Yeni media niyə köhnə qanunlarla idarə olunur?

17-09-2020, 21:39 323 dəfə baxılıb

“1999-cu ildə qəbul olunmuş Kütləvi İnformasiya Vasitələri haqqında qanun, eyni zamanda, sonradan qəbul olunmuş Televiziya və Radio Verilişləri Haqqında Qanun, İctimai TV haqqında qanun və s. kimi kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən çoxsaylı qanunlarımız var. Bunlar artıq köhnəlib, yeni dövrün tələbləri ilə uyğunlaşmır. Bu köhnəlmə tarixilik baxımından deyil, onlar mahiyyəti üzrə artıq yeni dövrün tələblərinə cavab vermirlər”.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Yenisabah.az saytına açıqlamasında deyib. Müşfiq Ələsgərli qeyd edib ki, internet medianın inkişafı hazırda əsas vəzifə kimi qarşıda dayanır:

“Kütləvi İnformasiya Vasitələri Haqqında qanunumuz yeni, rəqəmsal medianın fəaliyyəti ilə uyğunlaşa bilmir. Birinci problem onların domen adı ilə bağlıdır. Bilirsiniz ki, bu gün texnologiya belədir, hər hansı şəxs əziyyət çəkir, bir KİV qurumu yaradır, sabah başqa biri yaratdığı KİV qurumuna bir nöqtə əlavə etməklə yeni bir domen adı ilə həmin qurumun dublikatı kimi fəaliyyət göstərir. Bizdə isə domen adları haqqında qanun yoxdur. İkinci məsələ KİV-lərin təsisçiliyi ilə bağlıdır. Burada xüsusi bir boşluq var. Bilirsiniz ki, ənənəvi mediayla bağlı qanunda belə bir bənd var ki, ali təhsili olmayan şəxs qəzet, jurnal, təsis edə bilməz, amma bu gün onlayn media təsis edən, onlayn informasiya resursu yaradan yüzlərlə, minlərlə şəxs var, onların nəinki ali təhsili, heç orta təhsili də yoxdur. Və onlar öz düşüncələrini media səviyyəsinə gətirirlər. Fotojurnalistika və başqa çoxsaylı sahələr var ki, bunlar bizim ənənəvi KİV haqqında qanunda öz əksini tapmayıb. Mən hesab edirəm ki, KİV haqqında qanun dəyişilməlidir, xüsusi olaraq burada yeni medianın, onlayn informasiya resurslarının, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən maddələr əlavə olunmalıdır. Onlayn media qurumu təsis edən şəxslərin statusları orada bəlli olmalıdır və onlar hansı standartlara əməl etməlidirlərsə, hamısı yeni qanunvericilikdə göstərilməlidir. Baxırsan ki, onlayn informasiya resursu var, sosial şəbəkə üzərindən də fəaliyyətini davam etdirir, özünü KiV qurumu elan edir, amma onların KİV haqqında qanunvericiliyə, standartlara uyğunluğu yoxdur. Bütün bunlar cəmiyyət üçün problem yaradır, onları tənzimləməkdən ötrü qanunvericilik yenilənməlidir”.

Sədr müavini qanunvericiliyə müxtəlif dəyişliklər edildiyini xatırladıb. Qeyd edib ki, İnzibati Xətalar Haqqında Qanuna, Cinayət Məcəlləsinə, İnformasiya, İnformasiyalaşdırma və İnformasiya Mühafizəsi Haqqında Qanuna yeni medianın tənzimlənməsi üçün bir sıra müddəalar əlavə edilib, hətta KİV Haqqında Qanunun üçüncü maddəsində də göstərilib ki, internet üzərindən yayımlanan KİV-lər də kütləvi informasiya vasitəsi sayılırlar, amma bir daha vurğulayıram, KİV qurumu haqda bir sıra standartlar var ki onlar tənzimlənməlidir. Bura KİV qurumunun təsis edilməsi, fəaliyyəti, müəyyən hüquqların qorunması, işçi hüquqları, söz azadlığının hüdudları, sözdən sui istifadə haqqında maddələr aiddir. Bu gün bunlar onlayn informasiya resurslarında görünmür, qanunvericilikdə yoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR