Nəcməddin Sadıkovun Səudiyyə Ərəbistanına səfərinin pərdəarxası - TƏHLİL

9-04-2019, 22:12 431 dəfə baxılıb

Nəcməddin Sadıkovun Səudiyyə Ərəbistanına səfərinin pərdəarxası - TƏHLİL


Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, “Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin antiterror hərbi koalisiyası mərkəzində olub. N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib. General-polkovnik N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib. Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İki müsəlman ölkə arasında bir sıra sahələrdə əlaqələr uğurla davam edir. Ər-Riyad Ermənistanı təcavüzkar ölkə olaraq tanıyan paytaxtlar sırasındadır. Əlaqələrimizin hərbi müstəviyə keçməsi isə kifayət qədər maraqlı detaldır.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, N.Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə rəsmi səfər gedib: “Bu səfər təbii ki, iki dövlətin silahlı qüvvələri arasında gələcəkdə qarşılıqlı yardıma xidmət edə bilər. Cənab Nəcməddin Sadikovun keçirdiyi görüşlərdən də görünür ki, hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri ön palana çəkilib və bununla bağlı müqavilələr də imzalanıb. Məlumdur ki, Səudiyyə Ərəbistanının silahlı qüvvələri ABŞ və Böyük Britaniyanın hərbi-texniki dəstəyi ilə formalaşıb və əsas silah növləri də məhz Fransa da daxil olmaqla bu dövlətlərdən alıınıb. Uzun müddət burada britaniyalı təlimatçılar çalışıblar. Son vaxtlar Yəmənlə olan müharibəyə görə Səudiyyə Ərəbistanının İranla və bir sıra regional dövlətlərlə münasibəti gərginləşib. Eyni zamanda ABŞ, Rusiya və bir sıra dövlətlər Səudiyyə Ərəbistanına silah satmaq uğrunda rəqabət aparırlar. Yəni Səudiyyə Ərəbistanı bu gün Yaxın Şərqdə yaranmış bütün münaqişələrlə bağlıdır və əvvəlki illərdən fərqli olaraq hərbi sahəyə daha çox diqqət yetirir”.

A.Nağıyev əlavə etdi ki, bu baxımdan Səudiyyə Ərəbistanı Azərbaycanla da əlaqələr qurmaqda maraqlıdır: “Məhz son səfər də onların dəvəti ilə həyata keçirilib. Eyni zamanda qeyd etmək lazımdır ki, məhz Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələrə malik deyil”.

Politoloq Tofiq Abbasov isə N.Sadıkovun səfərini qəzetimizə şərh edərkən bunları söylədi: “Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı hərbi sahədə də əməkdaşlıq barədə razılıq əldə edilmişdi. Bakı ilə Ər-Riyad arasında hazırda dialoq inkişaf edir, krallıq hətta investisiya sahəsində də vədlər verib. Çox güman ki, Azərbaycan ordusunda gedən islahatlar da investisiya mövzusunu aktuallaşdırır. Əslində Səudiyyə Ərəbistanı da Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Ermənistanı qınayan ölkələr sırasındadır. Həm də İslam Əməkdaşlıq Təşkilatında da Ər-Riyad Bakının xeyrinə dəfələrlə dəstək bəyanatları səsləndirib. Bundan əlavə, hazırda Qarabağ bölgəsindəki vəziyyət həyəcan doğurur və bununla bağlı Azərbaycan mövcud kanallardan istifadə edir ki, birlik üzvlərini olanlar barədə məlumatlandırsın. Güman edirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş qərargah rəisinin Ər-Riyada səfəri həm də cari məsləhətləşmələrin keçirilməsinə hesablanıb”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı “Yeni Müsavat”a qısa açıqlaması zamanı dedi ki, səfər tanışlıq məqsədi daşıyır: “Həmçinin hərbi texniki, hərbi təhsil və hərbi əməkdaşlıq sahəsində saziş imzalanıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR