Lavrovun “5 rayon qaytarılmalıdır” açıqlaması nədən xəbər verir?

23-09-2020, 19:22 226 dəfə baxılıb

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü zamanı bir sıra maraqlı fikirlər səsləndirib. O deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri münaqişənin nizamlanması prosesinə maneə törədir.
“Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”,- deyə Lavrov bildirib.

Siyasi ekspertlər Lavrovun birdən-birə Ermənistan əleyhinə çıxışlar etməsini maraqlı məqam kimi dəyərləndirirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a şərhində deyib ki, Rusiya Xarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hakimiyyəti haqqında buna qədər səsləndirmədiyi sözləri işlədib:

“Əgər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sonradan təkzib mənasında Lavrovun sözlərinin doğru yayınlanmadığını bildirməyəsəksə, Rusiyanın xarici işlər nazirinin Milli Məclis sədrinə dedikləri ciddi əhəmiyyət kəsb edir. Birincisi, Lavrov demək istəyir ki, Rusiya hakimiyyəti münaqişənin “mərhələli həll” planını dəstəkləyir, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan buna mane olur. Sual olunur, əgər Nikol Paşinyan Moskvanın dəstəklədiyi “mərhələli həll” planını əngəlləyirsə və erməni baş nazir Lavrovun təbirincə desək, “nizamlamaya mane olursa”, nədən Rusiya Ermənistana hərbi yardımı dayandırmır, tam əksinə hərbi yüklərin daşınması davam edir. Paşinyan Moskvanın “sülh səylərini” əngəlləyirsə, Kreml məntiqlə Paşinyana təzyiq etməli, ən azı onun əli ilə Ermənistan ordusunun gücləndirilməsini müvəqqəti dayandırmalıdır. Digər tərəfdən, Rusiyanın əlində Paşinyana təzyiq etmək üçün kifayət qədər iqtisadi və enerji alətləri var. Kreml bu təzyiq alətlərindən yararlanmır. Yəni Paşinyanı başa salmaq üçün Kremlin əlində alətlərin sayı kifayət qədərdir, ancaq bunların heç birindən istifadə olunmur”.

Politoloq bildirib ki, görünür, Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir. Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək ruhunu bilərək “Paşinyan sözümüzə qulaq asmır” açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə riskini azaltmağa çalışır:

“İkinci bir tərəfdən isə Lavrov 5 rayonun azad olunmasından danışarkən, Şuşa, Kəlbəcər və Laçının taleyi barədə fikir söyləməyib. Biz isə 5 rayonun azad olunmasıyla kifayətlənə bilmərik. Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya sistemini yalnız o halda bərpa edə bilər ki, 5 rayonla yanaşı Şuşa, Kəlbəcər və Laçının da azad olunması təmin edilsin. Ermənistan hakimiyyəti yerli separatçılarla birgə təxribatlarını – köçü, müəssisələrin açılmasını və “parlamentin” köçürülməsini məhz adı çəkilən rayonlarımızda həyata keçirir. Lavrovun isə bu haqda mövqeyi bəlli deyil. Üçüncü məqam Lavrov “əraziyə sülhməramlıların yerləşdirilməsi vacibdir” deyərkən şübhəsiz Rusiya hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərdə tutur. Buna isə yol vermək olmaz. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda neytral ölkələrin sülhməramlıları yerləşdirilməlidir. Çünki Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə, bir daha Azərbaycandan çıxmayacaq. Elə SSRİ dövründə Qarabağ separatçıları rusların bölgədəki hərbi bazalarından əldə etdiyi silahlar və hərbi texnika vasitəsilə torpaqlarımızı işğal etmiş, qətliamlar törətmişdi. Əgər Moskva rus “sülhməramlılarının” bölgədə yerləşməsində israr edərsə, biz də Türkiyə hərbçilərinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsində, o cümlədən Şuşada, Kəlbəcərdə və Laçında yerləşməsini təmin etməliyik”.

Politoloq hesab edir ki, Sergey Lavrovun açıqlaması Nikol Paşinyanın və onun komandasının tənqidinə səbəb olacaq, eyni zamanda erməni baş nazirin əsas rəqibi və Kremlin yaxın dostu Robert Koçaryanın əlini gücləndirəcək: “Məhz Koçaryan bir neçə gün əvvəl erməni ekspertlərlə görüşdə demişdi ki, Paşinyanın Rusiya ilə soyuq münasibətləri Ermənistan üçün ciddi problemə çevriləcək. Lavrov son açıqlamasını prezident Vladimir Putinlə razılaşdırıb və bəlkə də onun təlimatıyla belə danışıb. Putin Lavrov vasitəsilə Paşinyan haqqında düşündüklərini səsləndirməklə Ermənistanda hakimiyyətdə kimi görmək istədiyini ortaya qoyub.

Bütün hallarda Rusiya rəsmilərindən kimsə ilk dəfə açıq şəkildə Paşinyandan narazı olduqlarını və 5 rayonun azad edilməsi vacibliyini dilə gətirib. Bu, Azərbaycan - Türkiyə hərbi ittifaqı gücləndirilməsinin və müharibə hazırlıqlarının doğru strategiya olduğunun göstəricisidir. Demək, Ermənistana hərbi təzyiqi artırmaqda fayda var".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR