Balakəndə aparılmış monitorinqin acı nəticələri

2-10-2015, 15:43 731 dəfə baxılıb

Balakəndə aparılmış monitorinqin acı nəticələri

















Yazını dahi N. Ostrovskinin çox ibrətamiz bir fikri ilə başlayaq. İnsan üçün ən əziz şey həyatdır. O, adama bir dəfə verilir, ona görə həyatı elə başa vurmaq lazımdır ki, mənasız yaşadığın illər səni yandırmasın, rəzil və məzmunsuz həyat sürdüyün üçün qəlbin ağrımasın və ölərkən deyə biləsən ki, mən bütün həyatımı və bütün qüvvəmi dünyada ən gözəl bir şeyə-bəşəriyyətin azadlığı uğrunda mübarizəyə həsr etmişəm.
Qətiyyətlə deyə bilərik ki, bu deyim olduqca gözəl bir deyimdir. Ancaq gəlin görək bu kimi fikirlərə Azərbaycan cəmiyyətində kimlər nə dərəcədə inam ifadə edir, yaxud hər hansı fəaliyyətində əməl edirlər?
Cəmiyyətdə haqqın-ədalətin bərqərar olması, insanların xoşbəxt və firavan yaşamalarının təminatçısı dövlət olmalıdır. Vay o, günə ki, dövləti yönəldənlər nəfslərinin girovuna çevrilmiş olsunlar. Onda cəmiyyət başlı-başına buraxılır, insanlar taleyin ümidi deyilən bir acı gerçəkliklə baş-başa qalırlar. Bu kimi hallar hər keçən gün ölkəni, cəmiyyəti faciəyə doğru sürükləyir. Ən böyük çəkilməsi mümkün olmayan dərd əyrinin, pisin, saxtakarlığın cəmiyyətə düzgün, billur tək olmasını diqtə etməkdir. Yəni insanlığın bundan böyük faciəsi ola bilərmi? Necə qəbul edək? Başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini quranlara necə xoş münasibət sərgiləyək? Axı bir millətin ki, allahdan gəlmiş yaşam hüququ əlindən alınmış və özlərinə də az qala qədim Romada olduğu kimi danışan alətlər tək münasibət göstərilirsə, onda bu xalq, cəmiyyət necə şad ola, sürdüyü ömründən razı qala bilər? Belə yerdə dahi Nizaminin bir misrasını qeyd etmək lap yerinə düşərdi.
İnsanla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir.
Gəlin görək hazırda bizlərə rəhbərlik edən baş bilənlərimiz bizləri sevirlərmi?Gəlin ölçüb-biçək özlüyümüzdə də olsa yəqinləşdirək ki, bizi aldatmırlar ki, bizlərə yalan satıb yola vermirlər ki, nəhayət hər şeyin pisi nədən biz imkansızlara, ancaq hər şeyin yaxşısı, lüksü məmurların olmalıdır?Bu sual heç bizləri düşündürübmü? Nəysə keçək mətləbə. Bu günlərdə cumhuriyyet.az adından Azərbaycanın dilbər güşələrindən olan Balakən rayonunda olduğumuzu bir sıra yazılarımızda qeyd etmişdik. Balakən rayonu bir neçə il bundan öncəyə kimi çox imkanlı rayon kimi tanınırdı. Çünki rayon əhalisi olduqca zəhmətkeş olmaqla yanaşı Gürcüstanla sərhəddə yerləşməsindən müəyyən dividentlər əldə edə bilirdi. Yəqin balakənlilərin yaxşı yaşamaları, insanların imkan sahiblərinə çevrilmələri yuxarıları bərk narahat etdi. Balakənə İslam Rzayev kimi bir icra başçısıni təyin etməklə rayonun çökdürülməsi prosesinə start verildi. Balakəndəki vəziyyəti balakənlilərin dili ilə qələmə aldıq. Rayondakı vəziyyət, insanların dolanışığı, alıcılıq qabiliyyətini bir sıra kəndlərdə, qəsəbədə və rayon mərkəzindəki mağazalardan, marketlərdən öyrənə bildik. Buyurun monitorinqlərimizin nəticələrini sizlərə təqdim edirik.
1. Tülü market. Satıcının dedikləri. Balakənin, balakənlilərin adından kim danışırsa ki, vəziyyət yaxşıdır, insanlar yaxşı dolanırlar, yalandır inanmayın. Balakən batır. Rayonda iş-güc yoxdur, mağazalar boşalır, firmalar pul verə bilmədiyimizə görə mal verməkdən imtina edirlər. Nisyələri yığa bilmirəm. Pul şirvanla olanda, məndən nisyə alanlar var ki, hələ borcunu verib qurtara bilmir. Borcu olub qapısına getdiyim adam var ki, özünü qoyub axırıncı yola deyir səni polisə verəcəyəm. Məcbur olub adını silmişəm. Adamlar ancaq ərzaq malları üçün müraciət edirlər. Alınan şey-şüyün də xeyli hissəsi nisyə gedir. Gənclərimiz, digər yaş qrupuna daxil olan kənd sakinlərimizin günü-çayxanalarda avaraçılıqla keçir.
2. Tülü marketdə təqaüdçü qadının dedikləri. Ay bala, mən pensiyaçıyam. Pensiyam heç qəndimizə, şəkərimizə çatmır. Hələ ay yarı olmayıb pensiyam qurtarıb. Axırıncı on manatla gəlmişəm alış-veriş eləməyə. Çox şeyi ala bilmədim. İndi nəvələrim evdə gözləyir ki, nənəmiz bizə peçenye, şokalad alacaq, vallah ala bilmədim. Allah bu ölkəni, bu milləti bu günə salanların bəlasını versin. ”Ağlamsınır və marketi tərk edir.
3. Talalar kəndi, Natiq market. Dollar qalxdıqdan sonra vəziyyət xeyli pisləşib. Adamlar gəlib nisyə üçün boğaz tuturlar. Nə edək nisyə veririk ki, onlar da ac qalmasınlar. İşləmək olmur. Yalnız evin çörəyinə görə işləyirik. Sahibkarlığı təmiz öldürüblər. Başqa nə deyim, hər şey göz qabağındadır.
4. Cederovtala kəndi, Ruslan market. Vəziyyət acınacaqlıdır. Dörd-beş ildir ki, nisyəsi olanlar var, verə bilmirlər. On mindən çox nisyəmiz var, hələ yenə aparırlar. Adamlar kim ki, maaş, pensiya alır, məvaciblərini alıb gətirib quruluca marketə verirlər. Adamları təzə paltar, ayaqqabı, geyim əşyaları yox, ancaq qarın çörəyi düşündürür. Balakəndə açıqca yaşamaq uğrunda mübarizə aparılır. Adamlar nisyəni bağlayıb, yenidən nisyə edirlər. Başqa tərəfdən hər şeyin qiyməti qalxıb, bir maaş- pensiyadan başqa. Qoy yuxarılar eşitsin və bilsin ki, Balakəndə elə adamlar var ki, doyunca çörək yemək üzünə həsrətdir. Adamın ürəyi ağrıyır, gəlir mağazaya almağa gücü çatmır, baxıb-baxıb çıxıb gedir. Budurmu neft-qaz ölkəsi olan varlı Azərbaycan?
5. Şambul kəndi, Şambul market. Mən əsəbimdən danışa bilmirəm. Xahiş edirəm vitirinlərə baxın, özünüz qiymət verin. Millət acdır, hara gedir bu ölkə, kim saldı bizi bu günə?Bunun axırı yaxşı olmayacaq. Bağışlayın bu qədər bir para əsəbiləşib təzyiqim qalxacaq.
6. Qabaqçöl qəsəbəsi, mini market. On min manatdan yuxarı nisyələrim var. Keçən il iki min manata yaxın nisyəni silib atmışam. Adamlar yaşaya bilmirlər artıq üzə dururlar ki, bir də qapıya gəlsən, özümü lezvalayıb səni tutduracam. Dollar qalxdıqdan sonra bizlərin işi tamam öldü. A kişi, dəhşətdir vallah adamlar çörəyi nisyə aparırlar.
7. Qabaqçöl market. Bizi bu vəziyyətə Amerika, Avropa salıb. Yaxın şərqdə və Ukraynada gedən məsələlərə görə. Amerika qəsdən dolları qaldırdı ki, Rus pulu ölsün. Belə də oldu. İndi dolanışıq da ölüb. Bizim Qabaqçöl camaatı gedib Rusiyada, Maxaçqalada işləyib pul göndərirdilər. Əhali də yaxşı dolanırdı. İndi hamı çıxıb gəlib oturub evində, pul yox, iş yox, dolanışıq da ki, hər gün çətinləşir. Hazırda Qabaqçöldə oğurluq baş alıb gedir. Qarğıdalı, fındıq, siqaret, ərzaq, çörək, un, oğurlayırlar. Ümumiyyətlə, Azərbaycanın 70-80%-i Rusiyadan dolanırdı, Amerika, Avropa hər şeyi məhv elədi. Elə ərzaq növləri var ki, əhali ala bilmir, aylarla qalır, saxlama müddəti keçir. Adamlar gəlir, yarım kilo qənd, yarım kilo şəkər tozu, nə bilim yüz qram peçenye. Belə getsə bu ölkənin axırı uçurumdu.
8. Qabaqçöl ət mağazası. Əvvəllər bir heyvanı kəsib bir günə satırdım. İndi üç-dörd, bəzən beş günə sata bilmirəm. Əhalidə pul yoxdur. Belə getsə əhali ət yeməyi tərgidəcək. Hazırda ətin qiymətini də aşağı salmışıq. Ona görə ki, satılmır, nə edək ya xarab edib atmalıyıq, ya da ki, dəyər-dəyməzinə satmalıyıq. Onsuz da bu qiymətə satmağımız heç ota-yemə xərclədiyimiz pulu çıxarmır. Ancaq başqa çarə də yoxdur. Hökumət hər tərəfdən yolumuzu bağlayıb. Hara əlimizi atırıqsa bir qənbərqulu çıxarırlar. Yaşamaq üçün mal-heyvanlarımızı dəyər-dəyməzinə satırıq. Axı nə edək?Dolanmaq üçün başqa zəruri şeylər də lazımdır. Baxın günümüz budur.
9. Rayon mərkəzi, Estrella əla market. Əhalinin marketimizə iyirmi mindən yuxarı borcu var. Dörd-beş ildir ki, borcu olub verməyənlər var. Dəfələrlə min manatlarla pulu ala bilmədiyimə görə silmişəm. Vəziyyət pisdir. Günü-gündən həm əhali, həm də biz tacirlər bataqlığın lap dərinliklərinə doğru batırıq. Çətinlik var idi, dollar qalxdıqdan sonra daha da kəskinləşdi. Ərzaqlar alınmır, xarab olur. Balakən son yüz ildə bu dərəcədə kasıb və əlacsız durumda olmayıb. Hazırda rayonumuzda bütün gözəlliklər reklam üçün aldadıcıdır. Əsl reallıq budur ki, rayonda işsizlikdir, əhali kasıb və əlacsız durumdadır. Məmurlar hədsiz dərəcədə varlanmaqda, sadə insanlar isə batıb getməkdədirlər.
10. Rayon mərkəzində Ziyafət market. Doqquz ildir ki, marketi açıb işlədirik. Elə mağazayla yaşıd borcu olanlar var. Xeyli sayda nisyə dəftərlərini ala bilmədiyimizə görə cırıb atmışıq. Hazırda beş mindən yuxarı nisyəmiz var. Çoxusunu bir zülmlə yığdıq və tanımadığımız adamlara nisyə mal vermirik. Neftin qiyməti düşdü, dolların qiyməti qalxdı, alverdə hədsiz zəiflədi. Sonrası da hamı hər şeydən istifadə etmək istəyir, ancaq gərək cibdə pul ola da. Marketimizdə başqa qeyri ərzaq malları da var. Məsələn geyim əşyaları, ancaq inanın ki, qayıdıb baxan yoxdur. Adamlar yamaqlı paltarda gəzməyə razıdırlar. Çünki pul yoxdur. Təsəvvür edin ki, çörəyi nisyə alırlar. Bu nə deməkdir?Balakən əhalisi dilənçi vəziyyətinə salınıb.
Redaksiyadan: Bu yazıda mağaza, market sahiblərinin dedikləri əslində ölkənin hər yerində baş verənlərin daha bir davamıdır. Bunun isə günahkarını Balakəndə axtarmaq sadəlövhlük və ədalətsizlik olardı. Bu ölkədə yarıtmaz idarəçiliyin təzahür formasıdır. Bu məsələnin üstünə getmək də istəməzdik. Bizi maraqlandıran budur ki, rayon icra hakimiyyətinin başçısı hörmətli İslam Rzayev öz illik və yarım illik hesabatlarında Balakəndə yüzlərlə iş yerinin açıldığını qeyd etməklə bildirir ki, Balakən əhalisinin demək olar ki, mütləq əksəriyyəti yüksək dolanışığa malik həyat sürür. Baxın bu yalançı statistikadır ki, yuxarıları arxayın salır ki, Balakəndə həyat lüks səviyyədədir. Əslində Balakəndə yalnız məmurlar başda İslam müəllim olmaqla yüksək, komfortlu həyat yaşayırlar. Yəqin rayona da bu kontekstdən qiymət verirlər. Gözəl bir atalar sözü var. Deyir toxun nə xəbəri acdan?Əgər hörmətli İslam Rzayevin monitorinqimizə etirazı ya əlavəsi varsa məmuniyyətlə onun da fikirlərini dərc etməyə hazırıq. Hələlik, ancaq hələlik, Ulu Tanrı dövlətimizi və xalqımızı daha böyük bəlalardan qorusun. Amin.
Elçin İsmayıllı. Xüsusi olaraq Cumhuriyyət. az üçün.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR