Ermənistanın Rusiyadan aldığı SU-30 təyyarələri regionda hərbi balansı dəyişə bilərmi?

3-09-2020, 19:40 464 dəfə baxılıb

“Bu tip silah alınmaları Ermənistanın regionda qüvvələr nisbətini öz xeyrinə dəyişməsi arzusu ilə bağlı olsa belə, bu, Rusiyanın region dövlətlərini Ermənistanın əli ilə təhdid etmək istəyindən başqa bir şey deyil”.

Bunu “MediaPost”a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib. Bildirib ki, bu tip təyyarələrin alınmasını insanlar ciddi qəbul etsə belə, onlar yalnız Ermənistan sərhədləri daxilində istifadə üçün də az yararlıdır:

“Çünki çətin relyefli ərazilərdə aparılan döyüş əməliyyatları müasir dövrdə yalnız helikopterlərin payına düşür. Burada hücumçu və qırıcı təyyarələrin rolu az və təhlükəlidir. Əgər erməni qüvvələri Qarabağda belə bir hava əməliyyatlarına başlamaq istəsələr, taktiki baxımdan dağlıq ərazidə bu tip hava hücumlarına yerli relyef əngəl olacaq. Uzaq məsafədən, məsələn, 200 kilometrdən ölkəmizdə hansısa obyektə zərbə vurmaq istəsələr, həmin təyyarələr daha yüksəkdən uçmalı olacaq. Bu vaxt isə onlar Azərbaycan Silahlı Qüvvələrinin balansında olan strateji hava hücumundan müdafiə sistemlərinin (məsələn, S-300 komplekslərinin) atəşinə tuş gələcək. Azərbaycan Hərbi Hava Qüvvələri bu kimi problemlə rastlaşmayacaq. Çünki silahlanmamızda olan Türkiyə istehsallı hava-yer tipli SOM raketləri hündürlük əldə etməyərək atıla bilir. Bu kimi raketlər taktiki pilotsuz uçuş aparatları (PUA) kimi kiçik hündürlükdən atılandan sonra idarəedici operator tərəfindən müvafiq hündürlüyə qaldırıla bilir”.

Hərbi ekspertin sözlərinə görə, müxtəlif təyinatlı təyyarələrin məhz Dağlıq Qarabağ müharibəsində istifadəsi ermənilərə heç bir üstünlük verməyəcək:

“Bu vaxt onlar uçuş texnikasının kütləvi məhvi ilə rastlaşmağa məhkum olacaq. Bundan əlavə, bura ağır zirehli texnika üçün də məhdud ərazidir. Beləliklə, Ermənistanın həddindən artıq silahla yüklənməsi Qarabağ regionu üçün ciddi faktor ola bilməz”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR