Tibbi sığorta haqlarının yığılmasına başlandı - Kimlər ödənişdən azaddır?

15-01-2021, 08:34 45 dəfə baxılıb

Tibbi sığorta haqlarının yığılmasına başlandı - Kimlər ödənişdən azaddır?

Bu ilin 1 yanvarından etibarən Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının qanuna əsasən dövlət, qeyri-dövlət və neft və qeyri-neft sektorunda çalışanların, mülki və hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqqlarının toplanılmasına başlanılıb. Hələ də bir çoxlarına məlum olmayan bu sığorta barədə açıq qalan suallarımıza elə qurumun özü ilə yadınlıq gətirməyə çalışdıq.

AYNA-nın məsələnin detalları ilə bağlı suallarını İcbari Tibbi Sığorta Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Aynurə Əhmədova cavablandırdı.

- İcbari Tibbi Sığorta haqqları nə qədərdi?

-Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faizdən, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərin aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fikizi şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olub. Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olunmaqla Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minumum əmək haqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əmək haqqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

- İcbari tibbi sığorta kimlərə şamil ediləcək, kimlərə şamil edilməyəcək?

- İcbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) şamil edilmir.

- İTS ödənişindən kimlər azaddır? Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına da tətbiq edilən İTS ödənişləri necə olacaq? Onlar da ödəniş etməli olacaqlarmı? İTS uşaqlar üçün də tətbiq olunurmu? Onların ödənişi necə həyata keçiriləcək?

- “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddəsinə əsasən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılıb.

Qanuna əsasən yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Hazırda digər şəxslər üçün icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bir daha nəzərinizə çatdırırıq ki, digər şəxslərə heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər aid edilir. Əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR