeni Müsavat”a açıqlamasında peyvəndlə bağlı pozitiv fikir səsləndirməyin çətin olduğunu qeyd etdi: “Peyvənd məsələsi çox mürəkkəb bir məsələdir, ona görə bu barədə konkret heç nə deyə bilmərəm. Peyvənd hazırlandıqdan sonra sınaqdan keçiriləcək, bunun üçün isə zaman və vəsait tələb olunur. Həmin vəsaitin sonradan özünü doğruldacağı da şübhəlidir. Peyvənd tapılana qədər virusun sıradan çıxması isə ehtimaldır, ehtimallardan danışmayaq. Çünki sonradan bu ehtimallar özünü doğrultmur, koronavirus yeni bir infeksiyadır, o, yox ola da bilər, davam edə də bilər. Koronavirusun sələfi SARS 2002-ci ildə yayıldı, Çində, Taylandda və bir-iki qonşu ölkədə aşkar olundu. Təxminən 10 min nəfər insan yoluxdu, 36-40 faiz arasında ölüm faizi oldu, 1 ildən sonra isə yox oldu. Sonra SARS 2 meydana çıxdı. Koronavirusun isə yayılma arealı çox genişdir, ölüm sayı da yüksəkdir. Bu virusun özünü necə aparacağı bəlli deyil. Bu gün dediyimizi sabah inkar etməli oluruqsa, bu virus haqqında fikir söyləmək çox tezdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR