"Kəlbəcər girovları" Azərbaycana qaytarılır..

24-09-2019, 09:02 344 dəfə baxılıb

"Kəlbəcər girovları" Azərbaycana qaytarılır..

Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammit öz işinə başlayıb. “Qanunun aliliyi: Demokratik qanunvericilik, məhkəmələrin müstəqilliyi və bərabər siyasi iştirakçılıq imkanları” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanda baş verən son hadisələr fonunda baş nazir Nikol Paşinyanın davranışları, siyasi rəqiblərinə qarşı repressiya tədbirləri, habelə Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq hüquqa zidd açıqlamalarını xatırladıb və ATƏT üzvü olan ölkələrin bu məsələlərə hüquqi-siyasi qiymət vermələrini tələb edib: “Bu gün Ermənistanda faşist ideologiyasına söykənən avtoritar bir rejim möhkəmlənməkdədir.

Siyasi rəqiblərinə qarşı amansız repressiyalar tətbiq edən və ”məhkəmə islahatları" adı altında bütün ölkə məhkəmələrini şəxsi nəzarətinə almağa çalışan Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları nə beynəlxalq hüquqa, nə də ATƏT-in təməl prinsiplərinə uyğun deyil. “Dağlıq Qarabağ Ermənistandır, vəssalam” deyən erməni baş nazirinin bu sərsəm və qanunazidd açıqlamalarına adekvat qiymət verilməsini burada əyləşən hər kəsdən tələb edirəm".

Hüquq müdafiəçisi Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini də qaldırıb. O, Azərbaycan hökumətinin əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini bir daha ötən həftə rəsmi şəkildə Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara ünvanladığını xatırladıb.

Qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə atasının yaxın zamanda azad ediləcəyinə inandığını bildirib. K.Əsgərov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, eyni zamanda Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti qurumların birgə həyata keçirdikləri işlərin bəhrəsi olaraq yaxın vaxtlarda Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək: “Buna inanıram. Məlumdur ki, Azərbaycanda da erməni diversantlar saxlanılır. Fikrimcə, onların erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi barədə razılıq əldə olunub. Bununla bağlı Ermənistan baş nazirinin köməkçisi və müdafə naziri də açıqlama verdi ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun dəyişdirilməsi prosesi istisna deyil. Bunu Ermənistanın xarici işlər naziri də təsdiqləmişdi. Ümid edirəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək və onlar ailələrinə qovuşacaqlar”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların hazırda Şuşada saxlandığı bildirilir.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR