Ermənistanın əlindən çıxan son ümidi: KTM-lə bağlı təfərrüat – Müqavilədə nələr yazılıb?

16-10-2020, 14:10 279 dəfə baxılıb

Son hadisələr işığında Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) qüvvəyə minməsi məsələsi getdikcə daha çox müzakirə olunur.

Bəs, sözügedən Müqavilənin məğzi nədən ibarətdir?

KTM, "sülhün, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, iştirakçı ölkələrin müstəqilliyinin, ərazi bütövlüyünün və suiverenliyinin qorunması” məqsədi ilə imzalanan beynəlxalq müqavilədir.

Sözügedən müqaviləni imzalayan tərəflər Rusiya Federasiyası, Ermənistan Respublikası, eləcə də digər 4 postsovet dövlətidir.

Bir çox ekspertlər bu müqaviləni əsas gətirərək Qarabağ müharibəsində KTMT üzvləri olan dövlətlərin Ermənistana hərbi yardım göstərə biləcəyini iddia edirlər. Bu mümkündürmü, müqavilə buna əsas verirmi?

Nəzərinizə çatdırım ki, KTM-nin 4-cü maddəsində bildirilir ki, iştirakçı dövlətlərdən biri təcavüzə məruz qalarsa (red. təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyünə və suverenliyə təhlükə yaradan silahlı hücuma), bu, Müqavilə iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Burada olduqca gəliz bir sual ortaya çıxır: Ermənistanın Azərbaycanın təhlükəsizliyinə, sabitliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradan silahlı hücumuna (təcavüzünə) qarşı Azərbaycanın cavab tədbirləri (red.özünümüdafiə) Azərbaycan tərəfindən Ermənistana silahlı hücum (təcəvüz) kimi qəbul ediləcəkmi?!

Beynəlxalq hüquqda (red. Baş Assambleyanın 14 dekabr 1974-cü il tarixli 3314 (XXIX) qətnaməsi, maddə 1) təcavüz, bir dövlətin başqa bir dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı başqa bir şəkildə silahlı gücün tətbiq edilməsidir.

BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvü olan ölkə (red. ərazi bütövlüyü müvafiq sənədlərlə tanınan Azərbaycan Respublikası da bu dövlətlərdən biridir) silahlı hücuma məruz qaldığı halda, fərdi və ya kollektiv özünümüdafiə hüququna malikdir.

Onu da qeyd edim ki, KTM-nin 6-cı maddəsinə görə, iştirakçı dövlətlərin ərazisi xaricində kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrindən istifadə edilməsi müstəsna olaraq beynəlxalq təhlükəsizlik maraqları naminə və BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirilə bilər.

Deyilənlərdən belə nəticə hasil olur ki, Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanındanılmaz özünümüdafiə hüququ vardır. Azərbaycana qarşı təcavüz faktı isə hələ uzaq 90-cı illərdə öz təsdiqini tapmışdır. Azərbaycan tərəfi bu gün də silahlı təcavüzə məruz qalmaqdadır.

Belə olduğu halda, Ermənistan KTMT-yə müraciət edib, iştirakçı dövlətlərin onu müdafiə etmələrini xahiş edə bilərmi? Xeyr, çünki təcavüzkar ölkənin bunun üçün heç bir hüquqi əsası yoxdur.

Bəs, Rusiya Ermənistanın müraciətinə cavab olaraq, fəal hərbi əməliyyatlara başlaya bilərmi? Xeyr, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsinin 6-cı maddəsinə uyğun olaraq, Müqavilə iştirakçısı olan tərəfin hərəkətləri BMT Nizamnaməsinə zidd olmamalıdır. BMT Nizamnaməsi isə, bildiyimiz kimi, dövlətin özünümüdafiə hüququnu tanıyır.

Nigar Nuriyeva
London Iqtısadıyyat və Siyasi Elmlər Məktəbi (LSE) //sfera.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR