Rusiyanın AŞ PA-ya dönüşü və Bakının siyasi dəstəyi - TƏHLİL

28-06-2019, 11:24 315 dəfə baxılıb

Rusiyanın AŞ PA-ya dönüşü və Bakının siyasi dəstəyi - TƏHLİL

İyunun 25-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya heyətinin tam səsvermə hüququ ilə quruma dönməsinə icazə verib. “Yeni Müsavat” xəbər verir ki, Krımın ilhaqına görə səsvermə hüququ dondurulan Rusiyanın qayıdışı böyük əks-səda doğurub.

“Bloomberg”in yazarı Leonid Berşidskinin fikrincə, dəyişikliyin səbəbi anlaqlı deyil. O, hesab edir ki, əslində AŞ PA elə də güclü beynəlxalq qurum deyil. 1996-cı ildə Rusiya AŞ PA-ya qatıldıqda, ölüm cəzasına moratorium qoymaq məcburiyyətində qalıb, bu moratorium hələ də qüvvədədir.

Ancaq çox səxavətli büdcəyə alışmış (hazırda 416,7 milyon avro, ya da 474 milyon dollar) AŞ PA üçün Rusiyanın böyük maliyyə yardımlarından məhrum olması ciddi maliyyə təhdidi meydana gətirib. Ötən il AŞ PA bəyan edib ki, Türkiyə və Rusiyanın ucbatından Avropa Şurası tarixdə ilk dəfə 42,65 milyon avro məbləğində maliyyə riski ilə üzləşəcək.

Səsvermədə Qərbi Avropa dövlətlərinin əksəriyyəti və bəzi postsovet nümayəndə heyətləri Rusiyanın AŞ PA-ya qaytarılmasını dəstəkləyib, şərqi avropalılar isə buna qarşı çıxıblar. Sənədi 118 deputat dəstəkləyib, 62 deputat qətnamənin əleyhinə çıxış edib, daha onu isə bitərəf qalıb.

Gürcüstan nümayəndə heyəti bütövlüklə qətnamənin əleyhinə səs verib, bu da Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyi nəzərə almaqla gözlənilən idi.

AŞ PA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Paşinyanın “Mənim addımım” blokunun üzvü Ruben Rubenyan Rusiyanın AŞ PA-ya qayıtmasının əleyhinə səs verib. Rusiyanın mövqeyini bütövlüklə Fransa, İtaliya, Türkiyə, Portuqaliya və digər dövlətlər dəstəkləyiblər. Azərbaycan nümayəndə heyəti, əksinə, Rusiyanın AŞ PA-ya qayıtmasını dəstəkləyib və bu da Moskva və Bakı arasındakı yüksək əlaqələri nəzərə almaqla sürpriz sayılmamalıdır.

Ukrayna xüsusilə sərt mövqe tutub: nümayəndə heyəti yığıncaqdan çıxıb və prezident Vladimir Zelenskini Ukraynanın Avropa Şurasında qalıb-qalmaması haqda düşünməyə çağırıb.

Rusiya ümid edir ki, avropalılar daha sıx iqtisadi əməkdaşlığa dönmənin faydalarını başa düşdükcə, bütün digər Qərb sanksiyaları, xüsusilə də avropalıların tətbiq etdikləri ləğv olunacaq.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, səsvermədə Ermənistan nümayəndə heyəti ikiyə bölünüb: “Yarısı bu qərarın lehinə, yarısı əleyhinə səs verib. Azərbaycan isə komanda şəklində çıxış edib. Bəzi şərhçilərin fikrincə, belə olmamalıdır, hərə öz fikrini deməlidir. Mən isə dövlət maraqları naminə komanda şəklində bir yerə vurmağın tərəfdarıyam. Çünki AŞ PA elə tribunadır ki, burada gərək dövlətçilik maraqlarını üstün tutasan. Eyni zamanda Rusiya bizim əbədi qonşumuzdur, qonşular arasında narazılıqlar ola da bilər. Lakin konsensus yolu ilə problemlər həll edilir, daimi gərgin münasibətdə qalmaq heç bir tərəfin xeyrinə olmur”.

Analitik hesab edir ki, rəsmi Bakı düzgün addım atıb: “Müxtəlif təşkilatların bizə qarşı ədalətsiz, qərəzli mövqelərinin şahidi olmuşuq. Bizə qondarma ittihamlarla təzyiq göstərməyə çalışıblar. Bunları nəzərə almaq laızmdır. İkincisi, sanksiyalar məsələnin həllinə qulluq etmir. Sadəcə, sanksiyaların tətbiqi müəyyən lobbi qruplarının əvəz çıxmaq seçimidir, sonra düzəlir. Rusiyanı çox təcrid etdilər, sonra geri qaytardılar. Şübhəsiz ki, Rusiyanın AŞ PA-ya maliyyə yardımı etməsi də bu məsələdə böyük rol oynadı. O baxımdan sanksiyalar yol deyil, konflikti daha da dərinləşdirir, problemi kəskinləşdirir. Ukrayna aydındır ki, etiraz etməli idi. Emosionallığa qapılıb zalı tərk edə bilərlər, amma bir müddət sonra qayıdacaqlar. Biz Rusiya ilə münasibətlərimizə həssas yanaşmalıyıq”.

Ekspert bu prosesdə Rusiyanın haradasa qalib gəldiyini istisna etmir: “Ola bilsin ki, Rusiya qalib gəldi. Həm Krımı götürdü, həm yenidən AŞ PA-ya qayıtdı. Amma təməli qoyan Amerikadır. ABŞ-ın dağıdıcı siyasəti Rusiyaya bu imkanları yaradır.

Mən Dövlət Departamentində də açıq demişəm ki, Amerikanın dünyada yaratdığı presedentlər problemləri ağırlaşdırır. Yuqoslaviyanı dağıtdılar, Kosovo yaratdılar. Bununla dünyanın nizamının çöküşü başladı".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR