Bakı Neft-Energetika Kollecində sessiya yığımları başa çatıb

13-06-2016, 10:57 877 dəfə baxılıb

Bakı Neft-Energetika Kollecində sessiya yığımları başa çatıb












Mehman Abduləzizovun rəhbərlik etdiyi kollecdə imtahanlardan başqa, təcrübəyə getməmək üçün də hər bir tələbədən 100 manat pul tələb olunur

Artıq bir neçə müddətdir ki, redaksiyamıza Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlara dair şikayət məktubları daxil olmaqdadır. Bu gün kollecdən bizimdovr.az-a təqdim olunan açıqlamalarda vurğulanır ki, bir müddət əvvəl kollecin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tabeliyinə verilməsi də Mehman Abduləzizovun rəhbərlik etdiyi bu təhsil müəssisənin işində heç bir dəyişikliyə səbəb olmadığı. Məlumatlarda bildirilir ki, hazırda kollecdə təhsilin keyfiyyətini aşağı salan neqativ hallar eynilə əvvəllər olduğu kimi, indi də davam etməkdədir. Kollecdəki mənbələr bildirirlər ki, Mehman Abduləzizovun ötən müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Bir daha xatırladaq ki, bu təhsil müəssisəsində mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Mənbələr xəbər verir ki, kollecdə təhsil alan tələbələrdən hazırda davam edən sessiya imtahanları üçün pul yığımları da bu günlərdə başa çatmışdır. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, əvvəllər aldığımız bir çox digər məlumatlarda da bu kollecin direktor Mehman Abduləzizov tərəfindən öz şəxsi kommersiya obyekti kimi idarə olunduğu iddia olunurdu. Bu gün də müəssisədən aldığımız açıqlamalarda bildirilir ki, yay sessiya imtahanları üçün hər bir tələbədən 350-400 manat rüşvət yığılıb. Eyni zamanda mənbə iddia edir ki, hazırda təhsil müəssisəsində yer almış bir çox digər özbaşınalıqlar da, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. Məsələn, məlumatlarda bildirilir ki, direktor qeyri-ixtisas fənlərinə görə dərs saatlarını kollecdə çalışan öz yaxın adamlarının adlarına yazdırır. Sonra isə, həmin saatlara görə əmək-haqqı kimi yazılan pullar rəhbərlik tərəfindən mənimsənilir. Beləliklə də, bu gün kollecdə istər imtahanların nəticələri, istərsə də müəssisənin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Mənbə bildirir ki, Bakı Neft-Energetika Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Əldə etdiyimiz məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rolu oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəyyən olunmuş müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Həmin müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni Mehman Abduləzizova təqdim edirlər…

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR