İlham Əliyev O HALDA İrəvana gedəcək ki... – GÖZLƏNTİ

Bu gün, 07:39 11 dəfə baxılıb

İlham Əliyev O HALDA İrəvana gedəcək ki... – GÖZLƏNTİ


Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb. Nazir bunu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. “Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib”, - o bildirib.

Yada salaq ki, rəsmi İrəvan aylar öncə həmin tədbirə Azərbaycan və Türkiyə rəhbərlərini də dəvət edib. Nəzərə alsaq ki, Bakı və İrəvan arasında yaxınlaşma və dinamik sülh prosesi davam edir, üstəlik, Ərdoğan da sammitə qatılsa, o zaman nəzəri cəhətcə Azərbaycan liderinin İrəvan səfəri mümkün görünürmü? Ümumiyyətlə, hansı şərtlər daxilində ziyarət reallaşa bilər?

Ərdoğan da sammitə qatılsa, o zaman nəzəri cəhətcə Azərbaycan liderinin İrəvan səfəri mümkün görünürmü? Ümumiyyətlə, hansı şərtlər daxilində ziyarət reallaşa bilər?

Professor Qabil Hüseynli Ərdoğanın İrəvana gedəcəyi halda Əliyevin də onunla birlikdə səfərini gözləmir. İki ölkə arasında yekun sülh sənədinin və diplomatik əlaqələrin olmadığını bildirən Q.Hüseynli hesab edir ki, hazırda bu səfər mümkün deyil: "Bəli, sülh yolunda böyük məsafə qət edilib. Lakin hələ də Ermənistanın qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları var. Bu halda, Ermənistanla nəzəri olaraq düşmənçilik, münaqişəli vəziyyət qalır. Eyni zamanda, erməni cəmiyyətinin buna hazır olmadığını düşünürəm. Hər şeydən əvvəl isə diplomatik münasibətlərin qurulmamasıdır. Gələcəkdə isə səfirlik açılması nəzərdə tutulub. Əgər yekun sülh müqaviləsi imzalanarsa, hər iki dövlətin liderləri qarşılıqlı səfərlər edə bilər. Hələliksə iki ölkədə ictimai rəy bunu qəbul etmir".

Q.Hüseynli Ərdoğanın gedəcəyini də az ehtimal edir: "Düzdür, Türkiyə üçün vəziyyət bizdən fərqlidir. Amma Ankara da İrəvanla diplomatik əlaqələri bərpa etməyib. Sadəcə, mümkündür. Paşinyan da Türkiyəyə səfər edib. Ona görə Türkiyə liderinin Ermənistana gedəcəyini istisna etmirəm. Azərbaycan da bunu anlayışla qarşılamalıdır. Yeri gəlmişkən, rus hərbçilər Ermənistanın Türkiyə ilə sərhədlərindən çıxarıldı, bu prosesi quru sərhədlərin açılması istiqamətində mühüm gedişat kimi dəyərləndirirəm. Bu baxımdan, Türkiyə-Ermənistan normallaşması sürətlənə bilər ki, bu da Ərdoğanın Avropa Siyasi Birliyinin İrəvandakı tədbirində iştirakını şərtləndirə bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR