TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur

10-06-2024, 06:39 36 dəfə baxılıb

 TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur


Bilirsiniz, bugünkü Türk Dövlətləri Təşkilatının tarixçəsinə baxsaq görərik ki, bu, böyük yol keçmiş bir təşkilatdır. Sovet İttifaqı dağılanda Türkiyənin təşəbbüsü ilə belə bir əməkdaşlıq, işbirliyi çərçivəsi yaradıldı. Mən 20 ildir ki, ölkə Prezidenti kimi bu prosesdə fəal iştirak edirəm. Bu 20 il ərzində mən bizim təşkilatımızın müxtəlif mərhələlərini nəinki görmüşəm, bunu yaşamışam. Müxtəlif dövrlər var idi. Vaxt var idi ki, zirvə görüşləri bir neçə il keçirilmirdi. Vaxt var idi müxtəlif səbəblərə görə ölkələrin bəziləri bu quruma o qədər də böyük maraq göstərmirdi. Ancaq mən bildirməliyəm, bunu indi hər kəs bilir, Azərbaycan olaraq bütün bu 20 il və ondan əvvəl rəhmətlik atamın dövründə Azərbaycan bu qurumun möhkəmləndirilməsi, birləşməsi və təşkilata çevrilməsi işində çox fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatının təşkilata çevrilməsi prosesi də Naxçıvanda başladı. Mənim təşəbbüsümlə zirvə görüşünün qədim Türk dünyası olan Naxçıvanda keçirilməsi böyük məna daşıyırdı. Orada əldə edilmiş qərarlar əsasında biz inkişaf edirik və ondan sonra bu şuranın təşkilata çevrilməsi müəyyən zaman tələb etmişdir. Amma bu gün Allaha şükürlər olsun ki, bu təşkilat var.
Bu təşkilatın gələcək fəaliyyəti üçün birinci təşəbbüsü yenə də Azərbaycan göstərdi. Biz bu yaxınlarda bəyan etmişdik ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirmək üçün mövcud büdcə yetərli deyil və Azərbaycan birtərəfli qaydada 2 milyon Amerika dolları əlavə töhfə, yəni ianə verib. Zirvə görüşünə, yəni gələn aya qədər bu vəsait Türk Dövlətləri Təşkilatının hesabına oturacaq. Bu, nəyi göstərir? Çünki biz bu təşkilatı gücləndirməliyik. Zirvə görüşləri təbii ki, ən yüksək səviyyəli tədbirdir, TÜRKPA önəmli tədbirdir. Bizim TÜRKSOY-umuz var. Bizim Türk Mədəniyyəti və İrsi Fondumuz var, digər təsisatlar var, akademiyamız var, ona görə təşkilat daha da böyüməlidir. Həm orada hər ölkədən daha çox insan çalışmalıdır, həm də bu təşkilatın beynəlxalq əlaqələri gücləndirilməlidir. Biz bütün beynəlxalq tədbirlərdə iştirak etməliyik. Yəni bizim yolumuz budur. Əminəm ki, gün gələcək Şimali Kipr Türk Cümhuriyyəti də təşkilatın tamhüquqlu üzvünə çevriləcək. Yenə də deyirəm, Azərbaycan bu gün buna ikiəlli səs verir və bu, birliyimizin nə qədər səmimi olmasını bir daha göstərəcək.
Bir çox ittifaqlar var, birliklər var. Bu, doğrudan da belədir. Onların tarixi bizimkindən daha böyükdür. Biz indi yeni addımlar atmağa başlamışıq. Ancaq bəlkə də tarixdə bu qədər sürətlə inkişaf edən ikinci bir təşkilat olmayıb. Ona görə bu gün biz birinci mərhələdəyik. Amma bütün səylərimiz, bu gün danışdığımız mövzular - bütün bunlar cəmiyyətlərə ciddi bir mesaj olacaq. Bax, bizim yolumuz budur və müstəqil ölkələr kimi rahat yaşamaq üçün birlik daha güclü olmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR