Qumarxana şəbəkəsi kimə baxır? – “Yeraz Mehman” adı yenidən gündəmdə

6-02-2016, 14:27 681 dəfə baxılıb

Qumarxana şəbəkəsi kimə baxır? – “Yeraz Mehman” adı yenidən gündəmdə












Aysberqin görünən üzü olan “qumarxanalar kralı” bəzi nüfuzlu şəxslər tərəfindən ciddi şəkildə himayə olunur Hər kəsə bəllidir ki, 1990-cı illərin sonlarından etibarən Azərbaycanda qumarxanaların fəaliyyətinə son qoyulmuşdu və məhz bu səbəbdən də uzun müddət kazinolara rast gəlinmirdi

Lakin nədənsə son illər qeyri-qanuni qumarxanaların, mərc oyunları təşkil edən obyektlərin sayı xeyli artıb. Belə ki, artıq həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında müxtəlif ad altında maskalanmış qumarxanalar fəaliyyət göstərir. Bununla bağlı aparılan araşdırmaların nəticəsində bəlli olub ki, hazırda bəzi yerlərdə kompüter vasitəsilə də qumar oyunları təşkil olunur. Düzdür, ölkənin hüquq-mühafizə orqanları vaxtaşırı bu cür obyektləri müəyyənləşdirdikdən sonra əməliyyatlar keçirib onların bir qisminin fəaliyyətinə xitam verməyi bacarıb. Lakin hələ də qanunsuz qumarxana işlətməklə külli miqdarda gəlir əldə edən şəxslər var.
Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, son zamanlar nədənsə Xətai, Nizami və Binəqədi rayonlarında, Bakıxanov qəsəbəsində, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində qumarxanaların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb: “Sumqayıt şəhərində belə yerlərin sayı məhduddur. Onların arasında populyar olanları da var, adı heç çəkilməyənlər də. Əksəriyyəti də iddia edir ki, guya, yerli polis onları himayə edir.
Məsələn, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Samovar” adlı çay evindən qumarxana kimi istifadə olunur. Hələ bu azmış kimi, həmin çay evində qumar məsələsinə görə baş verən dava-dalaşlar insanların rahatlığını pozur. Belə ki, “Samovar”da udanla uduzan arasında yaşanan qalmaqallar davaya, hətta qanlı mübahisəyə belə çevrilir.
Deyilənlərə görə, sakinlər bununla bağlı müvafiq dövlət qurumlarına şikayət etsələr də müvafiq tədbir görülmür. Qeyd edim ki, qumarxanaların digər mərkəzi isə Xırdalandır. Burada da çay evləri adı altında yaradılan qumarxanalar tüğyan edir. Deyilənlərə görə, hazırda həm paytaxtda, həm də ölkənin digər bölgələrində fəaliyyət göstərən qumarxanaların sahibi “Yeraz Mehman”dır. Belə ki, ölkədə qumar qadağan olunsa da, o, müxtəlif yollarla, əsasən də gizli şəkildə nəhəng qumarxana şəbəkəsi qurub. Məhz elə bu səbəbdən də çoxları onu “qumarxanalar kralı” adlandırır”.
Bir sözlə, milyonların dövr etdiyi bu biznesin başında “Yeraz Mehman”ın durduğunu iddia edən mənbə bildirir ki, artıq onun icazəsi olmadan kimsə qumarxana aça bilməz: “O, uzun müddətdir Bakıda və digər bölgələrdə qanunsuz qumar oyunları, loto, kaziona təşkil edir. Deyilənlərə görə, “Yeraz Mehman”ın təkcə paytaxtda 20-yə yaxın belə obyekti var. Eyni zamanda Sumqayıt və Gəncə şəhərlərindəki qumarxanalara da Mehmanın himayədarlıq etdiyi deyilir. Halbuki əvvəllər qumar bazarında “Qobulu Naib” kimi tanınan şəxs də olub. 2013-cü ildə əməlinə görə həbs edilən Naib azadlığa çıxdıqdan sonra bu sahədən qismən uzaqlaşıb.
O, Mehmanla müştərək işləyib. Vəzir isə oğlu Tofiqlə bu yola çıxıb. Ancaq ikincilərin obyekti say baxımından birincilərdən çox azdır. Hazırda “Yeraz Mehman”ın paytaxtın Xətai, Nizami və Binəqədi, rayonlarında, Xırdalan və Sumqayıt şəhərlərində, Bakıxanov qəsəbəsində, eyni zamanda ölkənin digər şəhər və rayonlarında çoxlu sayda qumarxanası mövcuddur. Ona məxsus virtual kazino və totalizatorlar günün bütün saatlarında işləsə də, rus lotoları yalnız gecə saatlarında fəaliyyət göstərir.
Belə ki, axşamtərəfi saat 5 ərəfəsində açılan lotolar gecə 3-ə qədər davam edir. Uduşa qoyulan məbləğləri gördükdə isə obyektdən yan keçmək mümkün deyil. Elə insanları da ora aparan vəd edilmiş həmin pullardır. Onu da qeyd edim ki, Xətai rayonu metronun “Həzi Aslanov” stransiyasının yaxınlığında Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsində yerləşən “Samovar” çay evindəki loto oyunundan obyekt sahibi gün ərzində 10-15 min manat gəlir əldə edir”.
Məlumatlı şəxs qeyd edir ki, “Yeraz Mehman”ın qumarxanalarından digəri Nizami rayonu, Naxçıvanski 49 ünvanında, “8-ci kilometr bazarı”nın yaxınlığında yerləşir: “O, burada tək rus lotosu ilə kifayətlənməyib, virtual kazino oyunları və totalizator da işlədir. Rəhbər kimi isə öz əmisi oğlu Əli adlı şəxsi təyin edib. Mehmanın özü isə Bakıxanov qəsəbəsində yerləşən qumarxanada oturur və biznesini məhz ordan idarə edir. Mehman artıq bölgələri də əhatə etməyə başlayıb. Yəni hazırda onun ölkənin bir çox rayonlarında da qumarxanaları var.
Onun başında durduğu şəbəkənin aylıq hesabatlarını “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən məntəqələrdən birində aparırlar. Arxa kabinetlərdə həyata keçirilən həmin hesabatlardan sonra əldə olunan gəlirlər bölüşdürülür”. “Yeraz Mehman”ın dara düşən kimi, təhlükə hiss etdiyi anda polis rəislərinin adından istifadə etdiyini vurğulayan mənbənin sözlərinə görə, o, “hamının pulunu verirəm, səslərini kəsirlər”, deyə onlara şər, böhtan atır: “Onun polis rəisləri ilə bağlı dedikləri təbii ki, olduqca ciddi məsələdir. Lakin “Samovar” çay evində baş verən sonuncu olay belə düşünməyə imkan verir ki, Mehman dediyini edir. Artıq hamıya bəllidir ki, həmin obyekti çay evi yox, məhz qumarxanadır. Lakin nədənsə hələ də fəaliyyətini davam etdirir. Mehman məclislərdə deyir ki, hamının, o cümlədən polislərin haqqını verdiyim üçün mənə dəyib-dolaşan yoxdur. Belə çıxır ki, o, düzünü deyir.
Çünki bu gün az qala hər kəsə bəllidir ki, qumarxanaların böyük əksəriyyəti məhz “Yeraz Mehman”ın nəzarətindədir və o, həmin obyektlərdən milyonlar qazanır. Lakin buna baxmayaraq, hüquq-mühafizə orqanları nədənsə Mehmanın barəsində müvafiq ölçü götürməkdə maraqlı deyillər. Maraqlıdır, görəsən niyə? Kim bilir, bəlkə də o, polislərlə bağlı həqiqəti dilə gətirib…” Bu arada, “Yeraz Mehman”ın aysberqin görünən üzü olduğunu deyən məlumatlı şəxs iddia edir ki, “qumarxanalar kralı” bəzi nüfuzlu şəxslər tərəfindən ciddi şəkildə himayə olunur: “Mehman bu işdə görünən adamdır. Onun arxasında dayanan adam olmasa o, bu qədər asanlıqla özünə qumarxana biznesi qura, milyonlar qazana bilməzdi.
Deyilənlərə görə, Mehman nüfuzlu şəxslərdən biri tərəfindən himayə olunur və az qala bütün məsələlərdə həmin şəxslə məsləhətləşir. Onu da qeyd edim ki, Mehmanın digər bir ayaması da var. Belə ki, özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxsə məhdud dairədə “Karol” da deyirlər. Buna səbəb isə onun ölkədəki əksər qumarxanalara himayədarlıq etməsi göstərilir. Deyilənlərə görə, Mehmanın başında durduğu şəbəkə müxtəlif saytlar vasitəsi ilə Azərbaycanın bütün rayonlarında canlı futbol mərclərinə pul qoyanların ciblərinə girməklə də məşğuldur. Mərkəzi serveri Rusiyada olan həmin saytları idarə edənlərin arasında erməni əsillilərin də olduğu deyilir. Bildiyiniz kimi, “Topaz”ın gəlirlərinin bir hissəsi idmanın inkişafına yönəldiyi halda, qara bazarda yığılan milyonların hara getdiyi məlum deyil. Bu pulların kriminal dünyanın “obşakına” da köçürüldüyü istisna edilmir. Deyilənlərə görə, bir müddət əvvəl “Yeraz Mehman” daha gəlirli qumar növü olan lotonu işə salıb. Hazırda onun Bakıxanov qəsəbəsində olan lotoxanalarından birində açıq qumar oyununun təşkil edildiyi bildirilir. Hər gün külli miqdarda gəlir gətirən bu məkanlar artıq Bakının mərkəzinə də yol tapmaqdadır. “Yeraz Mehman”ın nəzarətində olan loto-qumar məkanlarının bu cür sürətlə açılması və sərbəst şəkildə fəaliyyət göstərməsi bir daha onu sübut edir ki, o hansısa yüksək rütbəli şəxslərin himayəsində fəaliyyət göstərir. Nəzərinizə çatdırım ki, Mehmanın obyektlərində loto-qumar qaydaları eynidir, eyni işçiləri isə fərqli-fərqli məkanlarda görmək mümkündür, obyektlərdə dizayn və iş qaydaları da bir-birinə oxşardır. Bu isə onu deməyə əsas verir ki, bütün bu məkanlar bir şəbəkə şəklində fəaliyyət göstərir. Ölkədə bəzi sahələr monopoliyada olduğu kimi, görünən budur ki, bu loto-qumar şəbəkəsi də “Yeraz Mehman”ın monopoliyasındadır”.
Xatırlayırsınızsa, təxminən bir il öncə ölkədə bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz” məsələsi parlamentdə müzakirə olunmuşdu. Narahatlıq doğuran odur ki, hətta son zamanlar azyaşlıların və xanımların da bu cür mərc oyununa, əslində bir növ qumara meyllənməsi diqqətdən qaçmır. Lakin belə bir bəla göz görə-görə kimlərsə tərəfindən idmana olan həvəs kimi təqdim edilir.
Məhz elə bu səbəbdən də millət vəkili Qüdrət Həsənquliyev “Topaz”ın, qumarın cəmiyyətdə böyük bir bəlaya çevrilməsi, bir çox ailələrin, gənclərin bu bataqlıqdan qurtula bilməməsini gündəmə gətirərək mərc oyunlarının ləğv olunmasını təklif edib. Deputat mərhum prezident, ümummilli lider Heydər Əliyevin Azərbaycanda kazinoları qadağan etdiyini xatırladaraq çox ailənin bu dərddən xilas olduğuna diqqət çəkib. Qeyd edək ki, parlamentin spikeri Oqtay Əsədov də Qüdrət Həsənquliyevlə razı olduğunu vurğulayıb.
Lakin buna baxmayaraq, hazırda qanuni fəaliyyət göstərən “Topaz”la yanaşı, loto-qumar şəbəkəsi, mərc oyunları təşkil edən obyektlər də fəaliyyət göstərir. Yəni hüquq-mühafizə orqanları qanunsuz oyun biznesi ilə mübarizə aparsa da, hələlik bu, effektiv nəticə verməyib. Doğrudur, mübarizə gedir. Lakin o da faktdır ki, bu cür obyektlər şəhərin mərkəzində, hətta paytaxtda olmasa da, hər halda yağışdan sonra göbələk kimi artır. Belə çıxır ki, sərt cəza tədbirlərinə baxmayaraq, qumarxanalarla mübarizənin hələ də nəticəsi yoxdur.
Odur ki, “Gündəlik Bakı” qəzeti olaraq Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və digər müvafiq qurumlara müraciət edərək, onlardan qarayara xəstəliyinə çevrilən qumarxanaların yığışdırılmasını, ölkə vətəndaşlarını evsiz-eşiksiz qoyan, insanları cinayətə sürükləyən, ailələrin dağılmasına səbəb olan bu şəbəkənin kökünün kəsilməsi üçün əllərindən gələni etmələrini xahiş edirik. Ümid edirik ki, məhz onların bir fəaliyyəti nəticəsində “Yeraz Mehman”ın nəzarətində olan şəbəkə tezliklə zərərsizləşdirilicək. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. “Yeraz Mehman”ın arxasında kimin dayandığı yalnız bizə bəllidir. Bu məsələ hətta İngiltərəyə qədər gedib uzanır. Odur ki, növbəti sayımızda bu barədə ətraflı məlumat verəcəyik. Bizi izləyin! P.S.S. Bəs görəsən, Vüqar adlı şəxs bu işlərdə hansı səlahiyyət sahibidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR