“Şuşada Türkiyənin qarnizonu yaradılmalı, konsulluğu açılmalıdır” - TƏLƏB!

27-04-2021, 15:54 108 dəfə baxılıb

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də növbədənkənar parlament seçkiləri ilə bağlı vəzifəsindən istefa verib. Paşinyan bu addımı parlamentin buraxılması mexanizmini işə salmaq üçün atıb. Həmin dövrə qədər hökumətə rəhbərlik edəcək.

Hazırda isə erməni cəmiyyətindəki uçurum son həddə qədər dərinləşib. Azərbaycan torpaqlarının işğalından sonra ölkə "kor dalana” çevrilib. Bu üzdən ölkə regiondakı böyük və perspektivli layihələrdən uzaq düşüb. 44 günlük müharibə və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Ermənistan üçün yeni imkanlar yaradıb. Ölkə siyasi və iqtisadi problemlər məngənəsində çabalayır. Rusiyapərəst qüvvələr vəziyyəti daha da gərginləşdirməkdə maraqlıdır. Xankəndində Rusiya hərbçilərinin parad keçirməsi məsələsinin dönə-dönə qabardılması da bu qüvvələrin vəziyyəti gərginləşdirmək istəklərindən irəli gəlir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat”a deyib ki, Nikol Paşinyanın istefası texniki bir istefadır: "Paşinyan istefa verməsəydi, Ermənistan konstitusiyasına görə seçki keçirmək olmazdı. O, bu müddətdə baş nazir səlahiyyətlərini icra edəcək. Növbədənkənar parlament seçkiləri Nikol Paşinyan hakimiyyətini gücləndirməyə hesablanıb. Rusiya isə Ermənistanda Paşinyan hakimiyyətinin güclənməsində maraqlı deyil. Rusiyanın Qarabağda mayın 9-u planlaşdırdığı parad başdan-ayağa təxribatdır. Birincisi, bu, Azərbaycan tərəfi ilə razılaşdırılmayıb. İkincisi, sülhməramlı qüvvələrin parad keçirməsinə ehtiyac yoxdur. Bu, sadəcə təxribatdır”.

Politoloq deyir ki, sülhməramlı qüvvələrin parad keçirməsi mandatlarına ziddir: "Bu addım mandatlarını ciddi şəkildə şübhə altına alır. Bundan başqa, Rusiyanın Araiki Moskvaya çağırması da təxribatdan başqa bir şey deyil. Onu Moskvaya niyə çağırıblar? Nə müzakirə ediblər? Və artıq Azərbaycan hakimiyyəti öz narazılığını zaman-zaman dilə gətirir. Buna qədər Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə suyu üfürə-üfürə içirdisə, artıq hətta Azərbaycanın dövlət televiziyasında Rusiya əleyhinə reportajlar yayımlanır. Azərbaycanın ictimaiyyət nümayəndələri 2 dəfə Rusiya səfirinə məktub yazıb. Halbuki mən buna müsbət yanaşmadım. Çünki səfirə məktub yazmaq yox, səfirə nota vermək lazımdır. O, birinci məktuba da heç reaksiya vermədi. Görünən odur ki, Azərbaycan hakimiyyəti Rusiyanın bu hərəkətindən narazıdır. Parad, Araikin Moskvaya çağırılması, modul tipli kazarmaların artırılması ondan xəbər verir ki, Rusiya Azərbaycanla razılaşdırılmayan addımlar atır. Artıq bu nəticəyə gəlmək olar ki, Rusiya erməni separatizmini himayə edir. Biz bunu əvvəl də bilirdik. Əvvəllər bunu qeyri-rəsmi şəkildə edirdilər, indi isə rəsmiləşdirməyə, açıq şəkildə etməyə çalışırlar. Əvvəllər Qarabağ separatçıları Ermənistana tabe idisə, indi artıq Moskvaya tabedirlər. Bizim üçün nə fərqi var ki, bunlar kimə tabedir? Əsas odur ki, separatizm qalır və biz onları neytrallaşdırmalıyıq”.

Politoloq deyir ki, hazırkı vəziyyət gələcəkdə bölgədə növbəti gərginlik ocağını artırmağa xidmət edir: "Bu gün Türkiyə bizdən atdım atmağı gözləyir. Biz Türkiyəyə doğru addım atsaq, Türkiyə biz deyəni yerinə yetirəcək. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir. Mayın ortasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana, Şuşaya gələcək. Cümhurbaşqanı Şuşadan ciddi mesajlar verəcək. Şuşada Türkiyənin qarnizonu yaradılmalıdır, Şuşada Türkiyənin konsulluğu açılmalıdır. Bu, bizim həm Amerikaya, həm də Rusiyanın bu təxribatçı addımlarına ciddi bir cavabımız olar. O addımları biz atmalıyıq. Atmasaq, Rusiyanın təxribatları artacaq. Çünki Rusiya qarşısında Azərbaycanı görür və düşünürlər ki, balaca dövlətdir, təzyiq edirlər. Amma qarşısında Türkiyə-Azərbaycan hərbi ittifaqını görsə, özünü yığışdırar. Rusiya Ukrayna sərhədlərində özünü xuliqan kimi aparırdı. Sərhədə yüz minlik qoşun yığmışdı. ABŞ Avropa ölkələrindən bir qədər əzələ göstərən kimi Rusiya qoşunlarını geri çəkdi. Yəni Rusiya güc ilə hesablaşır, güc qarşısında güc görməyəndə daha çox üzərinə gedir”.

Politoloq mayın 9-da Azərbaycanın Türkiyə ilə birgə Xankəndində hərbi paradı qəbul edən tərəf kimi çıxış etməsi təklifindən də danışıb: "Azərbaycan öz torpaqlarında hərbi paradı qəbul edə bilər. Lakin kim təminat verə bilər ki, biz orada təxribatla üzləşməyəcəyik? Rusiyanın dəstəklədiyi separatçılar o paradda iştirak edə bilər. Araik Arutyunyan, Ermənistandan nümayəndə heyətləri çağıra bilərlər. Təxmin etmirəm ki, hər hansı bir azərbaycanlı zabit hərbi paradda erməni separatçısı ilə yanaşı addımlayar. Bu bizim maraqlara da ziddir. Azərbaycan 2 addım atmalıdır. Xarici İşlər Nazirliyi kəskin bəyanat hazırlayıb Rusiyadan parad təxribatına son qoymağı tələb etməlidir. Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub məsələ aydınlaşdırılmalıdır və ona nota verilməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR