“Namiq Abbasov dedi ki, agenturanın açılma məsələləri müzakirə olunur”

28-08-2019, 14:44 529 dəfə baxılıb

“Namiq Abbasov dedi ki, agenturanın açılma məsələləri müzakirə olunur”


Azad Demokratlar Partiyasının sədri, AXC dövründə MTN-in birinci müavini işləmiş Sülhəddin Əkbərin “Yeni Müsavat”a verdiyi son müsahibə ciddi müzakirələrə səbəb olub. Onun 1992-93-cü illərdəki hakimiyyətləri dövründə KQB arxivlərini nə üçün açmadıqları barədə dedikləri xüsusilə diqqət çəkir.

Müsahibədən sitat: “Bəlkə də ilk dəfə eşidəcəksiniz. O vaxt Milli Təhlükəsizlik Nazirliyinin arxivlərinin açılması bir yana, hakimiyyətdə təmsil olunanlar, zamanında KQB ilə əməkdaşlıq etmiş şəxslər haqda ciddi fikir ayrılığı yaranmışdı. Mən siyasi rəhbərliyə rəsmi məlumatlar vermişəm. Amma irəliləyişə nail ola bilməmişəm və ölkənin siyasi rəhbərliyi ilə çox ciddi fikir ayrılığımız yaranmışdı.

Hakimiyyət dəyişikliyinə qədər arxivlər onsuz da böyük ölçüdə təmizlənmişdi. Lakin peşəkarlar bilirlər ki, nə qədər təmizlənsə də, çox materiallar qalır. Sadəcə, hamısını bərpa etmək mümkün deyildi. Onlar xüsusi qiymətli sənədləri, agentura haqda məlumatları aparmışdılar.

Çox işlər görmək olardı. Həmin dövrdə Baş Kəşfiyyat İdarəsinin agenturasını üzə çıxarmaqla bağlı bir təşəbbüsümüz olmuşdu. Qısa zamanda Azərbaycanda ”QRU" ilə məxfi əməkdaşlıq etmiş 200 nəfərdən çox adamı üzə çıxardıq. Bunu üzə çıxara bildiksə, deməli, “KQB” ilə bağlı da etmək olardı".



Sabiq baş prokuror İxtiyar Şirin keçmiş komanda yoldaşının dediklərinə bu cür aydınlıq gətirdi: “Bu söz-söhbətləri eşitmişəm. Amma söhbətin içi haqqında məndə dəqiq məlumat yox idi. Yəni söhbət kimlər haqqında gedirdi, Sülhəddin bəy rəhmətlik Əbülfəz Elçibəyə kimlərin adını vermişdi, kimlər haqqında hansı materiallar var, bunlardan xəbərsiz idim. Ancaq Sülhəddin bəy sonralar, yəni bizim hakimiyyət devriləndən sonra bir dəfə söhbət əsnasında bildirdi ki, Əbülfəz bəyə müəyyən məlumatlar vermişdim. Əbülfəz bəy bu məlumatlara inanmadığına görə aralarında bəzi anlaşılmazlıqlar yaranıb. Kimlərin agent olduğunu da bilmirdim. AXC hakimiyyətində təmsil olunan şəxslər arasında agentlər olduğu üçün həmin iqtidarın arxivləri açmadığı yönündə səslənən fikirləri tam əsassız sayıram. Arxivləri açmaq üçün ciddi hazırlıq lazımdır. İlk növbədə, parlament bununla bağlı qərar qəbul etməlidir. Bu qərarı da qəbul etmək üçün mütləq yeni seçkilər keçirilməli idi. Seçkilər olmamış, bütün Azərbaycan xalqını təmsil edən parlament qurmamış belə bir qərar qəbul etmək həm mümkün deyildi, həm də doğru olmazdı. Hesab etmirəm ki, kimlərsə bunun əleyhinə olub. Sadəcə, zaman bizə bu məsələləri həll etməyə imkan vermədi. Mən onu deyə bilmərəm ki, arxivlər açılsaydı, oradan kimsə çıxacaqdı, ölkədə qarışıqlıq yaranardı. Bunlar, sadəcə, fərziyyələrdən ibarətdir. Milli azadlıq hərəkatında hansı şəxslərin Moskvaya, Dövlət Təhlükəsizlik Nazirliyinə məxfi xidmət etdikləri barədə məsələlərə aydınlıq gətirilməli idi. Belə bir araşdırmanı yalnız parlamentə aid bir komissiya həyata keçirə bilərdi”.

İlham İsmayıl: ile ilgili görsel sonucu
Sabiq baş prokuror bir müddət də hakimiyyətdə qalsaydıq, mütləq KQB arxivlərini açardıq deyir: “Yüz faiz arxivi açacaqdıq. Çünki bu məsələ rəhmətlik Elçibəyi də ciddi narahat edirdik. Onunla ikilikdə söhbətlərimiz olurdu. Bir dəfə mənə sual verdi ki, sən necə baxırsan, icra hakimiyyətində Azərbaycan dövlətinə xidmət etməyən adamlar ola bilər? Dedim ki, belə bir suala cavab verməyə hazır deyiləm. Əlimizdə belə bir məlumatların olmadığını söylədim. Onu da rəhmətliyə dedim ki, prokurorluq və təhlükəsizlik orqanlarının icrasında bir neçə cinayət işi var ki, onlarda Xalq Cəbhəsinə aid olmayan, amma hakimiyyətdə təmsil olunanların xarici kəşfiyyat orqanları ilə kontaktları müşahidə olunub. Bu cinayət işlərini başa çatdırmamış, məhkəmənin qərarı olmamış həmin şəxslər haqqında qəti şəkildə fikir söyləməyin asan olmadığını qeyd etdim. Elçibəy dediklərimlə razılaşdı. Təəssüflər olsun ki, o cinayət işlərinin istintaqını başa çatdıra bilmədik. Sülhəddin bəy MTN-in birinci müavini idi. Arxivlər onların əllərində idi. Agenturanın şəxsi materialları, agentlərin şəxsi işləri onların təşkilatlarında saxlandığına görə, onlarda belə bir material ola bilərdi. Əgər Sülhəddin bəy bu və ya digər məsələlər barədə Elçibəyə məlumat veribsə, özü yaxşı bilər. Əsas agentura işləri yəqin ki, arxivlərdən götürülmüşdü. Ancaq müəyyən sənədlərin qala bilməsi mümkün idi. Ona görə də arxivlər təbii ki, açılmalıdır. Bu məsələnin bu günə qədər müzakirə edilməsi düşünürəm ki, normal bir hal deyil”.

Sabiq MTN polkovniki İlham İsmayıl S.Əkbərin dediklərini təsdiqlədi: “Sülhəddin bəyin dedikləri doğrudur. 1992-93-cü illərdə QRU ilə əməkdaşlıq edən şəxsləri aşkarladıq. Onlar vətən xaini deyildilər. Eyni dövlətdə yaşamış adamlar idilər. Şəxsən mən o şəxslərdən birini işlədiyim yer olan Şəmkirdə aşkarladım. O dövrdə həmin insanlar Azərbaycana qarşı işləmirdilər. Adətən QRU ilə əməkdaşlıq edən şəxslər qonşu ölkələr üçün nəzərdə tutulur. Bu ərazilər SSRİ-yə daxil idi, yəni müstəqilliyimizə qədər. Bu baxımdan onların əməllərində cinayət tərkibi yox idi. Biz onları müəyyənləşdirib, işlərimizi qurmuşuq. Bu əməkdaşlıq indi də davam edir. Siz deyirsiniz ki, KQB agentlərini də aşkarlamaq olardı. Biləsiniz ki, KQB elə biz idik. Öz agentlərimiz var idi. Onlar KQB SSRİ-nin adından verbovka olunmuşdular. Azərbaycan müstəqil olmamış SSRİ burada KQB agentlərindən əleyhimizə istifadə etməzdi. Əksinə, müstəqillik qazanandan sonra Rusiya Federasiyası, yəni Federal Təhlükəsizlik Xidməti Azərbaycanda maraqları böyük olduğuna, imkanları geniş olduğuna görə informasiya, hadisələrə təsir etmək imkanları olan Azərbaycan vətəndaşlarını verbovka etməyə başladılar. Sonradan gələn insanları verbovka etmirlər. Ona görə QRU ilə əməkdaşlıq edənlər “Biz bunun əleyhinəyik, bircə Əbülfəz Elçibəyin əleyhinə olanları aşkarlayaq". Regional kollegiyada iştirak edənlərin hamısı bunun əleyhinə səs verdi. Əleyhinə çıxış etdik ki, istər bir, istərsə də min agent açılsın, əgər agenti açdınsa, növbəti agentura ilə işləmək Azərbaycanın xüsusi xidmət orqanları üçün olduqca çətin olacaq. Bu gün də bu məntiqimiz öz gücündə qalır. Sülhəddin bəy deyir ki, onu aşkarlamaq lazım idi. Bu fikirlə razı deyiləm. Özün üçün bilə bilərsən ki, bu gün kimsə, məsələn filan partiyanın rəhbəri SSRİ dövründə DTK ilə əlaqəsi olub. Bunu aşkarlamağa nə ehtiyac var ki? Bilib, onunla, sadəcə, işləyirsən. Həbs edə bilməzsən, çünki sovet dövründə olub. Bu, vətənə xəyanət sayılmır. Agenturanın açılması bu gün də mümkün deyil. Bilirsiniz ki, 75 ildən sonra açılması barədə qərar qəbul olunub. O da sorğu əsasında yaradılan komissiya əsasında mümkündür. Amma bunu kütləvi şəkildə etmək olmaz. Onun vurduğu zərbə dəhşət olar. Agentura sistemi bərbad vəziyyətə düşər. Heç kəs bu sistemə inanmaz. Heç görmüsüz ki, Amerika, İngiltərə və bu tipli ölkələrdə hakimiyyətlər dəyişəndə agentlər açıqlanır?”(musavat.com)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR