Mediada islahatlar: Yeni mərhələ başlayır - TƏHLİL

13-01-2021, 16:40 154 dəfə baxılıb

Son illər Azərbaycanda siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilir. Artıq sıra media sahəsinə çatıb və bu ildən başlayaraq KİV müstəvisində ciddi addımların atılması, islahatların aparılması planlaşdırılır.
Dünən Prezident İlham Əliyevin Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında imzaladığı Fərman islahatların ilk addımıdır. Ölkə başçısının fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır.

Əlbəttə, digər sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu.

Fərmanda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var.

Həmçinin qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.

Məhz bu səbəbdən ölkəmizdə medianın inkişafının dəstəklənməsində böyük rolu olacaq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Yeni qurumun fəaliyyəti nədən ibarət olacaq? Gözləntilər nədir?

Agentliyin yaradılmasını milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı saymaq olar. Təbii ki, bundan sonra yeni yaradılan qurum informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək. Təəssüf ki, əvvəlki illərdə Azərbaycanın media məkanında, informasiya gündəmimizin formalaşmasında müəyyən boşluqlar mövcud idi. Ötən ilin mühüm tarixi hadisəsi olan Vətən müharibəsi zamanı mediadakı çatışmazlıqlar üzə çıxdı. Bu cür boşluqlardan istifadə edən bəzi sosial media mənsubları öz maraqları naminə cəmiyyəti daim təzyiq altında saxlamağa çalışdılar. Bundan başqa, bir qədər pərakəndəlik halları, qeyri-peşəkarlıq, müharibə zamanı jurnalistlər üçün mövcud olan təlimatlara tam riayət edilməməsi, peşə davranışları və digər məsələlərlə bağlı çatışmazlıqlar da müşahidə olundu. Bütün bunlar mediada ciddi islahatların aparılmasının vacib olduğunu göstərdi.

Artıq yeni dönəmə qədəm qoyuruq, Prezidentin Fərmanı ilə uğurlu və effektli media islahatlarına start verilir. Çox güman ki, yaxın gələcəkdə digər sahələrdə olduğu kimi media istiqamətində də dövlətin geniş islahatlara, yeniliklərə qol qoyacağını müşahidə edəcəyik. Bu, bir reallıqdır ki, hər bir ölkədə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən sayılır. Bu səbəbdən yeni qurumun çoxşaxəli fəaliyyətində informasiya təhlükəsizliyimizə böyük töhfələr verəcəyi şübhə doğurmur. Yəni bundan sonra yuxarıda sadaladığımız problemlərin həlli artıq real görünür və yaxın zamanlarda ortaya effektiv nəticələr qoyulacaq.

Deyə bilərik ki, media sahəsində kosmetik dəyişikliklər dövrü artıq geridə qalıb, parakəndəlik, qeyri peşəkarların KİV-ə axını, mediada yaranmış boşluqların informasiya təhlükəsizliyimizə xələl yetirməsi kimi neqativ halların aradan qaldırılması prioritet məsələdir. Hazırda yeni təsis edilən Medianın İnkişafı Agentliyi məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır.

Mediamızın inkişafında yeni mərhələ

Yeni yaranmış qurumun nizamnaməsi diqqət çəkir. Agentliyin media qurumlarının əcnəbi media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyəti olacaq. Təbii ki, bunun özü milli mediamızın inkişafında yeni imkanlar açır, Azərbaycan media məkanının qloballaşan dünyaya açılmasında münbit şərait yaradır. Yəni qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkili də bundan sonra prioritet məsələ olacaq.

Söhbət beynəlxalq əməkdaşlıqdan gedirsə, bu istiqamətdə yerli kadr potensialının formalaşdırılması zərurəti meydana çıxır. Nizamnamədə belə incə nüanslar da nəzərə alınıb. Belə ki, medianın inkişafının dəstəklənməsi kompleks tədbirlər olduğu üçün bu sahədə mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində də aktiv işlərin görülməsi nəzərdə tutulur. Bundan sonra agentliyin aktiv fəaliyyəti sayəsində jurnalistlərin peşəkarlığı və məsuliyyəti artırılacaq, xarici ölkələrin media qurumlarının bizim üçün faydalı olacaq təcrübələri geniş şəkildə öyrəniləcək.

Yeni qurumun fəaliyyət istiqamətlərindən biri də dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, qurumların KİV-lə təmaslarının təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılmasıdır. Bununla bağlı tədbirlərin həyata keçirilməsi yeni agentliyin əsas işlərindən biri olacaq. Təbii ki, xarici təcrübənin öyrənməsi və əməkdaşlıqların genişlənməsi ilə yanaşı mediamız üçün daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkili də çox mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, indiyədək bu istiqamətdə qarşılıqlı əlaqələr arzuolunan səviyyədə deyildi. Məhz yeni qurumun bundan sonra həmin problemin həll edilməsinə ciddi töhfələr verəcəyi şübhə doğurmur.

Həmçinin nizamnamədə agentliyin fəaliyyət istiqamətlərindən biri kimi media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillərin aparılması, ictimai rəyin öyrənilməsini təşkil etmək kimi məqamların yer alması təqdir edilməlidir. Bu cür təhlillərə ciddi ehtiyac var.

Bundan əlavə, nizamnamədə çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsi də diqqət çəkən məqamdır. Məlum olduğu kimi qeyd edilən istiqamətdə son illərdə müəyyən çatışmazlıqlar yaranmışdı, bu nöqteyi-nəzərdən göstəriləcək istənilən dəstək və tədbirlər çap mediasının inkişafına töhfə vermiş olacaq.

Nəhayət, daha bir vacib nüans onlayn mediada yayımlanan informasiyanın qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək imkanının olmasıdır. Bu, ən həssas və ən çox narazılıq doğuran faktorlardan biri idi.

Əlbəttə, yeni yaranan qurumun çoxşaxəli fəaliyyət istiqamətlərinin olacağı gözləniləndir. Nizamnamədə sadaladığımız və qeyd edilməyən digər məqamlara da diqqət etdikdə aşkar görünür ki, agentliyin yaradılmasında məqsəd ümumilikdə medianın inkişafına dəstəyin genişləndirilməsi və bu istiqamətdə islahatlara başlanması üçün ilkin addımın atılmasıdır.

Agentliyin nizamnaməsində öz əksini tapan hər bir nüans ayrılıqda milli mediamızın inkişafına təkan verəcək. Bir sözlə, deyə bilərik ki, artıq ölkəmizin media məkanında yeni dönəm başlayır və Medianın İnkişafı Agentliyinin qarşısında mühüm vəzifələr durur.
Azvision.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR