Ermənistanda uduzan əslində RUSİYADIR... - BAKIDAN RƏYLƏR

21-06-2021, 16:40 155 dəfə baxılıb

Ermənistanda kritik parlament seçkiləri başa çatdı və nəticələr ortadadır. Erməni xalqı "müharibə partiyası"nı deyil, "sülh partiyası"nı seçdi. İnqilab yolu ilə 2018-ci ildə hakimiyyətə gələn qərbyönümlü Nikol Paşinyan böyük üstünlüklə qalib gəldi. Ermənistan onun rəhbərliyi altında biabırçı məğlubiyyətə uğrasa da, görünən budur ki, düşmən ölkənin əhalisi savaşlardan yorulub, 44 günlük müharibədən tarixi dərsini alıb və hər hansı revanşist cərəyanın təkrar başına gəlməsindən çəkinir.

Ermənistanda keçirilən seçkilər Azərbaycanda da böyük həssaslıqla izlənildi. İstər ənənəvi mediada, istərsə sosial mediada, son 24 saatın əsas mövzusu Ermənistanda keçirilən seçkilər idi.

Ölkəmizin rəy liderləri, məşhur imzaları bu seçkilər və onların nəticələri ilə bağlı fikirlərini ifadə ediblər.

Musavat.com həmin rəylərdən bir qismini oxucularının diqqətinə təqdim edir.

Sabiq Baş nazir, AXP sədri Pənah Hüseyn: "Ermənilər "müharibə partiyası"na səs vermədi! Ciddi hadisədir".

Professor Qulu Məhərrəmli: "Parlament seçkisində güclü əzm və iradə göstərən N.Paşinyanın qalib gəlməsi və R.Koçaryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına "yox” dedi. Regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi. Qarabağ klanı biabırcasına məğlub oldu.

Məlum oldu ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyildir. O, Rusiyadan qaynaqlanan müharibənin acı nəticələrini, ölkəyə və xalqa hansı zərbələr vurulduğunu görüb-yaşadığından Qərb yönümlü siyasətini davam etdirəcək, bu kontekstdə Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşacaq. Bakı ilə sərhəd məsələləri və Zəngəzur dəhlizi problemi tezliklə həll olunacaq, nəqliyyat xətləri işləyəcək. Bunlarla yanaşı İrəvan-Moskva münasibətlərində gərginlik artacaq, Rusiya Qarabağ kartını fəallaşdıracaq. Qərbin iştirakilə birbaşa Azərbaycan-Ermənistan dialoqu başlasa hər iki ölkə Rusiya təhlükəsini minimuma endirə biləcək…"

Müsavat Partiyasının başqanı Arif Hacılı: "Ermənistan parlamentinə növbədənkənar seçkilərdə Rusiyanın açıq dəstək verdiyi Koçaryan məğlub oldu.

Ermənistanda Rusiyanın təsir imkanlarının məhdudlaşması müsbət hadisədir.

Amma heç arxayınlaşmaq olmaz.

İndi Rusiya Ermənistandakı itkilərini Yuxarı Qarabağda bərpa etməyə, nəzarəti altında olan bu ərazini Cənubi Qafqazda əsas forpostuna çevirməyə çalışacaq".

RİFAH Hərəkatının lideri, professor Qubad İbadoğlu: "Nəticələr göstərir ki, ermənilər keçmişi deyil, gələcəyi seçiblər.

Bu arada Paşinyan üçün ən düzgün çıxış yolu əli minlərlə azərbaycanlının qanına batmış, hərbi cani, korrupsioner Köçəryanı həbs edib, Azərbaycana təhvil vermək olardı. Yoxsa Köçəryan aranı qarışdıra bilər".

Politoloq Azər Rəşidoğlu: "Paşinyan ona lazım olan kart-blanşı qazandı. Ən çətin məqamda, müharibədə məğlub olmuş, Qarabağı itirmiş vəziyyətdə seçkiyə getdi və qalib gəldi. Paşinyan Xocalı qatili Köçəryan və Sərkisyana qarşı savaşmırdı, Ermənistan siyasi, hərbi, kəşfiyyat və iqtisadiyyatına nəzarət edən Rusiyaya qarşı mübarizə aparırdı. Apardı və uddu. 1993-cü ildə Elçibəy yeni parlament seçkilərinə getmədi. Paşinyan isə bütün riskləri göz önünə aldı, xalqa söykəndi və bütün MDB məkanına təsir edəcək bir qələbə qazandı. Ermənilər korrupsioner "Qarabağ klanı”na səs vermədi. Eyni zamanda, ermənilər "tolma naş” şüarını da artıq yemədi. Erməni cəmiyyətənə artıq Qarabağ lazım deyil və erməni KİV-in göz yaşları seçiciyə təsir etmədi. Paşinyan və ona səs verən sadə ermənilər onlara lazım olmayan Qarabağ işğalından vaz keçməyin vacibliyini dərk elədi. Xalq artıq onlara lazım olmayan ideya uğrunda ölmək istəmir. Xalq revanşistlərə səs vermədi. Millətçi şüarlarla özləri milyardlar qazanıb, sadə insanları ölümə göndərənlərə nifrətini bildirdi. Daha doğrusu, 44 günlük savaşdan ibrət aldı. İndi Paşinyanın qarşısında vəziyyəti gərginləşdirmək istəyən Köçaryan və dəstəsini darmadağın etmək, Türkiyə və Azərbaycanla barışıq imzalamaq missiyası durur".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR