“...Siyasətdən getməsəm, insan deyiləm”

11-12-2019, 20:11 129 dəfə baxılıb

“...Siyasətdən getməsəm, insan deyiləm”

Azərbaycan Demokrat Partiyası gələn il 9 fevralda keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. 28 iddiaçının iştirak edəcəyi seçkidə partiyanın sədri Sərdar Cəlaloğlu 15 saylı Yasamal I seçki dairəsindən namizəd olacaq. Bu da ciddi müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə belə iddialar irəli sürülüb ki, ADP sədri hakimiyyətin müəyyən qanadı ilə razılaşma əsasında həmin dairəyə gedib. Belə ehtimalların formalaşması isə əsassız deyil. Belə ki, S.Cəlaloğlu indiyə qədər iki dəfə 9 saylı Binəqədi seçki dairəsindən və 21 saylı Nəsimi seçki dairəsindən namizəd olub. Hər kəs onun bu iki dairədən birindən, əsasən də son iştirak etdiyi Nəsimidən namizəd olacağını gözləyirdi. Amma, necə deyərlər, ADP sədri “sağ göstərib, sol vurdu”...
İddialarla bağlı S.Cəlaloğlu “Yeni Müsavat”a bunları dedi: “Əvvəla, onu deyim ki, hər bir dairədən namizədliyimizi verərkən müəyyən prinsipləri əsas götürmüşük. 2005-ci ildə 9 saylı Binəqədi dairəsindən namizədliyimi ”Azadlıq bloku" irəli sürmüşdü. O zaman həddindən artıq böyük səs yığdım. 9-cu dairədə mən qalib gəlmişdim, lakin, bildiyiniz kimi, həbslər filan oldu və orada nəticələr ləğv olundu. Təkrar seçkilərdə o zaman, ümumiyyətlə, iştirakdan imtina etdim. Seçkilərdə ikinci dəfə 21 saylı Nəsimi seçki dairəsindən namizədliyimi verdim. Partiya hesab etmişdi ki, orada təbliğat aparmaq daha asandır. 15 saylı dairə mənim üçün çox yaxındır. Bunun da səbəbi var. 5 illik tələbəlik illərimdə o ərazidə yaşamışam. Orada həddindən artıq dostlarım, tanışlarım var. Rayon təşkilatımız da orada çox güclüdür. Bu baxımdan məsləhət gördük ki, oradan namizəd olum. Deyilən şeylərin hamısı böhtandan başqa bir şey deyil. Siyasi partiyalarla vahid namizədlik yolunda müəyyən razılaşmalarımız var. Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum, yəni də mümkündür. İlkin olaraq, sadəcə, namizədliyim verilib. Bu iddiaların heç bir əsası yoxdur. Tamamilə boş və mənasızdır. Mən istənilən dairədən namizədliyimi verib qalib gələrəm. Heç bir dairə mənim üçün pis və ya yaxşı deyil. Guya mən hökumətlə danışıqlara gedib seçkilərə getmişəm, dairəmi də müəyyənləşdirmişəm deyən adamlar mənəviyyatsız insanlardır. Bununla bağlı ortaya bir fakt qoysunlar, fikir irəli sürsünlər. 21-ci dairədən namizəd versəydim, eyni sözləri deyəcəkdilər. Hansı formada olursa, olsun, bir dairədən deputat olmamışamsa, oradan təkrar namizəd verməyi düzgün hesab etmirəm. Həm də o dairədən olan seçicilərə sözümü kifayət qədər demişəm. Dairəmi dəyişməklə seçicilərimin, sadəcə, siyahısını genişləndirirəm. 9-cü dairənin seçiciləri məni yaxşı tanıyırlar. 21-ci dairədə də belə idi. İndi də 15-ci dairə tanıyacaq. Dairəmi dəyişməklə həm də onu nümayiş etdirirəm ki, mənim üçün dairəni dəyişməyin heç bir önəmi yoxdur. İstənilən dairədən namizəd olub seçilə bilərəm".
S.Cəlaloğlu 15 saylı dairənin indiki deputatı Ülvi Quliyevi udacağını da söylədi: “YAP-ın ən ”xod" gedən, yaxud ilk 10 onluqda olan, nüfuzlu sayılan insanları gəlsinlər bir dairədən namizəd olaq. Onların toplam səsindən çox toplamasam, siyasətdən getməsəm, insan deyiləm. Prezident seçkilərində rəsmən ikinci yerə çıxmışam, sadəcə, qeyri-rəsmi üçün yer elan ediblər. O seçkilərdə 6 partiya sədrini udmuşam. İndi YAP-ın namizədi nə qədər güclü reytinqə malik olacaq ki, gəlib mənə qalib gəlsin. Bu baxımdan mənim üçün heç bir dairədən namizədliyimi vermək problem deyil. Vaxt var, digər partiyalarla razılaşacağıq. Ola bilsin ki, dairəmi dəyişim. Amma mənə elə gəlir ki, həmin dairədən başqa partiyalar namizədlər irəli sürməzlər. O dairədən vaxtilə İsa Qəmbər də, Əli Əliyev də namizədliyini verib. Orada müxalif əhvali-ruhiyyəli elektorat var. Hər bir namizədin gərək seçicilərə bağlılığı olsun. Mən də orada 5 il qaldığım üçün bağlılığım var. Müəyyən nüansları nəzərə alıb dairəni seçirik. Deyilən ittihamları vicdansızlar səsləndirir. Bu fikirlər vicdansızlıqla ortalığa atılır. Müsavatla anlaşmamız olub ki, namizəd məsələsində razılaşaq. Ümid, VİP və digər partiyalarla da razılaşmamız olub. Çalışırıq ki, dairələrdə alternativ namizədlərimiz olmasın. Belə olan təqdirdə ola bilsin ki, namizədlərimizdən seçkidə iştirak etməyənlər olsun. Seçki situasiyasına uyğun siyasət aparırıq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR