Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin yaradılması
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir.Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il may ayının 27-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı qoyulub.Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.
Yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.
Yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.