MDB ölkələri üçün yeni təhlükə: Haradan gəlir?

30-10-2019, 14:55 331 dəfə baxılıb

MDB ölkələri üçün yeni təhlükə: Haradan gəlir?

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin təhlükəsizliyinə təhdid yarandığını bildirib: “Sərhədimiz yaxınlığında vəziyyət daim gərginləşir. Bu, bütün dünyada müşahidə olunan və güclənən gərgin atmosferlə bağlıdır. Destruktiv qüvvələrin Belarusda sülhü pozmasına imkan verilməməsi vacibdir”.

Maraqlıdır, Keçmiş sovet respulikalarına təhlükə haradan gəlir?

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında Orta Asiya respublikalarında son zamanlar müəyyən gərginliklərin yaşandığnı deyib: “Xüsusilə də Qazaxıstan və Qırğızıstanda zaman-zaman etiraz aksiyaları olur, polislə ciddi toqquşmalar baş verir. Bu qarşıdurmalar hər ölkənin özünəməxsus qaydaları və rejimi ilə əlaqədardır. Məsələn, Qırğızıstanda keçmiş prezident Atambayevin həbs olunması ilə bağlı onun tərəfdarları ilə polis arasında qarşıdurmalar yaşanır. Qazaxıstanda isə seçkinin saxtalaşdırılması ilə bağlı müxalif qüvvələrin aktivləşməsi və etiraz aksiyalarının keçirilməsi müşahidə olunur. Bu məsələ özbaşına baş vermir, maraqlı qüvvələr var ki, etirazçıları maliyyələşdirir, onları aktivləşdirirlər. Bu maliyyə həm Asiya, həm də Qərb ölkələrindən, xüsusilə də ABŞ-dan və Avropa Birliyi ölkələrindən gəlir. Bu ölkələrin də maraqları özlərinə uyğun idarəetmə rejiminin olması və özlərinin istədiyi şəxslərin hakimiyyətdə olması ilə bağlıdır. Özbəkistanda isə nisbi sabitlikdir. Yeni prezidentdən sonra müəyyən yumşalmalar və türk dünyasına inteqrasiyaya üstünlük verilməsi kimi çox müsbət siyasət aparılır. Müəyyən qədər korrupsiya ilə mübarizə məsələsi də ortada olduğu üçün Özbəkistanda qarşıdurma yoxdur”.

N.Miri hesab edir ki, Belarus sərhəddində hansısa təhlükələrin olması ilə bağlı Lukaşenkonun açıqlaması anlaşılan deyil:

“Çünki Lukaşenko son zamanlar apardığı siyasətlə ortaya bir növ balans qoyur. Digər tərəfdən rusiyayönümlü siyasət aparmaqla müəyyən güzəştlər əldə edib. Xüsusilə də ölkəsinə ucuz enerji daşıyıcıları - qaz və neft alınmasını təmin edir. Belarus həm də Qərbə yaxınlaşma siyasəti həyata keçirməklə əslində, Qərbdən olan təzyiqlərdən qurtulmaq istəyir. Bunu Lukaşenkonun balans siyasəti kimi də dəyərləndirmək olar. Soğrudur, zaman-zaman postsovet ölkələrinin nüvəsi rolunu oynamağa çalışan Rusiyanın xüsusi xidmət orqanları İŞİD təhlükəsindən danışır. Bu istiqamətdə mübarizənin koordinasiyalı şəkildə bütün postsovet ölkələri tərəfindən birgə aparılmalı olduğunu bildirirlər. Ancaq belə bir təhlükənin hazırda Belarus sərhədlərində olduğunu iddia etmək çox çətindir. Belarus Şərqi Avropa ölkələri ilə həmsərhəddir. Bu baxımdan Polşa və digər sərhəd ölkələrindən millətçilərin Belarusa gəlib sabitliyi pozmaq təhlükəsi ola bilər ki, bu istiqamətdə isə konkret ciddi informasiyalar mövcud deyil. Ona görə də Lukaşenkonun bu cür açıqlaması başadüşülən deyil”.

Qərbin yeni rəngli inqilablara başlamaq məsələsinə gəlincə isə Natiq Miri bildirib ki, belə bir fövqəl-plan gündəmdə deyil:

“Adətən ABŞ bu cür məsələlərdə daha aktiv olur. Ancaq hazırda Birləşmiş Ştatların başı özünə qarışıb. ABŞ Prezidenti Donald Tramp üçün Konqresin Nümayəndələr Palatasında impiçment prosesi başladılıb. Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarından sonra Amerika “dərin dövləti” ona qarşı savaşa açıb. Onu hər tərəfdən sıxışdırmağa çalışırlar. Düşünürəm ki, ABŞ-ın hansısa rəngli inqilab layihəsini həyata keçirmək ehtimalı yüksək deyil. Bu gün postsovet ölkələrində rəngli inqilabların baş verməsi məsələsi ABŞ-ın geosiyasi maraqlarına da uyğun deyil. Rəngli inqilabların lideri hesab olunan milyarder Soros da bu məsələyə üstünlük vermir. Çünki Soros daha çox 2020-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır. Soros son açıqlamasında demokratların namizədi Varrini müdafiə edəcəyini bəyan edib. Düşünürəm ki, hələlik Soros kimi şəxslərin postsovet rəngli inqilab etmək marağında deyil. Postsovet məkanındakı ölkələrdə yaranan qarışıqlıqları bir səbəblə izah etmək mümkün deyil. Çünki hər ölkənin özünün spesifik səbəbi var”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR