F-16 təyyarələri Ermənistanı və onun havadarlarını niyə narahat edir? - Milli Qəhrəmanın şərhi

28-10-2020, 14:23 53 dəfə baxılıb

Döyüş meydanında uduzan Ermənistan artıq müxtəlif bəhanələr gətirərək məsələyə başqa ölkələri cəlb etmək istəyir.

Bunu Trend-ə açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan indi də Azərbaycanda təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən, Türkiyənin F-16 təyyarələrinin ölkəmizdə olmasından narahatdır:

"Onlar bu məqsədlə münaqişəyə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək istəyir. Bu məqsədlə Türkiyə hərbçilərinin guya Azərbaycan tərəfdən döyüşdüyünü və F-16 təyyarələrinin Azərbaycanda döyüşlərə qatıldığını iddia edir, zaman - zaman bəyanatlar verirlər. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib və sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə nə Türkiyə hərbçilərindən, nə də F-16 təyyarələrindən istifadə edir. Həmin təyyarələr Türkiyə - Azərbaycan hərbi təlimlərində iştirak etmək üçün Azərbaycana gətirilib, stabilləşdirici qüvvə kimi saxlanılıb. Məqsəd odur ki, əgər prosesə 3-cü qüvvə müdaxilə edərsə, F-16 təyyarələrindən həmin vaxt istifadə ediləcək. Hal-hazırda bu F-16-lar istifadəsizdir. Sadəcə, bu məsələ Ermənistanı və bu ölkəni himayə edən dövlətləri narahat edir. Onlar istəyirlər ki, bu yolla Rusiya və digər ölkələri məsələyə cəlb edib status-kvonu bərpa etsin, münaqişəni yenidən uzatsınlar".

Milli Qəhrəman bildirib ki, əslində işğalçı dövlət hazırki dövrdə də başqa ölkələr tərəfindən silahlandırılır: "Bu fakt döyüşlər zamanı ortaya çıxdı. Bir aylıq müddət ərzində baş verən döyüşlərdə Azərbaycan Sİlahlı Qüvvələri tərəfindən məhv edilən və qənimət kimi götürülən silah-sursat, hərbi texnikaların sayı bir daha bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın beynəlxalq kvotadan qat-qat artıq silah-sursat və hərbi - zirehli texnikalarını məhv edib, qənimət kimi götürüb. İqtisadi gücü olmayan Ermənistanda bu qədər silah, hərbi texnika haradandır? Deməli, müxtəlif ölkələr daimi olaraq Ermənistanı silahlandırır. Özlərinin cinayətlərini ört-basdır etmək üçün onlar diqqəti Azərbaycana yönəltmək istəyirlər".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR