“Testlərin hazırlanması DİM-dən alınsın”

18-03-2020, 19:19 255 dəfə baxılıb

“Testlərin hazırlanması DİM-dən alınsın”

Son illər Azərbaycanda abituriyentlərin qəbul imtahanlarındakı göstəriciləri qənaətbəxş deyil.

Abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili göstərir ki, onlar tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər. Bu isə hazırki təhsilin akademik səviyyədə olduğundan xəbər verir. Zaman-zaman ictimaiyyətdə bu problem qabardılsa da, təhsilin əlçatanlığı yönündə addımlar atılmır.

Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya açıqlamasında təhsilin keyfiyyət göstəricilərindən və bu sahədəki problemlərdən danışıb:



“Təhsilin keyfiyyətini səciyyələndirən müəyyən amillər var ki, bunlar təhsil proqramları və kurikulumdur. Bu gün ölkədə çoxları təhsil proqramından narazıdır. Bunun səbəbi müəllimlərin peşəkarlıq səviyyəsi baxımından təhsil proqramlarının ağır olmasıdır. İkincisi, abituriyentlərin hazırlıq səviyyəsidir. Bu gün abituriyentlərin hazırlıq səviyyəsini dəqiq müəyyən etmək olmur. Əgər əvvəllər “kölgə təhsili” 10-11-ci sinifləri əhatə edirdisə, indi hətta məktəbəqədər hazırlığı da əhatə edir. Digər tərəfdən isə abituriyentlərin hazırlıq səviyyəsinin ölçülməsini həyata keçirən təşkilat eyni zamanda imtahanları həyata keçirən Dövlət İmtahan Mərkəzidir. Bu, abituriyentlərin hazırlıq səviyyəsini obyektiv olaraq qiymətləndirməyə imkan vermir. DİM hansı ili sualları asan qoyursa, həminki ildə abituriyentlərin hazırlıq səviyyəsinin göstəricilərini yüksək qeyd edirlər. Hansı ildə istəyirsə, sualları nisbətən çətin qoyur və dərhal görünür ki, abituriyentlərin hazırlıq səviyyəsi aşağıdır. Ona görə də düşünürəm ki, DİM-dən test hazırlama mexanizmi alınmalı, ölkədə Testologiya İnstitutu, yaxud Testologiya Mərkəzi yaradılmalıdır. Üçüncü məsələ dərsliklərdir. Bu barədə, ümumiyyətlə, müzakirə aparmağa ehtiyac yoxdur. Çünki dərsliklərin nə qədər bərbad olması həm valideynlərə, həm təhsilalanlara, həm də təhsilverənlərə məlumdur. Dördüncüsü, peşəkarlıq səviyyəsidir. Müəllimlərin peşəkarlıq səviyyəsinin ölçülməsi ilə bağlı diaqnostik qiymətləndirmələr keçirildi, lakin bütün nəticələr açıqlana bilmədi. Çünki onların peşəkarlıq səviyyələrində çox ciddi problemlər üzə çıxdı”.

Ekspert bildirib ki, müəllim hazırlığı səviyyəsi çox aşağıdır:

“Müəllim hazırlığını həyata keçirən ali təhsil müəssisələrimizin yarıdan çoxu hazırkı təhsil proqramlarını, standartlarını reallaşdıra bilən kadr hazırlaya bilmir. Ali məktəblərin pedaqoji istiqamətlərini bitirənlər bir neçə aylıq kurslara və müəllim yanına getmədən müəllimlərin işə qəbulu imtahanlarında uğur qazana bilmirlər”.

E.Qafarovun fikrincə, sonuncusu qiymətləndirmə mexanizmləridir:

“Ölkədə olan qiymətləndirmə konsepsiyası 2009-cu ildə qəbul olunub. Bəlkə də dünyada yeganə ölkə Azərbaycandır ki, qiymətləndirmə konsepsiyası təhsilin inkişafına deyil, onun qarşısını almağa xidmət edir. Bu qiymətləndirmə konsepsiyasından bu gün təhsil sistemi də əziyyət çəkir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR